Yurd həsrətinin sonu: Şuşa və Xocavənd yenidən canlanır

Yurd həsrətinin sonu: Şuşa və Xocavənd yenidən canlanır

Bu ərazilərimiz Böyük Qayıdışın parlaq nümunələrinə çevrilərək gələcək nəsillər üçün təhlükəsiz və abad yaşam məkanı kimi formalaşır

Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına köç prosesini milli təhlükəsizliyinin insan resursları əsasında gücləndirilməsini təmin edən amil kimi diqqətdə saxlayır. Çünki milli təhlükəsizlik hərbi, müdafiə qabiliyyəti ilə yanaşı, demoqrafik artımın, iqtisadi inkişafın, sosial harmoniyanın və siyasi sabitliyin bərqərar olmasına yönəlmiş səylərə əsaslanır. Yüksək təhlükəsizlik səviyyəsini təmin etmək üçün insan resursları milli müdafiənin və ictimai asayişin son dərəcə vacib mənbəyi kimi çıxış edir. Bu yanaşma özünü Qarabağ və Şərqi Zəngəzurda aparılmış işlərdə də özünü bariz şəkildə göstərir. Azad edilmiş ərazilərdə planlı məskunlaşdırma dinamikası Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” əsasında uğurla icra olunur. Bunun nəticəsidir ki, işğaldan azad edilmiş ərazilərdə hazırda yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 90 mini ötüb.

Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən tədbirlər yalnız insanların öz doğma torpaqlarına qayıdışını deyil, həmin ərazilərdə müasir həyat standartlarına uyğun yaşayış mühitinin formalaşdırılmasını nəzərdə tutur. İşğaldan azad edilən ərazilərdə yeni şəhər və kəndlər salınır, yaşayış kompleksləri tikilir, müasir yol infrastrukturu yaradılır, enerji, su, rabitə, səhiyyə və təhsil sistemləri qurulur. Məqsəd vətəndaşların yalnız məskunlaşmasını deyil, onların uzunmüddətli rifahını və həyat keyfiyyətini təmin etməkdir. Bu məqsədlə yeni iş yerlərinin yaradılması, sahibkarlığın təşviqi, kənd təsərrüfatı və xidmət sektorunun inkişafı, peşə hazırlığı proqramlarının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu yanaşma insanların sosial təminatını gücləndirməklə yanaşı, regionların iqtisadi potensialının reallaşdırılmasına da xidmət edir.

Gələcəyə hesablanmış əsas hədəflərdən biri işğaldan azad edilmiş ərazilərin ölkənin ən müasir və inkişaf etmiş regionlarından birinə çevrilməsidir. Burada “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqi, rəqəmsal xidmətlərin genişləndirilməsi, yaşıl enerji layihələrinin inkişafı və innovativ iqtisadi modelin formalaşdırılması nəzərdə tutulur. Sözügedən yanaşma yeni nəsillərin daha yüksək həyat standartları şəraitində yaşamasına, keyfiyyətli təhsil və səhiyyə xidmətlərinə çıxış əldə etməsinə imkan yaradacaq. Eyni zamanda, dövlətin strateji məqsədlərindən biri də Qarabağı və Şərqi Zəngəzuru güclü iqtisadi, sosial və mədəni inkişaf mərkəzinə çevirməkdir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir. Cari ildə də həyata keçirilən davamlı köç karvanları nəticəsində yüzlərlə keçmiş məcburi köçkün öz dədə-baba torpaqlarına qovuşmuşdur. Bu mərhələdə Xocavənd rayonunun Quzeyxırman kəndinə 18 ailə (82 nəfər), Güneyxırman kəndinə isə 21 ailə (103 nəfər) və Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə 11 ailə (39 nəfər) köçürülüb. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Beləliklə, 17.08.2026-cı il tarixindəki köç də nəzərə alınmaqla ümumilikdə 1 şəhər, 10 rayonun 47 yaşayış məntəqəsində 9557 ailə (38612 nəfər) məskunlaşıb.

Ərazidə həyatın tam bərpası üçün paralel olaraq mühüm infrastruktur layihələri icra edilir: Şuşa və Xocavənd istiqamətində müasir magistral yollar, tunellər və körpülər istifadəyə verilmiş, ərazilərin dayanıqlı elektrik, su və qaz təchizatı tam həll edilmişdir. Hər iki rayonda yeni məktəblər, uşaq bağçaları, tibb ocaqları və inzibati binalar istifadəyə verilib. Tarixi abidələrin bərpası (məscidlər, muzeylər və qala divarları) xüsusi memarlıq üslubu saxlanılmaqla başa çatdırılmaqdadır. Ərazilərin minalardan təmizlənməsi sürətləndirilmiş, yeni məskunlaşan sakinlərin işlə təmin olunması üçün kənd təsərrüfatı, xidmət və turizm sektorlarında yeni iş yerləri yaradılmışdır. Şuşa, Hadrut, Laçın və Kəlbəcərdə yeni istifadəyə verilən otellər, qonaq evləri, iaşə obyektləri və ixtisaslaşmış mağazalarda yerli sakinlər işlə təmin olunur. Xocavənddə (xüsusilə Hadrut və Tuğ kəndində) aqroturizm və ekoturizm infrastrukturu formalaşdırılır. Həmçinin, “Şuşa” və “Hadrut” yarımstansiyaları istifadəyə verilib. Ərazidə su anbarları, sutemizləyici qurğular və magistral xətlər yenidən qurulur. Eləcə də hər iki rayonda yüksəksürətli fiber-optik internet və 4G/5G mobil rabitə şəbəkəsi qurulub.

Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması göstərir ki, Böyük Qayıdış yalnız insanların fiziki olaraq öz evlərinə dönməsi deyil, həm də regionun iqtisadi, mədəni və sosial baxımdan yenidən doğulmasıdır. Şuşa və Xocavənd bu böyük dirçəlişin ən parlaq nümunələrinə çevrilərək gələcək nəsillər üçün təhlükəsiz və abad yaşam məkanı kimi formalaşır.

Sevinc Azadi, “İki sahil”

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir