Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib. Onun saxlanma məntəqəsindən gətirilərək deportasiyaya edilməsinim videogörüntüləri də yayılıb.
ARANTV.AZ xəbər verir ki, Bəxtiyar Həsənov bir müddət saxlanıldığı xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzindən hava limanına aparılıb və avqustun 17-də Rusiya Federasiyasından deportasiya edilib.
Bəxtiyar Həsənov Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin rəhbəridir. O, bu vəzifəyə 2022-ci ildə seçilib və son illərdə Moskvadakı Azərbaycan icmasının fəaliyyətində, o cümlədən diaspor təşkilatlarının birləşdirilməsi istiqamətində təşəbbüslərdə iştirak edib.
Həsənovun Rusiya vətəndaşlığının ləğv edilməsi barədə məlumat 2025-ci ilin sentyabrında yayılmışdı. Həmin dövrdə onun Rusiya pasportunun etibarsız olduğu barədə məlumatlar ortaya çıxmışdı.
Bəxtiyar Həsənov Rusiya vətəndaşlığını 2000-ci illərdə almışdı. 2025-ci ilin sentyabrında onun Rusiya pasportunun geri alındığı bildirilmişdi.
2026-cı ilin iyununda isə Həsənov Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və miqrantların müvəqqəti saxlanma mərkəzinə yerləşdirilib. O, deportasiya edilənədək həmin mərkəzdə saxlanılıb.
