6 aya 15 qadın qətli – O sənədi imzalamaq ZAMANI

6 aya 15 qadın qətli – O sənədi imzalamaq ZAMANI

2026-cı ilin yanvar–iyun ayları ərzində qeydə alınmış cinayətlər nəticəsində 9925 nəfər zərərçəkənin 722 nəfəri və ya 7,3 faizi məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərdir. Bu barədə Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.

Rəsmi məlumata görə, həmin cinayətlər nəticəsində zərərçəkənlərin sayı əvvəlki ilin göstəricisinə nisbətən 3,7 faiz azalıb ki, onların da 84,2 faizini qadınlar, 1,1 faizini isə yetkinlik yaşına çatmayanlar təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2026-cı ilin birinci yarısında bu cinayətlər nəticəsində ölənlərin sayı 4,3 faiz azalaraq, 22 nəfər (onlardan 15-i qadınlar) olub.

Amma məişət zəminində qətllər hələ də var. Yarım ildə 15 qadının qətli heç də kiçik rəqəm sayılmaz. Bu, insan həyatıdır, bir ananın, qadının ömrünə son qoymaqdır.

Yada salaq ki, qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Konvensiya (İstanbul Konvensiyası) mövcuddur. Amma Azərbaycan ona qoşulmayıb. 2011-ci il mayın 11-də qəbul edilən İstanbul Konvensiyası Avropa Şurasının üzvü olan 34 dövlət tərəfindən ratifikasiya edilib. Digər 11 üzv dövlət bu Konvensiyanı imzalasa da, ratifikasiya etməyib. Avropa Şurasına üzv olan Azərbaycan və Rusiya konvensiyanı nə imzalayıb, nə də ratifikasiya ediblər.

Bununla belə, Azərbaycan 1995-ci ildən BMT-nin qadınlara qarşı bütün ayrı-seçkiliyin aradan qaldırılması komitəsinin üzvüdür. Bu konvensiyaya qoşulmaq üçün artıq gecdirmi? Qoşulması ilə nə dəyişə bilər?

Ceyhun Yusifovun fəaliyyəti dayandırılıb? - Vəkil təkzib edir, amma... -  Globalinfo.az

Tanınmış vəkil Ceyhun Yusifov Musavat.com-a deyib ki, bu gün dövlət qarşısında dayanan əsas məsələ qadını qətlə yetirildikdən sonra cəza vermək yox, cinayət törədilməzdən əvvəl qadını zorakılıqdan qorumaqdır: “Statistik rəqəmlərin arxasında insan taleləri dayanır və əsas məsələ sənəd imzalanmasından ziyadə, dövlətin preventiv (önləyici) mexanizmləri işə salmasıdır”.

Vəkilin sözlərinə görə, məişət zorakılığı proses olaraq addım-addım inkişaf edir: “Əvvəlcə təhqir və təhdid gəlir, daha sonra psixoloji nəzarət, fiziki zorakılıq, təkrar döymə və yarımçıq barışıqlar baş verir. Sonda isə bu zəncirvari proses kriminal xəbərlərin mövzusuna çevrilən ağır qətllə nəticələnir. Dövlətin və hüquq-mühafizə orqanlarının funksiyası yalnız qatili tapıb cəzalandırmaqla bitməməlidir. Əsas vəzifə təhlükəni vaxtında qiymətləndirib potensial qurbanı qorumaqdır”.

Məişət zorakılığı ilə mübarizədə İstanbul Konvensiyasının roluna toxunan Ceyhun Yusifov qeyd edib ki, bu sənəd möcüzəvi şəkildə cinayətləri bir günə sıfıra endirmir, lakin dövlət qarşısında dörd mühüm istiqamət müəyyənləşdirir: zorakılığın qarşısının alınması, qurbanların müdafiəsi, cinayətkarların təqibi və əlaqələndirilmiş dövlət siyasəti.

“Azərbaycan 1995-ci ildən BMT-nin CEDAW konvensiyasının tərəfidir və qadın hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq öhdəliklərə sahibdir. Lakin İstanbul Konvensiyasının əsas üstünlüyü GREVIO kimi müstəqil monitorinq mexanizminə malik olmasıdır. Bu mexanizm qanunun sadəcə kağız üzərində qalmasını deyil, praktikada necə işlədiyini, risklərin necə qiymətləndirildiyini yoxlayır,” – deyə vəkil vurğulayıb.

Ceyhun Yusifov hüquq-mühafizə və məhkəmə sistemində yanaşmanın köklü şəkildə dəyişməsinin vacibliyini qeyd edib: “Bir qadın polisə müraciət edib hədələndiyini bildirirsə, bu artıq sadə “ailə mübahisəsi” kimi qiymətləndirilməməlidir. “Ailədir, gedin barışın” yanaşması faciələrə yol açır. Model dəyişməlidir: təhdid müəyyən olunmalı, risk qiymətləndirilməli, qoruma orderi verilməli və zorakılıq edən şəxs ciddi nəzarətə götürülməlidir. Ailə dəyərlərini qorumaq adı altında zorakılığı gizlətmək olmaz, çünki bu mühitdə böyüyən uşaqlar da böyük psixoloji travma alırlar”.

Vəkil bildirib ki, beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, ölkə daxilində praktiki addımlar sürətləndirilməlidir. “Risk qiymətləndirmə mexanizmləri təkmilləşdirilməlidir. Polis və məhkəmə əməkdaşları üçün xüsusi təlimlər keçirilməlidir. Sığınacaqların sayı və əlçatanlığı artırılmalıdır. Qurbanlara pulsuz hüquqi və psixoloji yardım genişləndirilməlidir. Qoruyucu qərarların icrasına real nəzarət olunmalıdır. Dövlət qurumları arasında vahid koordinasiya və etibarlı baza formalaşdırılmalıdır.

15 qadının həyatını geri qaytarmaq mümkün olmasa da, preventiv sistemin qurulması ilə 16-cı qadının həyatını xilas etmək bizim əlimizdədir. Dövlətin həqiqi gücü qatilə verildiyi cəza ilə deyil, cinayətin törədilməsinə imkan verməyən mexanizmlə ölçülür,” – deyə Ceyhun Yusifov fikrini yekunlaşdırıb.

E.Məmmədəliyev,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir