Bir vaxtlar daha çox xüsusi məclislərdə və müəyyən məkanlarda rast gəlinən qəlyan son illər Azərbaycanda restoran və kafelərində yayğın hala gəlib. İndi bir çox məkanda menyuda yemək və içkilərlə yanaşı, müxtəlif çeşidli qəlyanlar da təklif olunur. Bəzi restoranlar isə müştəri cəlb etmək üçün qəlyanı xüsusi kampaniyalarla təqdim edir, hətta qadınlara pulsuz qəlyan təklif edən aksiyalar keçirirlər.
Restoran və kafelərdə valideynləri ilə eyni masada oturan gənclərin – qız və oğlanların qəlyan çəkməsi artıq təəccüblü mənzərə sayılmır.
Bəs qəlyanı bu qədər populyarlaşdıran nədir?
“Qəlyan qoyduq, müştəri sayı artdı”
Obyektlərdən birinin Musavat.com əməkdaşı ilə söhbət edən administratoru bildirib ki, kafe fəaliyyətə başladığı ilk vaxtlarda müştəri cəlb etməkdə çətinlik çəkib. Qəlyan xidmətinin tətbiqindən və onun reklamından sonra isə vəziyyət dəyişib. Onun sözlərinə görə, qəlyan tədim ediləndən sonra kafeyə gələnlərin sayı artmağa başlayıb.
Başqa bir kafedə bildirdilər ki, qəlyan olmadıqda müştəri sayı xeyli azalır. Deməli, qəlyan artıq bəzi iaşə obyektləri üçün sadəcə əlavə xidmət deyil, müştəri cəlbetmə vasitəsinə çevrilib.
Qəlyanın qiymətləri ilə maraqlananda satıcı müxtəlif variantların olduğunu dedi və menyunu göstərdi. Menyuda 20-25 manatlıq qəlyanlar da var, 40-45 manatlıq da, hətta daha bahalı qəlyan setləri də.
Qəlyan çəkənlərin yanında oturan, bu məhsuldan istifadə etməyən müştərilər də eyni tüstü və qoxuya məruz qalır.
Bu məqamla bağlı da administratora sual veririk: restoranda qəlyan çəkənlər üçün ayrıca masa və ya xüsusi bölmə nəzərdə tutulubmu?
Administrator bildirir ki, belə bir ayrılmış zona yoxdur: “Qəlyan həm açıq havada, həm də içəridə ümumi masalarda təqdim olunur”.
Yəni qəlyan sifariş edən müştəri ilə qəlyan çəkmək istəməyən, ailəsi və uşaqları ilə restorana gələn digər müştəri eyni məkanda oturur.
Bu isə qəlyan məsələsini təkcə ondan istifadə edən şəxsin sağlamlığı ilə bağlı problem kimi deyil, eyni zamanda digər müştərilərin də rahatlığı və tüstüyə məruz qalması baxımından gündəmə gətirir.
“Qadınlara qəlyan pulsuzdur” – yeni müştəri strategiyası
Qəlyanın populyarlaşdırılmasında reklam və kampaniyaların da xüsusi rolu var.
Sosial şəbəkələrdə və müxtəlif restoran-kafelərin səhifələrində “qadınlara qəlyan pulsuzdur”, “xüsusi qəlyan gecəsi”, “qəlyan setləri” kimi təkliflərə rast gəlmək mümkündür.
Yəni qəlyan artıq sadəcə tütün məhsulu kimi deyil, bir növ əyləncə, sosiallaşma və restoran mədəniyyətinin elementi kimi təqdim olunur.

Bu isə xüsusilə gənclər arasında qəlyanın qəbul formasını dəyişir.
Əvvəllər siqaret çəkmək sağlamlığa zərərli vərdiş kimi qiymətləndirilirdisə, qəlyan bir çox insanın gözündə daha “zövqlü”, “estetik” və hətta “zərərsiz” alternativ təsiri bağışlayır.
Məhz burada belə bir fikir formalaşır: “Qəlyan siqaret deyil, tüstü sudan keçir, ona görə də zərəri azdır”.
Amma həqiqətən belədirmi?
Restoran və kafelərdə qəlyanın əsas xüsusiyyətlərindən biri də onun kollektiv şəkildə istifadə edilməsidir. Bir qəlyan sifariş olunur, masadakı bir neçə nəfər növbə ilə, ancaq xüsusi müştüklə istifadə edir.
Qəlyanın populyarlığının başqa səbəbi isə onun təqdimat formasıdır. Müxtəlif meyvə dadları, ətirlər, xüsusi qəlyan setləri, dekorativ qəlyanlar və sosial şəbəkələr üçün hazırlanmış görüntülər bu məhsulu gənclər üçün daha cəlbedici göstərir.

Beləliklə, tütün istifadəsi bəzən sağlamlığa zərərli vərdiş kimi deyil, “əyləncə” və “istirahət” formasında təqdim olunur.
Ən təhlükəli məqam isə insanın zərəri hiss etmədən bu vərdişə alışmasıdır.
Çünki qəlyan çəkənlərin bir qismi özünü siqaret çəkən insan hesab etmir. Onlar bunu yalnız həftədə bir dəfə, dostlarla görüş zamanı və ya restoranda istirahət edərkən etdiklərini deyirlər.
Amma “arada bir” ifadəsi qəlyanın orqanizm üçün təhlükəsiz olduğu anlamına gəlirmi? Bəs qəlyan həqiqətən siqaretdən daha az zərərlidir?
Həkim-infeksionist Mərdan Əliyev Musavat.com-a açıqlamasında qəlyanın siqaretdən daha zərərsiz olması ilə bağlı fikrin doğru olmadığını bildirib.
“Qəlyan siqaretdən daha zərərsiz deyil. Əksinə, qəlyanın daha zərərli olduğunu deyə bilərik. Çünki qəlyanın tərkibində də siqaretdə olduğu kimi nikotin, dəm qazı və kanserogen maddələr var.
Hətta onların miqdarı siqaretdəki ilə müqayisədə daha çoxdur”, – deyə həkim vurğulayıb.
Mərdan Əliyev qəlyanın sudan və ya filtrdən keçməsi səbəbindən zərərli maddələrdən təmizləndiyi barədə fikrin də yanlış olduğunu bildirib:
“Qəlyanın sudan və ya filtrdən keçməsinə görə zərərsiz olduğunu və zərərli maddələrin orada təmizləndiyini düşünürlər. Lakin bu, yanlış təsəvvürdür. Nə su, nə də filtr tərkibindəki kanserogen maddələri, dəm qazını və nikotini azaltmır, təmizləməkdən isə ümumiyyətlə söhbət gedə bilməz. Dolayısı ilə, bu məsələ aldadıcıdır və qəlyan istifadəsi siqaretdən daha çox zərər vura bilər”.
Afaq Mirayiq,
Fotolar müəllifindir
Musavat.com

