Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarix, mədəni yaxınlıq, dil və mənəvi dəyərlərlə yanaşı, qarşılıqlı hörmət və etimada əsaslanır. Son illərdə bu münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyaraq strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib. Dövlət başçıları arasında formalaşmış səmimi münasibətlər və qarşılıqlı etimad iki ölkə arasındakı əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynayır.
Son beş ildə Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı səfərləri və intensiv siyasi təmasları ikitərəfli əlaqələrin inkişafına ciddi təkan verib. 2024-cü ilin avqustunda Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri, 2025-ci ilin iyulunda isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı imzalanmış mühüm sənədlər, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə və Müttəfiqlik münasibətləri haqqında Müqavilə iki ölkə arasında əməkdaşlığın hüquqi-siyasi əsaslarını daha da möhkəmləndirib.
2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura da Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında mühüm mexanizmə çevrilib. Şuranın Bakı və Daşkənddə keçirilən iclasları əməkdaşlığın prioritet istiqamətlərinin müəyyənləşdirilməsinə, yeni təşəbbüslərin irəli sürülməsinə və birgə fəaliyyətin əlaqələndirilməsinə imkan yaradıb. Bu gün siyasi dialoq iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və digər sahələrdə geniş əməkdaşlıqla tamamlanır.
İqtisadi-ticari əlaqələr də ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən biridir. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon ABŞ dollarına çatıb. 2026-cı ilin yanvar-may aylarında isə ticarət dövriyyəsində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33 faizlik artım qeydə alınıb və göstərici 144 milyon dollar təşkil edib.
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti də qarşılıqlı investisiya əlaqələrinin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Üç il əvvəl 500 milyon ABŞ dolları ümumi kapitalla yaradılan şirkət hər iki ölkənin müxtəlif iqtisadi sektorlarında perspektivli layihələrin maliyyələşdirilməsi və həyata keçirilməsinə dəstək verir. Hökumətlərarası Komissiyanın fəaliyyəti də iqtisadi, ticari və investisiya əməkdaşlığının inkişafına xidmət edir; indiyədək komissiyanın 15 iclası keçirilib.
Energetika sahəsində də birgə layihələr həyata keçirilir. Özbəkistanın OZLITINEFTGAZ institutu ilə SOCAR NIPI Nefteqaz əsasında yaradılmış “Neftegaztexnologiya” birgə müəssisəsi 2016-cı ildən fəaliyyət göstərir. Bundan başqa, SOCAR və “Özbəknefteqaz” arasında yaradılmış “Turan Energy AFEZCO” vasitəsilə Azərbaycanda istehsal olunan yüksək təzyiqli polietilenin Özbəkistana ixracı həyata keçirilir.
Yaşıl enerji istiqamətində əməkdaşlıq da yeni imkanlar yaradır. Azərbaycan, Qazaxıstan və Özbəkistanın energetika qurumları tərəfindən 2025-ci ildə yaradılmış “Yaşıl Dəhliz Birliyi” Azərbaycanın Mərkəzi Asiya ilə yaşıl enerji əməkdaşlığının genişləndirilməsi, bərpaolunan enerjinin ixracı və nəqli ilə bağlı layihələrin əlaqələndirilməsinə xidmət edir.
Nəqliyyat və tranzit sahəsində də müsbət dinamika müşahidə olunur. 2025-ci ildə iki ölkə arasında tranzit daşımalarının həcmi 6,7 faiz artaraq 1,4 milyon tona çatıb. 2026-cı ilin yanvar-iyun aylarında isə artım 12,2 faiz təşkil edib və daşınan yüklərin həcmi 675 min tona yüksəlib. Füzuli rayonunda 100 hektarlıq “Dostluq bağı” adlı nar bağının salınması, həmçinin “Chevrolet” və “Isuzu” avtomobillərinin istehsalı sahəsində əməkdaşlıq iqtisadi tərəfdaşlığın praktiki nəticələrindəndir.
Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatının Azərbaycanda fəaliyyət göstərməsi də qarşılıqlı iqtisadi marağın göstəricisidir. Eyni zamanda, Azərbaycan şirkətləri Özbəkistanda müxtəlif investisiya layihələrində iştirak edir. Daşkənddə “The Ritz-Carlton” brendi ilə hotel və yaşayış kompleksinin, eləcə də “Sea Breeze Uzbekistan” turizm və yaşayış kompleksinin yaradılması bu əməkdaşlığın nümunələrindəndir.
Azərbaycan və Özbəkistan arasında mədəni-humanitar əməkdaşlıq ortaq tarix və mənəvi dəyərlər üzərində inkişaf edir. Mədəniyyət günləri, incəsənət festivalları, elmi tədbirlər, ədəbi nəşrlər və təhsil proqramları xalqlar arasında qarşılıqlı anlaşma və dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.
2023 və 2025-ci illərdə Azərbaycan Özbəkistan Mədəniyyəti Günlərinə, 2024-cü ildə isə Özbəkistan Azərbaycan Mədəniyyəti Günlərinə ev sahibliyi edib. Həmin il Xivədə “Şuşa Günləri”nin keçirilməsi də iki ölkənin mədəni əlaqələrinin daha bir nümunəsi olub. Bundan başqa, Özbəkistan nümayəndə heyəti Bakıda Türk Dünyası Həftəsi çərçivəsində keçirilən tədbirlərdə iştirak edib.
Təhsil sahəsində də əməkdaşlıq genişlənir. 2025-2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşı Azərbaycanda, Azərbaycanın isə 176 vətəndaşı Özbəkistanda təhsil alıb. Füzulidə Özbəkistanın təşəbbüsü ilə inşa edilmiş Mirzə Uluqbəy adına orta məktəb iki ölkə arasındakı dostluq və qardaşlığın mühüm rəmzlərindən biridir.
Azərbaycan və Özbəkistan arasında media və vətəndaş cəmiyyəti sahəsində də əlaqələr genişlənməkdədir. 2024-cü ildə Daşkənddə, 2025-ci ildə isə Bakıda Azərbaycan-Özbəkistan media forumlarının keçirilməsi qarşılıqlı informasiya əməkdaşlığının inkişafına şərait yaradıb. QHT forumlarının nəticəsi olaraq 2026-cı ildə iki ölkənin QHT-ləri üçün ilk birgə qrant müsabiqəsi elan olunub.
Turizm sahəsində də müsbət göstəricilər mövcuddur. Özbəkistandan Azərbaycana gələn turistlərin sayı 2024-cü ildə 46 min, 2025-ci ildə 62 min, 2026-cı ilin yanvar-avqust aylarında isə 44 min nəfər olub. Regionlararası əməkdaşlıq çərçivəsində Bakı-Daşkənd, İsmayıllı-Riştan, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokənd, Biləsuvar-Termez, Mingəçevir-Namanqan, Füzuli-Gülüstan, Quba-Cizak və Beyləqan-Şəhrisəbz arasında qardaşlaşma və tərəfdaşlıq əlaqələri yaradılıb.
Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı da xüsusi əhəmiyyət daşıyır. İki ölkə TDT-ni yalnız dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərin gələcək nəsillərə çatdırılmasına xidmət edən mühüm birlik kimi qiymətləndirir.
Təşkilat çərçivəsində siyasi dialoqun, iqtisadi əlaqələrin, nəqliyyat və logistika imkanlarının, eləcə də təhsil, elm və mədəni-humanitar əməkdaşlığın inkişaf etdirilməsi türk dövlətləri arasında əlaqələrin daha da dərinləşməsinə şərait yaradır.
Azərbaycan və Özbəkistanın ortaq türk irsinin qorunması və təbliği istiqamətində fəaliyyəti də diqqətəlayiqdir. Özbəkistanın 2025-ci ilin mayında Türk Mədəniyyəti və İrsi Fondunun tamhüquqlu üzvü olması Türk dünyasının ümumi mədəni irsinin qorunması sahəsində əməkdaşlıq imkanlarını genişləndirib.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətləri son illərdə müttəfiqlik, strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında inkişaf edir. Tarixi və mədəni yaxınlıq, ortaq mənəvi dəyərlər və qarşılıqlı maraqlar bu əlaqələrin möhkəm əsasını təşkil edir.
Azərbaycan siyasi dialoqun genişləndirilməsinə, iqtisadi əlaqələrin inkişafına, nəqliyyat-kommunikasiya imkanlarının artırılmasına, enerji və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi əhəmiyyət verir. Bu baxımdan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri regional əməkdaşlığın inkişafı üçün mühüm platformalardan biridir.
2025-ci ilin noyabrında Daşkənddə keçirilən 7-ci Məşvərət Görüşündə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə bağlı qərarın qəbul edilməsi Azərbaycanın regionla əlaqələrinin inkişafında mühüm mərhələ olub. Azərbaycanın bu prosesə qoşulması ilə əvvəllər “C5” kimi tanınan əməkdaşlıq formatı faktiki olaraq “C6” formatına çevrilib və regional əməkdaşlıq yeni məzmun qazanıb.
Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin genişlənməsi yalnız ikitərəfli əlaqələrin deyil, daha geniş regionlararası əməkdaşlığın inkişafına da xidmət edir. Bu əməkdaşlıq qarşılıqlı etimad, hörmət və ortaq maraqlar əsasında qurularaq Avrasiya məkanında sabitlik, inkişaf və iqtisadi əlaqələrin gücləndirilməsi üçün yeni imkanlar yaradır.
Azərbaycan və Özbəkistanın coğrafi mövqeyi onları Şərqlə Qərbi birləşdirən nəqliyyat marşrutlarında təbii tərəfdaşlara çevirir. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada yerləşməsi nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi üçün mühüm üstünlüklər yaradır.
Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası region üçün yeni tranzit və iqtisadi imkanların yaranmasına şərait yarada bilər. Bu istiqamətdə əməkdaşlığın inkişafı Azərbaycan və Özbəkistanın regional nəqliyyat əlaqələrində rolunu daha da artırmaq potensialına malikdir.
Azərbaycan və Özbəkistan arasında münasibətlər bu gün siyasi, iqtisadi, investisiya, enerji, nəqliyyat, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələri əhatə edən çoxşaxəli əməkdaşlıq sistemi ilə xarakterizə olunur. Qarşılıqlı səfərlər, imzalanmış dövlətlərarası sənədlər, yaradılmış institusional mexanizmlər və həyata keçirilən birgə layihələr iki ölkə arasındakı münasibətlərin davamlı inkişafı üçün möhkəm baza formalaşdırıb.
Azərbaycan-Özbəkistan əlaqələrinin əsasını xalqlarımızın tarixi və mədəni yaxınlığı, qarşılıqlı hörmət və etimad təşkil edir. Mövcud əməkdaşlıq mexanizmlərinin genişləndirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi iki ölkənin iqtisadi və humanitar potensialından daha səmərəli istifadə edilməsinə, xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.
Bu baxımdan Azərbaycan və Özbəkistan arasında formalaşmış müttəfiqlik münasibətləri yalnız mövcud əlaqələrin nəticəsi deyil, eyni zamanda gələcək əməkdaşlığın daha geniş istiqamətlər üzrə inkişaf etdirilməsi üçün mühüm siyasi və iqtisadi əsasdır.

