Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin dəstəyi ilə Kəlbəcər rayonunda ilk dəfə əmək yarmarkası keçirilib.
ARANTV.AZ xəbər verir ki, Kəlbəcər şəhərinin Mərkəzi meydanında təşkil olunan yarmarkada dövlət və özəl sektoru təmsil edən 16 müəssisə iştirak edib, işaxtaranlara müxtəlif peşə və ixtisas istiqamətləri üzrə 90-dan çox vakansiya təqdim olunub.
Yarmarkada Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti də iştirak edərək qurum üzrə aktiv vakansiyaları işaxtaranlara təqdim edib. Tədbir işaxtaranlarla işəgötürənlər arasında birbaşa əlaqənin qurulmasına, rayon sakinlərinin məşğulluq imkanlarının genişləndirilməsinə və Kəlbəcərdə formalaşan yeni iş imkanlarının ictimaiyyətə təqdim edilməsinə şərait yaradıb.

