“Məktəblərdə 12 illik təhsilə keçid nəzərdə tutulmur. Hazırda 11+4 modelindən danışırıq. Amma universitetlərdə bəzi ixtisaslarda 4 illik bakalavr təhsilinin 3 ilə endirilməsi mümkündür”.
ARANTV.AZ xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, bakalavr təhsilinin müddəti ixtisasın xüsusiyyətindən asılı olaraq müəyyənləşdirilə bilər. Onun sözlərinə görə, bəzi sahələrdə, məsələn, turizmdə 3 illik təhsil kifayət edə bilər, lakin mühəndislik və tibb kimi ixtisaslarda daha uzun müddət tələb olunur.
E.Əmrullayev vurğulayıb ki, bu məsələ sahə mütəxəssisləri və işəgötürənlərin rəyi əsasında müəyyənləşdirilməlidir.

