Azərbaycan 2026-cı ilin ilk yeddi ayında 95,9 min ton pambıq lifi ixrac edib. İxracın həcmi ötən ilin eyni dövründəki 72,7 min tonla müqayisədə 31,9% artıb. İxracın dəyəri illik müqayisədə 26,2% artaraq 108,1 milyon dollardan 136,4 milyon dollara yüksəlib.
Həcm dəyərdən daha sürətli artdığı üçün pambıq lifinin orta ixrac qiyməti 4,3% azalaraq bir ton üçün təxminən 1 422 dollara düşüb. 2025-ci ilin ilk yeddi ayında orta qiymət 1 486 dollar idi. Əsas ixrac bazarı Türkiyə olaraq qalıb. Bu ölkəyə 91,9 min ton pambıq lifi ixrac edilib ki, bu da illik müqayisədə 31,6% çoxdur. Türkiyəyə satışların dəyəri 27,6% artaraq 131 milyon dollara çatıb. Türkiyənin ümumi ixrac həcmində payı 95,7% təşkil edib. İrana ixrac 4,4 dəfə artaraq 3,95 min tona, dəyəri isə 3,8 dəfə artaraq 5,25 milyon dollara yüksəlib. Rusiyaya ixrac 126 ton, ixracın dəyəri isə 174 min dollar olub.
Bəs ixrac həcminin bu qədər artmasına hansı amillər təsir edib? Pambıq lifinin qiymətindəki ucuzlaşma dünya bazarındakı tendensiya ilə bağlıdır, yoxsa Azərbaycan məhsuluna tələbatın dəyişməsi ilə? İxracın 95,7 faizinin Türkiyənin payına düşməsi Azərbaycan pambığının bazarlarının şaxələndirilməsi baxımından risk yaradırmı?

İqtisadçı Xalid Kərimli Müsavat.com-a açıqlamasında suallara aydınlıq gətirib:
“Qiymət aşağı düşüb, həcm artıb. Həm pambıq lifində, həm də pambıq ipliyində. Qiymət 3-4 faiz azalıb, amma satış həcmi artıb. Bunun səbəbi nədir? Ədəbiyyatda pambıqda “ağ qızıl” deyirlər, “qara qızıl”, “ağ qızıl” – belə poetik adlar qoyublar. Pambığın qiyməti dünya bazarında formalaşır. Pambıq əmtəədir. Necə ki, məsələn, buğda qiymətlərindən, dünya əmtəə birjalarından danışırıq, mis və qızıldan danışanda deyirik ki, onların dəyəri dünya əmtəə birjalarında müəyyənləşir, pambıq da onlardan biridir.
Azərbaycan pambığının qiyməti də elədir. Həmçinin, Azərbaycan neftinin qiyməti dünyada müəyyənləşir. Bizim neftimiz keyfiyyətinə görə bir qədər “Brent” neftindən bahadır. Amma dünya bazarında “Azərbaycan nefti” anlayışı yoxdur, Azərbaycan nefti ayrıca kotirovka olunmur. “Brent” nefti var, bir də Qərbi Texas nefti var, onların arasında müəyyən qiymət fərqləri mövcuddur. Bizim neftin qiyməti də həmişə “Brent” neftinə görə bir qədər yuxarı təyin olunur – 1-2 dollar. Haşiyəyə çıxsaq da, pambığın qiymətinin azalması məsələsi Azərbaycan pambığı ilə bağlı məsələ deyil. Qiymətin azalması dünya birjaları ilə bağlıdır. Yəni, ümumilikdə dünyada pambığa olan tələb və bazara çıxarılan məhsul bu çərçivədə formalaşır. Bizim burada qiymət artanda da rolumuz yoxdur, azalanda da”.
İqtisadçının sözlərinə görə, ixracın artmasının əsas səbəbi odur ki, qiymət əksinə, əleyhimizə işləyib, amma fiziki həcm artıb: “Yəni daha çox məhsul yığıblar. Görünür, məhsuldarlıq artıb və yaxud əvvəlki illərdən anbar qalıqları keçib. Yəni, bu sahəyə qoyulmuş investisiyaların nəticəsidir, özünü doğruldur və bu sahədə ixrac artır. Bu, tamamilə neftdən, qazdan fərqli sahədir. Xüsusən pambıq ipliyinin ixracının artması daha yaxşıdır. Çünki dəyər zənciri daha çox ölkə daxilində formalaşmış olur.
Bəs niyə ixracın 96 faizi Türkiyəyədir? Ona görə ki, Türkiyədə tekstil sənayesi inkişaf edib. Üstəlik, Türkiyə daha yaxındır, qonşudur. İxrac logistikasının xərci çox deyil. Bir var ki, məsələn, İtaliyaya, Fransaya ixrac edək, daha uzun logistika xərci tələb edir. Onlar qonşu dövlətlərdən almağa daha çox üstünlük verirlər. Türkiyə isə bizim yaxınımızdadır, daha ucuz göndərə bilirik. Amma bu, həddən artıq risk göstəricisidir. Yəni, bizim pomidorumuzun 80-90 faizinin alıcısı Rusiyadır, başımız zaman-zaman ağrıyır. Mən indi Türkiyə ilə Rusiyanı eyniləşdirməzdim. Amma bir nüans nədir? Bir bazardan bu qədər asılılıq ciddi riskdir. Ümumiyyətlə, coğrafi diversifikasiya vacibdir. Amma burada məqam ondan ibarətdir ki, tutaq ki, Mərkəzi Asiyaya biz pambıq sata bilməyəcəyik. Çünki Özbəkistan elə pambığı ilə məşhurdur. Məsələ ondan ibarətdir ki, pambığı hansı ölkələr daha çox almalıdır? Tekstil sənayesi daha yaxşı inkişaf etmiş ölkələr. Bu məqamlar var. Türkiyənin təbii üstünlüyü mövcuddur. Amma dediyim kimi, Türkiyədə tekstil sənayesində zəifləmə, daxili iqtisadi vəziyyət, ölkə lirəsindəki dəyişiklik, ümumiyyətlə, idxal siyasətini gözlənilmədən sərtləşdirmələri mümkündür. Ruslar nə cür edirlərsə, türklər də bunu çox rahat şəkildə edə bilərlər.
Bu, Azərbaycan ixracatçılarına ciddi risk yarada bilər və bunu da biz, ümumiyyətlə, ixracatçılar – hansı ki, bunlar balaca oyunçular deyillər, düzdür, SOCAR kimi də böyük deyillər, amma eyni zamanda MKT-lərdir, çox böyük şirkətlərdir – idarə edə bilmək qabiliyyətində olmalıdırlar. Dediyim kimi, belə risk var. Amma Türkiyədə bunun cəmlənməsinin özünün də böyük üstünlüyü var. Çünki Türkiyə yaxındır, qonşudur, həm də indi kommunikasiya daha yaxşıdır. Amma əlavə bazarlara da çıxmalıdırlar. Şərqə də ixrac imkanları davamlı diqqət mərkəzimizdə olmalıdır. Xüsusən də bu, Orta Dəhliz açılandan sonra ortaya çıxan ixrac imkanlarıdır, genişlənir. Bu baxımdan digər bazarlara, elə yaxın ətrafda da, bir az uzaq ətrafda da baxmalıyıq ki, riski idarə edək. Orta Dəhliz, dəmir yolu xətləri inkişaf etdikcə digər ölkələrə də ixrac daha sərfəli ola bilər”.
Afaq Mirayiq,
Musavat.com

