Son illər Azərbaycanda ət idxalının artması ilə yanaşı, daxili bazarda ət və ət məhsullarının qiymətlərində də yüksəliş müşahidə olunur. Əhalinin gündəlik tələbatında mühüm yer tutan ətin xaricdən gətirilməsinin artması isə ölkədə daxili istehsalın tələbatı nə dərəcədə qarşıladığı məsələsini gündəmə gətirir.
Rəsmi məlumatlara görə, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycana 32 min 644,5 ton ət idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz çoxdur. İdxal olunan ətin ümumi dəyəri də 21 faiz artaraq 76 milyon 547,9 min dollara çatıb. Eyni zamanda, ətin Azərbaycanın ümumi idxalındakı xüsusi çəkisi 0,42 faizdən 0,67 faizə yüksəlib.

Bəs ət idxalının artmasının əsas səbəbi nədir? Daxili istehsal əhalinin tələbatını tam qarşılaya bilmir, yoxsa idxalın artımına digər amillər təsir edir? Ət idxalındakı bu artım qiymətlərə necə təsir göstərir?
İqtisadçı Xalid Kərimli ölkədə ət idxalının artması və qiymət dəyişiklikləri ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, ət idxalının artmasının əsas səbəbi yerli bazarda qiymətlərin yüksəlməsidir: “Bu qiymət artımı xaricdən ət gətirən idxalçılara məhsulu ölkə daxilində mənfəətlə satmaq imkanı yaradıb. Ölkə daxilində ətin bahalaşması isə həm əhalinin tələbatının artması, həm də son 10 ildə saxlanılan heyvanların sayındakı azalma ilə bağlıdır. Belə ki, bu dövr ərzində xırdabuynuzlu heyvanların sayında təxminən 25 faiz, iribuynuzlu heyvanlarda isə 10 faizə qədər azalma qeydə alınıb. Təklifin aşağı düşməsi və heyvandarlıq sahəsində baxım, yetişdirmə xərclərinin artması qiymətləri yüksəldib. Nəticədə xərclər baxımından daha rəqabətqabiliyyətli olan ölkələrdən ət idxalı genişlənib. Xırdabuynuzlu dondurulmuş heyvan ətləri əsasən Monqolustandan, diri qoyun və keçi Gürcüstan və Rusiyadan gətirilir. Dondurulmuş mal əti Ukrayna, Rusiya və Braziliyadan, diri iribuynuzlu heyvanlar isə Gürcüstan, Rusiya və Qazaxıstandan idxal olunur”.

Ekspert bildirib ki, idxal olmasaydı və ya zəifləsəydi, yerli bazarda qiymətlər indiki həddən ən azı 50-60 faiz daha baha ola bilərdi. Bütövlükdə idxalın yüksəlməsi qiymətlərin həddən artıq sıçrayışının qarşısını alır. İdxalın yerli heyvandarlığa mənfi təsir etməsi barədə fikirlərlə razılaşmayan Xalid Kərimli vurğulayıb ki, yerli əhalinin damaq dadı və vərdişləri təzə, yerli kəsilmiş ətə daha çox üstünlük verir: “Qiymət baha olsa da, rayonlarda yetişdirilmiş heyvan ətinə tələbat yüksək olaraq qalır. Əksinə, qiymətlərin yüksəlməsi və realizasiya probleminin olmaması bu sahədə mənfəət marjasını artırır. Bu da yerli sahibkarların heyvandarlığın inkişafına daha çox diqqət yetirməsinə və sahəyə yeni imkanların cəlb olunmasına şərait yaradır”.
Afaq Mirayiq,
Musavat.com

