SSRİ-nin bərpası iddiaları bitmir – Zəif “bənd” ölkələrin ADLARI

SSRİ-nin bərpası iddiaları bitmir – Zəif “bənd” ölkələrin ADLARI

“Rusiya prezidenti Vladimir Putin hələ də Sovet İttifaqını bərpa etməyə çalışır”.

Bunu ABŞ Mərkəzi Kəşfiyyat idarəsinin (CIA) keçmiş direktoru Devid Petreus deyib.

Onun ehtimalına görə, Moskvanın növbəti hədəfi Litva yox, çox güman ki, Moldova olacaq. “Çünki o, bu baxımdan xeyli zəifdir. Avropa ölkələri də buna hazır deyil. Onların heç biri müharibə, müdafiə və təhlükəsizlik konsepsiyalarında zəruri inqilabi dəyişiklikləri həyata keçirməyib”, – Petreus qeyd edib.

Bildirək ki, bir neçə ay sonra SSRİ-nin dağılmasının 35 ili tamam olacaq. İstənilən halda keçmiş kəşfiyyatçının xəbərdarlığı nə dərəcədə ciddiyə alınmalıdır? Bu bir informasiya savaşının tərkib hissəsi, nəbz yoxlanışıdır, yoxsa? Moldova ilə yanaşı, daha hansı postsovet ölkəsi “zəif bənd” qismindədir? Ermənistan da bu sıraya aiddirmi?

Qabil Hüseynli səhhətindən danışdı: “Yoldaşım müalicə edir” | Modern.az

Mövzu ilə bağlı politoloq, professor Qabil Hüseynli Musavat.com-a açıqlamasında bildirib ki, Rusiyada sosializm quruluşunun yenidən bərpa edilə biləcəyi ilə bağlı fikirlər real siyasi və ictimai proseslərə söykənmir: “Şəxsən mən bu cür fikirləri ciddi siyasi konsepsiyadan daha çox, populist və reallıqdan uzaq yanaşma hesab edirəm. Petreusun məhz Moldovanı mümkün növbəti hədəf kimi göstərməsi təsadüfi deyil. Moldova NATO üzvü deyil və ölkənin Dnestryanı bölgəsində uzun illərdir Rusiya hərbi mövcudluğu ilə bağlı problem mövcuddur. Keçmiş CIA rəhbəri də Moldovanın Baltikyanı ölkələrlə müqayisədə daha həssas olduğunu vurğulayıb. Amma məsələni yalnız bir ölkənin “zəifliyi” üzərindən qiymətləndirmək doğru deyil.

Sosializm dövrü artıq tarixdə qalıb və bu ictimai-siyasi sistem özünü doğrultmadığı üçün bir sıra ölkələr ondan imtina edib. Azərbaycan da daxil olmaqla postsovet məkanında baş verən dəyişikliklər bunun əyani göstəricisidir. Sosializm yalnız iqtisadi model deyil, eyni zamanda, xüsusi mülkiyyətin məhdudlaşdırılması və ya inkar edilməsi, ictimai mülkiyyətin üstün mövqeyə gətirilməsi və iqtisadiyyatın dövlət tərəfindən geniş şəkildə idarə olunması üzərində qurulan ictimai-siyasi sistem idi. Bu model Sovet İttifaqının dağılması ilə tarixi mərhələni başa vurdu. İndi həmin sistemi eyni formada yenidən bərpa etmək nə Rusiyanın, nə də başqa bir ölkənin qarşısında real siyasi perspektiv kimi görünür.

Putinin hakimiyyəti dövründə Rusiyanın qarşısında duran əsas məsələlərdən biri sosializm qurmaq deyil. Əksinə, Rusiyanın xarici siyasətində imperiya keçmişinə, geosiyasi nüfuz dairələrinin genişləndirilməsinə və postsovet məkanında təsir imkanlarının qorunmasına yönəlmiş yanaşmaların üstünlük təşkil etdiyini görürük. Ona görə də imperiya ambisiyalarını sosializm ideyaları ilə əsaslandırmaq cəhdi inandırıcı görünmür.

74 yaşlı Putin nəzəriyyəçi və klassik mənada sosializm ideologiyasının təbliğatçısı deyil. Onun siyasi fəaliyyətinə nəzər saldıqda əsas xəttin Rusiyanın dövlət gücünün və geosiyasi təsir imkanlarının artırılması olduğu görünür. Buna görə də sosializm şüarlarının arxasında hansı siyasi məqsədlərin dayandığına diqqət yetirmək lazımdır. Mən hesab edirəm ki, burada əsas məsələ sosialist cəmiyyətinin qurulmasından daha çox, Rusiyanın keçmiş imperiya coğrafiyasında nüfuzunun bərpası və genişləndirilməsi cəhdləridir.

Digər tərəfdən, müasir dünyada sosial ədalət, sosial təminat və əhalinin rifahının qorunması kimi prinsiplər yalnız sosializm ideologiyasına məxsus deyil. Skandinaviya ölkələrinin təcrübəsi bunu açıq şəkildə göstərir. Bu ölkələr bazar iqtisadiyyatı və özəl mülkiyyət prinsiplərini qorumaqla yanaşı, güclü sosial dövlət modeli formalaşdırıblar. Burada insanların sosial müdafiəsi, səhiyyə, təhsil, əmək hüquqları və gəlirlərin daha ədalətli bölüşdürülməsi kimi məsələlər dövlət siyasətinin mühüm istiqamətləridir. Yəni, müasir dövrdə sosial ədalətə nail olmaq üçün mütləq şəkildə klassik sosializm modelinə qayıtmağa ehtiyac yoxdur. Bazar iqtisadiyyatı ilə sosial dövlət prinsiplərinin uzlaşdırılması mümkündür və bir sıra inkişaf etmiş ölkələr məhz bu modeli tətbiq edir”.

“Ermənistan da zəif bənddirmi”sualına cavab olaraq Qabil Hüseynli bildirib ki, Ermənistanın son illərdə xarici siyasətində Rusiya ilə münasibətlərini yenidən nəzərdən keçirməsi, Qərblə əlaqələrini genişləndirməyə çalışması və regionda yeni təhlükəsizlik mexanizmləri axtarması Moskva ilə İrəvan arasındakı münasibətləri əvvəlki mərhələdən fərqləndirir: “Lakin bu prosesin gələcək istiqaməti ilə bağlı qəti nəticə çıxarmaq üçün konkret siyasi qərarları və hadisələrin inkişafını izləmək lazımdır.

Ümumilikdə sosial-iqtisadi sistem hərbi müdaxilə yolu ilə qurulmur. Cəmiyyətin inkişafı üçün institutlar, iqtisadi imkanlar, hüquqi dövlət və insanların seçimlərinə hörmət əsas götürülməlidir. Azərbaycan və digər postsovet ölkələri artıq sosializm sistemindən imtina edərək fərqli inkişaf modeli seçiblər. Bu ölkələrin xalqları sovet idarəçilik sisteminin nəticələrini uzun illər yaşayıb və həmin tarixi təcrübənin yaratdığı nəticələri də yaxşı xatırlayırlar. Ona görə də heç bir xalqın zor tətbiqi yolu ilə yenidən hansısa imperiya və ya ideoloji sistemin tərkibinə qaytarılması mümkün deyil”.

Xalidə Gəray,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir