AQTA-nın mürəbbə və turşu qərarı MÜZAKİRƏ açdı – İki rəy

AQTA-nın mürəbbə və turşu qərarı MÜZAKİRƏ açdı – İki rəy

Azərbaycanda ev şəraitində hazırlanan qida məhsullarının bazara çıxarılması ilə bağlı yeni tələblərin tətbiqi nəzərdə tutulur. AQTA-nın açıqlamasına görə, ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan məhsulların dairəsi dəqiqləşdiriləcək, onların hazırlanması, saxlanılması, daşınması və istehlakçıya təqdim olunması ilə bağlı müvafiq tələblər müəyyənləşdiriləcək. Sertifikat tələbinə əməl etməyənlərin isə cərimələnməsi nəzərdə tutulur.

Natiq Cəfərli: “Xəzərin o tayı bizə Avropa kimi baxır” Pravda.az

İqtisadçı Natiq Cəfərli isə bu yanaşmanı sərt şəkildə tənqid edib. O hesab edir ki, iqtisadi sahələrə nəzarət edən bəzi dövlət qurumları öz fəaliyyətlərinin əsas mahiyyətini və vətəndaşa xidmət prinsipini düzgün qiymətləndirmirlər.

İqtisadçının fikrincə, evdə hazırlanmış mürəbbə, turşu və digər məhsulların satışına əlavə sertifikat və tələblərin tətbiqi nəticədə həm istehsalçının xərclərini artıra, həm də bu məhsulların qiymətinin yüksəlməsinə səbəb ola bilər.

İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov isə Musavat.com-a deyib ki, avqustda Gəncədə evdə şirniyyat hazırlayan qadınların böyük bir yığıncağı keçirilib: “Onların peşəkar qənnadçılar, qənnadçıların təkmilləşdirmə kursu deyilən bir layihələri var. Çox maraqlı idi ki, qənnadı işi ilə məşğul olan bir müəssisə öz rəqiblərini bir yerə toplayıb. Evdə şirniyyat hazırlayan, xüsusən qadınlar həmin tədbirə dəvət olunmuşdular. Mənim də orada çıxışım oldu, sərgilər keçirildi. Çox sayda evdə qənnadı hazırlayan, heç bir VÖEN-i olmayan, yalnız internet üzərindən, qonşular və digər insanlar vasitəsilə öz qənnadı məhsullarını satan şəxslər toplaşmışdı. Vurğuladım ki, bu insanlar “partizan həyatı” keçirirlər. Yaxşı ki, onlar bir yerə toplaşıblar, bunları leqallaşdırmaq lazımdır. Bax, həmin dövlət proqramında da məhz bu cür insanların leqallaşdırılması önə çəkilir. Həmin insanların leqallaşdırılması məsələsi vacibdir. Çünki onların hazırladığı şirniyyatlardan insanlar zəhərlənə bilər, müxtəlif hadisələr baş verə bilər, məhsullar keyfiyyətsiz ola bilər və s.”

Eyyub Hüseynov AQTA-nı tənqid etdi: “Qab yuyulan yerlərdə kirli arvadlar  oturub, yağın içində…” Pravda.az

Ekspert düşünür ki, Qida Təhlükəsizliyi Agentliyinin apardığı iş zəruridir. Ekspert əlavə edib ki, bu məsələdə digər amillər də var: “Ona görə Qida Təhlükəsizliyi Agentliyinin bu təşəbbüsünü mən bəyənirəm, Natiq müəllimdən fərqli olaraq. Lakin Natiq müəllimin dediklərində də həqiqət var, elə etmək lazımdır ki, bu tələblər həmin insanlara əlavə yük, xüsusilə də maliyyə yükü gətirməsin. Ona görə burada ayrı cür yanaşma olmalıdır. Ola bilsin ki, müəyyən vergi qanunvericiliyində və digər sahələrdə dəyişikliklər edilməlidir. Çünki bu insanlar Qida Təhlükəsizliyi Agentliyinin tələb etdiyi kimi, qeyri-yaşayış sahəsində fəaliyyət göstərmirlər, bunu öz yaşayış sahələrində edirlər. Lakin AQTA tələb edir ki, bu mallar qeyri-yaşayış sahəsində, müəyyən standartlara cavab verən yerdə hazırlansın. Bununla belə, insan qidası üçün hazırlanan məhsullar bütün hallarda müəyyən sanitariya qaydalarına cavab verməlidir. Ona görə yeni bir sənəd hazırlanmalıdır”.

Afaq Mirayiq,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir