Məlum olduğu kimi, Azərbaycanda 2027-ci il üzrə dövlət büdcəsinin xərclərinin əsas istiqamətləri müəyyənləşib. İlkin proqnozlara əsasən, gələn il büdcə vəsaitlərinin əhəmiyyətli hissəsinin iqtisadi fəaliyyət, müdafiə və milli təhlükəsizlik, sosial müdafiə və dövlət xidmətlərinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur. Müdafiə və milli təhlükəsizlik istiqaməti üzrə isə 8 milyard 816,4 milyon manat vəsait nəzərdə tutulur. Bu istiqamətin büdcə xərclərində xüsusi çəkisi 20,8 faiz olacaq.
Qeyd edək ki, bu rəqəm 2026-cı illə müqayisədə 98,6 milyon manat, yaxud təxminən 1,1 faiz çoxdur.
Bəs 2027-ci il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin 8 milyard 816,4 milyon manat müəyyənləşdirilməsi nə ilə bağlıdır? Hazırda Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyi ön plandadır. Belə bir şəraitdə müdafiə xərclərinin yüksək səviyyədə saxlanılması hansı təhlükəsizlik ehtiyaclarından irəli gəlir?
Məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Musavat.com-a danışıb.
Millət vəkili bildirib ki, 2027-ci il üçün müdafiə xərclərindəki artımı kəskin sıçrayışdan daha çox, xərclərin yüksək səviyyədə saxlanılması kimi qiymətləndirmək lazımdır.

Onun sözlərinə görə, regionda davam edən müharibələr və mövcud təhlükəsizlik reallıqları Azərbaycanın müdafiə qabiliyyətinin yüksək səviyyədə saxlanılmasını zəruri edir:
“Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri ərazi bütövlüyünün və suverenliyin qorunması, ölkənin təhlükəsizliyinin təmin edilməsi və Azərbaycan xalqının rifahının yüksəldilməsidir. Ölkənin büdcə siyasəti də bu prioritetlər nəzərə alınmaqla formalaşdırılır. 2027-ci il üçün açıqlanan göstəricilərə nəzər saldıqda, ilk növbədə müdafiə xərclərində kəskin sıçrayışdan deyil, onların yüksək səviyyədə saxlanılmasından danışmaq daha düzgün olardı. İlkin göstəricilərə əsasən, 2027-ci ildə müdafiə və milli təhlükəsizlik xərcləri 8 milyard 816,4 milyon manat təşkil edəcək. Bu, 2026-cı ilin təsdiqlənmiş proqnozu ilə müqayisədə 98,6 milyon manat, yaxud təxminən 1,1 faiz çoxdur”.
Arzu Nağıyev qeyd edib ki, sözügedən artımın konkret olaraq hansı silah sistemlərinin alınmasına yönəldiləcəyi açıqlanmayıb:
“Ona görə də bu artımı konkret olaraq hansısa silah sisteminin alınması ilə əlaqələndirmək düzgün olmazdı. Bununla belə, müdafiə sahəsində əsas prioritet istiqamətləri qeyd etmək mümkündür. Azərbaycan ordusunun hərbi modernləşməsi davam edir. Son illərdə Azərbaycan sovet-Rusiya mənşəli hərbi platformalardan tədricən uzaqlaşaraq Türkiyə, İsrail, Pakistan və digər tərəfdaş ölkələrin müasir hərbi texnologiyalarına, eyni zamanda öz hərbi sənaye kompleksinin istehsal etdiyi sistemlərə keçidi sürətləndirir”.

Deputat aviasiyanın yenilənməsini də böyük maliyyə tələb edən istiqamətlərdən biri kimi qeyd edib. O bildirib ki, Pakistanla JF-17C Block 3 qırıcılarının alınmasına dair böyük müqavilə imzalanıb:
“Bu proqram çərçivəsində ödənişlər, silah-sursat təminatı, pilotların və texniki heyətin təlimi, eləcə də texniki xidmət xərcləri bir neçə büdcə ilinə yayıla bilər. Eyni istiqamətdə bir sıra Avropa ölkələri ilə də danışıqlar aparılır və müəyyən müqavilələr artıq imzalanıb. Digər mühüm istiqamətlər pilotsuz sistemlərin, uzaqmənzilli zərbə vasitələrinin inkişafı və hava hücumundan müdafiə imkanlarının genişləndirilməsidir. Bunlar Azərbaycanın son illərdə həyata keçirdiyi hərbi-texniki siyasətin əsas elementlərindəndir. Müdafiə və milli təhlükəsizlik üçün nəzərdə tutulan 8,8 milyard manatın hamısı yeni silah və hərbi texnikanın alınmasına sərf olunmur. Bu vəsaitin tərkibinə hərbi infrastrukturun yenilənməsi və inkişafı, şəxsi heyətin təminatı, texniki xidmət, yanacaq, təlim, rabitə, daşınma, logistika və digər təhlükəsizlik xərcləri də daxildir. Digər mühüm məsələ 2027-ci il üzrə inflyasiya proqnozudur. Maliyyə Nazirliyinin açıqladığı inflyasiya göstəricisini də nəzərə almaq lazımdır. Çünki nominal ifadədə 1,1 faizlik artımın real ifadədə necə dəyişdiyini müəyyənləşdirmək üçün inflyasiya amili mütləq nəzərə alınmalıdır. Bu baxımdan müdafiə xərclərindəki nominal artımı avtomatik olaraq real artım kimi qiymətləndirmək doğru olmaz”.
Arzu Nağıyev vurğulayıb ki, Azərbaycanın müdafiə xərclərinə yanaşmasını regionda mövcud təhlükəsizlik reallıqları kontekstində qiymətləndirmək lazımdır:
“Azərbaycan sülhün bərqərar olmasını və əldə edilmiş nəticələrin qorunmasını istəyir. Bunun üçün isə sülhə hazır olmaqla yanaşı, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizlik imkanlarının yüksək səviyyədə saxlanılması vacibdir. Söhbət yeni silahlar alaraq kiməsə qarşı ərazi iddiası irəli sürməkdən və ya hər hansı ölkənin ərazi bütövlüyünə müdaxilə etməkdən getmir. Azərbaycanın əsas məqsədi öz ərazi bütövlüyünü və suverenliyini qorumaq, əldə olunmuş sülhü möhkəmləndirmək, təhlükəsizliyini təmin etmək və regionda sabitliyin qorunmasına öz imkanları çərçivəsində töhfə verməkdir. Güclü müdafiə imkanlarına malik olmaq da məhz bu siyasətin mühüm tərkib hissəsidir”.
Xalidə Gəray
Musavat.com

