Filizçay, Qarabağ, Naxçıvan – Azərbaycanın gizli iqtisadi gücü hərəkətə keçir

Filizçay, Qarabağ, Naxçıvan – Azərbaycanın gizli iqtisadi gücü hərəkətə keçir

Prezident İlham Əliyevin dağ-mədən və metallurgiya sənayesinin inkişafına həsr olunmuş müşavirədə müəyyən etdiyi istiqamətlər Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin konturlarını ortaya qoyur.

Qarşıdakı dövrdə məqsəd yalnız mövcud yataqların istismarı deyil, işğaldan azad edilmiş ərazilərin, Filizçayın, Naxçıvanın və digər bölgələrin təbii resurs potensialının iqtisadi dövriyyəyə cəlb edilməsi, müasir sənaye sahələrinin yaradılması və xammaldan hazır məhsula qədər istehsal zəncirinin formalaşdırılmasıdır.

Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı xüsusi əhəmiyyət daşıyır. Proqramın icrası ilə yeni sənaye istiqamətinin yaradılması, minlərlə daimi iş yerinin açılması, ixrac imkanlarının genişləndirilməsi və dövlət büdcəsinə əlavə gəlirlərin təmin edilməsi nəzərdə tutulur. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda yataqların istismara hazırlanması, Balakəndə Filizçay kimi böyük layihələrin reallaşdırılması və Naxçıvanda geoloji kəşfiyyatın genişləndirilməsi regionların iqtisadi potensialının daha fəal istifadəsinə imkan yarada bilər.

Prezidentin çıxışında bu prosesin daha geniş iqtisadi siyasətin tərkib hissəsi olduğu da diqqətə çatdırılıb. Kənd təsərrüfatı, nəqliyyat və su təsərrüfatı üzrə qəbul edilən dövlət proqramları ilə yanaşı, son 20 ildə regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən layihələr yeni sənaye siyasəti üçün mühüm baza formalaşdırıb. Rayonlarda yolların, məktəblərin, xəstəxanaların, dəmir yollarının və digər sosial-infrastruktur obyektlərinin yaradılması artıq iqtisadi fəallığın bölgələr üzrə daha geniş yayılmasına şərait yaradır.

Beləliklə, müşavirədə verilən mesaj yalnız mədən sənayesinin inkişafı ilə məhdudlaşmır. Söhbət Azərbaycanın təbii resurslarını, regional potensialını, infrastrukturu və insan kapitalını vahid iqtisadi zəncirə birləşdirərək qeyri-neft sektorunda yeni inkişaf mərhələsi yaratmaqdan gedir.

Bu yeni sənaye xətti Azərbaycanın regionlarının iqtisadi simasını nə dərəcədə dəyişə bilər? Filizçay, Qarabağ, Naxçıvan və digər ərazilərin resurs potensialının işə salınması qeyri-neft sektorunda hansı yeni imkanları aça bilər?

Milli Məclisin deputatı Naqif Həmzəyev Musavat.com-a bildirdi ki, bu günə qədər neft-qaz gəlirləri əsasən Bakı və Abşeron bölgəsində toplanıb: “İndi vəziyyət dəyişə bilər. Qarabağda, Şərqi Zəngəzurda, Balakəndə və Naxçıvanda yeni zavodlar qurulacaq. Bu, iqtisadi fəallığı paytaxtdan kənara çıxaracaq. Nəticədə, ölkə daxilində mərkəz ilə regionlar arasındakı fərq azala bilər. Qarabağ və Naxçıvan kimi bölgələr indiyədək əsasən kənd təsərrüfatına və tikintiyə söykənirdi. İndi bura üçüncü bir sahə sənaye istehsalı əlavə olunur. Beləliklə, bu bölgələr üç dayaq üzərində dura biləcək, kənd təsərrüfatı, tikinti və sənaye. Bu, regionların tək bir sahədən asılılığını azaldacaq. Proqram minlərlə daimi iş yeri yaradacaq. Bu, insanların öz bölgələrində iş tapmasına kömək edəcək. Xüsusilə Qarabağa köçən ailələr üçün bu, çox vacibdir. İnsanlar iş üçün paytaxta getmək məcburiyyətində qalmayacaq”.

Deputatın sözlərinə görə, yeni proqram bir neçə sahədə yeni imkan yaradacaq: “Zənginləşdirmə zavodları, pelet zavodları və dəmir zavodları tikiləcək. Bu zavodlar xam filizi hazır məhsula çevirəcək. Bu yolla, ölkə daha çox qazanc əldə edəcək.

Filizin daşınması üçün tarif güzəştləri veriləcək. Bu, dəmir yolu və avtomobil nəqliyyatına yeni iş və gəlir gətirəcək.

Yeni zavodlar və yollar tikiləcək. Bu, tikinti materialları istehsalını və avadanlıq təchizatını canlandıracaq. Hazır metallurgiya məhsulları xam filizdən daha bahalıdır. Bunları xaricə satmaq daha çox gəlir gətirir. Bu yolla, ölkənin neft-qazdan asılılığı azalacaq. Geoloji kəşfiyyat, ekoloji yoxlama və texniki xidmət sahələrində yeni işçilərə ehtiyac yaranacaq. Proqram dörd il davam edəcək, 2027-ci ildən 2030-cu ilə qədər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hökumət qarşısında 2030-cu ilə qədər bu sektorun ölkə iqtisadiyyatına 1,8 milyard manat qatması tələbini qoyub. “AzerGold” şirkəti isə öz gəlirini 1 milyard manata çatdırmalıdır.

Bu planlar həyata keçərsə, təkcə bir neçə bölgə deyil, bütün ölkənin qeyri-neft ixracı dəyişəcək”.

Cavanşir Abbaslı
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir