Şagirdin geyiminə artıq valideyn də “cavabdehdir” – Qərarın GİZLİ DETALI

Şagirdin geyiminə artıq valideyn də “cavabdehdir” – Qərarın GİZLİ DETALI

Məktəblərdə vahid geyim formasına dair tələblərlə bağlı yeni qaydalar müəyyənləşdirilib. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, şagirdlərin müəyyən edilmiş məktəbli formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəsinə yol verilmir. Eyni zamanda, milli-mədəni tədbirlər zamanı Pedaqoji Şuranın qərarı ilə milli geyimlərdən və ya onun elementlərindən istifadə mümkün olacaq.

Bəs vahid məktəbli forması məktəblərdə bərabər və sağlam təhsil mühitinin formalaşmasına nə dərəcədə təsir edir və yeni tələblərin tətbiqində əsas diqqət nəyə yönələcək?

Təhsildə humanitar fənlərin rolu yetərli deyil" - Təhsil eksperti Məzahir  Məmmədli | tehsil365.news

Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli Musavat.com-a danışıb.

Ekspert bildirib ki, şagirdlərin həm etik davranış qaydaları, həm də geyim forması, o cümlədən vahid məktəb geyimi ilə bağlı Nazirlər Kabinetinin indiyədək üç müvafiq qərarı və sərəncamı olub:

“Sonuncu sənəd 2022-ci ilin iyul ayında qəbul edilmişdi. 21 sentyabr 2026-cı il tarixində qəbul edilən yeni sərəncamla isə əvvəlki qərarın tətbiqi zamanı ortaya çıxan bir sıra boşluqlar aradan qaldırılıb. 2022-ci ildə qəbul edilən qərara əsasən, hər məktəb Pedaqoji Şuranın qərarı ilə təklif olunan dörd geyim formasından birini seçməli idi. Seçim edildikdən sonra həmin geyim formasının üç il müddətində dəyişdirilməsinə icazə verilmirdi.

Üçillik müddət başa çatdıqdan sonra isə Pedaqoji Şura geyim formasına yenidən baxa bilərdi. Lakin tətbiq prosesində müəyyən problemlər və boşluqlar meydana çıxmışdı. Şagird geyimində vahidliyin tam təmin olunmaması həm sosial şəbəkələrdə, həm də məktəblərdə sinif rəhbərləri, valideynlər və valideyn komitələri arasında müzakirələrə səbəb olurdu”.

Ekspert qeyd edib ki, əvvəlki qərarın tətbiqi zamanı ortaya çıxan məsələlər və bu istiqamətdə aparılan müzakirələr 2026-cı ilin sentyabrında Nazirlər Kabinetinin vahid məktəb geyimi ilə bağlı yeni qərar qəbul etməsinə təsir edən amillərdən olub: “Artıq bu istiqamətdə müəyyən təcrübə və baza formalaşmışdı. Milli Məclisin Elm və Təhsil Komitəsində də məsələ dəfələrlə müzakirə olunub, gündəliyə çıxarılıb və müxtəlif təkliflər irəli sürülüb.

Yeni qərarda əsas prinsip şagirdlərin geyim formasında vahidliyin təmin edilməsidir. Eyni zamanda, geyimə əlavə edilən digər element və aksesuarların da müəyyən edilmiş vahidlik prinsipini pozmaması nəzərdə tutulur. Başqa sözlə, şagirdlərin fərdi seçimləri məktəb geyiminin ümumi standartına zidd olmamalıdır”.

Məzahir Məmmədliyə görə, yeni qərarı əvvəlki sənədlərdən fərqləndirən iki mühüm məqam xüsusilə diqqət çəkir: “Birincisi milli geyimlərlə bağlıdır. Belə ki, milli geyimləri əks etdirən tədbirlər və bayramlar zamanı şagirdlərin milli geyimlərdən istifadə etməsinə imkan verilir. Bu, məktəb mühitində milli dəyərlərin və ənənələrin qorunması baxımından ayrıca əhəmiyyət daşıyan müddəadır.

Digər mühüm məqam isə valideyn məsuliyyətinin müəyyənləşdirilməsidir. Yeni qərarda şagirdlərin vahid geyim formasına riayət etməsi ilə bağlı valideynlərin də məsuliyyət daşıması nəzərdə tutulur. Düşünürəm ki, valideyn məsuliyyətinin də müəyyənləşdirilməsi məktəb həyatında vahid geyim formasına dair tələblərin daha ardıcıl şəkildə tətbiqinə, tədris mühitində vahidliyin qorunmasına və gələcəkdə bu prinsiplərin daha effektiv təmin olunmasına imkan verə bilər”.

Xalidə Gəray,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir