“Göz yaşlarımız yağış kimi axır. Həddindən artıq həssas idim, bu günlərdə isə daha da həssaslaşmışıq. Kim qapımızı açırsa, şəhid ailələrini yad edirsə, bir təbəssüm, bir xoş sözlə onları xatırladırsa, onların ruhunu şad edəcək bir addım atırsa, bu bizi çox fərəhləndirir”.
Bunu Musavat.com-a 27 Sentyabr – Anım Günü ilə bağlı danışan Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatı zamanı şəhid olan mayor Vüqar Heydərovun həyat yoldaşı Ülkər Vüqarlı deyib.
Şəhid xanımı bildirib ki, şəhid ailələri dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunur: “Biz şəhid ailələri dövlətdən tam dəstək alırıq. Bunu hər yerdə vurğulayıram. Şəxsən mən bir şəhid mayorun xanımı olaraq dövlətimizdən və Prezidentimizdən çox razıyam. Çünki hər addımda mənəvi və maddi dəstək, hörmət görürük”.
Ülkər Vüqarlı Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin də şəhid ailələrinə göstərdiyi diqqəti xüsusi qeyd edib: “Üstəlik, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev kimi şəhid ailələrinə yaxından dəstək olan ikinci bir şəxs görmürəm. Bu dəstək bizə güc verir. Biz eyni həssaslığı və diqqəti yaxınlarımızdan, doğmalarımızdan və sadə vətəndaşlarımızdan da gözləyirik. Bəzən bunu görə bilmirik. Amma hər kəsdən eyni yanaşmanı arzulayırıq”.
Şəhid mayorun həyat yoldaşı 27 Sentyabr – Anım Günündə keçirdikləri hisslərin bir-birinə qarışdığını deyib:
“Qürurluyuq, coşquluyuq, eyni zamanda kədərliyik – bütün bu duyğular iç-içədir. Bu günlərdə biz şəhid ailələri göz yaşları içində də gülümsəməyi bacarırıq”.
Ülkər Vüqarlı həyat yoldaşının 44 günlük Vətən müharibəsi zamanı yaşadığı hissləri də xatırlayıb.
O bildirib ki, Vüqar Heydərov 44 günlük müharibənin başa çatmasından sonra özünün sağ qalmasına, lakin yetirməsi olan əsgərlərin şəhid olmasına görə böyük təəssüf hissi keçirirmiş:
“Düzdür, mənim yoldaşım antiterror əməliyyatlarında şəhid olub, amma biz o ərəfələri birgə yaşamışıq. Onun necə həyəcan keçirdiyini, necə can atdığını sözlə izah edə bilmirəm. Təsəvvür edin, mən onun bir sözünü heç vaxt unutmuram. 44 günlük müharibə bitəndə o, böyük təəssüf hissi ilə mənə deyirdi: “Bax, bu qədər müharibə oldu, mən sağ qaldım, amma mənim öyrətdiyim əsgərlər şəhid oldu. Bu necə ola bilər? Bizim nəsildən bir şəhid çıxmadı. Deyirdi ki, həddindən artıq utanır”.
Ülkər Vüqarlı deyib ki, həyat yoldaşı sonradan öz arzusuna çataraq şəhidlik zirvəsinə ucalıb:
“Sonda o da öz arzusuna çatdı, şəhadət zirvəsinə ucaldı”.
Şəhid xanımı şəhidliyin onun üçün xüsusi məna daşıdığını vurğulayıb: “Şəhidlik Allah tərəfindən verilən bir şərəfdir. Biz buna hər an daha çox əmin oluruq. Vətəni, xalqı, milləti və dövlətin başçısını belə sevmək lazımdır – hamısını bir arada, canı-dildən”.
Ü.Vüqarlı həyat yoldaşının Ümummilli Lider Heydər Əliyevə və Prezident İlham Əliyevə böyük sevgi bəslədiyini də qeyd edib:
“Mənim yoldaşım Ümummilli Lider Heydər Əliyevi və Prezident İlham Əliyevi çox sevirdi. Səmimi deyirəm, onun telefonunun ekranında İlham Əliyev ilə Ərdoğanın qırmızı xalçada əl-ələ yürüdüyü fotosu var idi. O, bu liderlərə vurğun, əsl vətənpərvər bir insan idi”.
O bildirib ki, həyat yoldaşının timsalında Azərbaycan zabitlərinin Vətənə bağlılığını görüb:
“Əminəm ki, dövlətimizin yetişdirdiyi bütün zabitlər belədir: Vətəni, dövləti, xalqı uğrunda canından keçməyə hazır olan insanlardır”.
Ülkər Vüqarlı həyat yoldaşının yolunu davam etdirməyə çalışdığını və bunu şəhidin ruhuna olan borcu kimi gördüyünü deyib: “Mən də öz yoldaşımın yolu ilə gedirəm. Xalqıma, millətimə, milli maraqlarımıza sadiqəm. Düşünürəm ki, yalnız bu yolla onun ruhunu şad edə bilərəm. Ən doğru yol budur”.
Qeyd edək ki, Vüqar Heydərov 1988-ci ildə Lənkəran rayonunun Boladi kəndində ziyalı ailəsində dünyaya göz açıb. 2002-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 2005-ci ildə hərbi liseyi bitirib və həmin ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunub. 2009-cu ildə Ali Hərbi Məktəbi bitirdikdən sonra 1 il Təlim-Tədris Mərkəzində hərbi xidmət keçib. 2010-cu il iyulun 22-dən şəhadətə yüksəldiyi anadək Naxçıvan Muxtar Respublikasında yerləşən müxtəlif hərbi hissələrdə zabit kimi xidmət edib. Mayor Vüqar Heydərov 2023-cü il sentyabrın 20-si tarixində Qarabağda keçirilən antiterror əməliyyatı zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb. O, 21 sentyabr tarixində Boladi kənd qəbiristanlığında dəfn edilib.
Ailəli idi. Vətənə Yüsif və Mehdi adlı 2 oğul övladı əmanət qalıb.

Şahanə Rəhimli
Musavat.com

