Reproduktiv qanun ətrafında yeni mübahisə – ekspertlərin fikirləri haçalandı
Bir neçə il əvvəl Milli Məclisdə müzakirəyə çıxarılan “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi ətrafında yaranan mübahisələr yenidən gündəmə gəlib. Xüsusilə süni mayalanma və daşıyıcı analıq kimi məsələlərə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əvvəlki etiraz mövqeyi diqqət çəkir.
Hazırda reproduktiv sağlamlıq məsələlərini tənzimləyən yeni qanunvericilik təşəbbüsünün gündəmə gəlməsi fonunda QMİ-nin bu məsələlərə münasibətinin dəyişib-dəyişmədiyi sualı ortaya çıxıb.
Modern.az bu məqsədlə Qafqaz Müsəlmanları İdarəsinə müraciət edib. QMİ-dən bildirilib ki, əvvəlki qanun layihəsi ilə bağlı ifadə olunan mövqe qüvvədə qalır və məsələyə münasibətdə hər hansı dəyişiklik yoxdur. “O vaxt nə bildirilibsə, onların hamısı gündəmdədir. Şəriət baxımından hansısa məsələlər olubsa, biz onları bildirmişik. Onlar dəyişməyən, imanent dəyərlərdir. Münasibət də o baxımdan dəyişmir”, – deyə idarədən bildirilib.
QMİ qeyd edib ki, hazırda yeni qanun layihəsi quruma təqdim edilməyib. Bu səbəbdən sənəddə əvvəlki iradların nəzərə alınıb-alınmadığı barədə konkret fikir söyləmək mümkün deyil.
İdarə xüsusilə süni mayalanma və daşıyıcı analıq məsələlərində mövqeyinin dəyişmədiyini vurğulayıb.
“Onunla bağlı biz artıq münasibətimizi formalaşdırmışıq. O münasibət dəyişməyəcək. Çünki o, şəriət baxımından əsaslandırılmış fikirlərdir”, – deyə QMİ-dən bildirilib.
QMİ-nin mövqeyi göstərir ki, reproduktiv sağlamlıqla bağlı yeni qanunvericilik təşəbbüsü yalnız hüquqi və tibbi məsələ kimi deyil, dini və ictimai baxımdan da həssas mövzu olaraq qalır. Xüsusilə, süni mayalanma və daşıyıcı analıqla bağlı əvvəlki iradların dəyişməməsi yeni layihənin müzakirəsində ciddi ictimai debatların yarana biləcəyini göstərir. Yeni sənədin məzmunu açıqlanandan sonra əsas məsələ əvvəlki dini iradların qanun layihəsində necə nəzərə alınacağının müəyyənləşməsi olacaq.

Həkim-cərrah, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Reproduktiv sağlamlıq haqqında qanun, əlbəttə, bu münasibətləri sistemli şəkildə, bu istiqamətdə tənzimləməlidir. Biz istənilən bir qanun qəbul edərkən beynəlxalq praktikaya müraciət etməliyik və ilk növbədə həmin qanunun beynəlxalq hüquqa nə dərəcədə uyğun olduğunu düşünməliyik. Azərbaycan şəriət dövləti deyil. Yəni burada hansısa məsələlərin şəriət faktorlarına uyğunlaşdırılması məsələsi ortaya çıxmamalıdır. Amma bəzi məsələlərin mənəvi tərəfləri var və onları, hər halda, nəzərə almaq lazımdır.
İstənilən halda, reproduktiv sağlamlıq haqqında qanun layihəsi beynəlxalq praktikaya və beynəlxalq hüquqa uyğunlaşdırılmalıdır. Əgər ölkə daxilində hər hansı bir qanun situasion olaraq ziddiyyətlə qarşılaşırsa, o zaman beynəlxalq hüquq əsas götürülür. Bu, ümumi bir tendensiyadır. O baxımdan da mən hesab edirəm ki, burada aydın olmayan məsələlər yoxdur və bütün digər məsələlər də həllini tapa bilər.
Məsələn, reproduktiv sağlamlıq haqqında qanunda surroqat ana və digər məsələlər var. Bunlar Azərbaycan reallığında müzakirə oluna bilər. Amma istənilən halda, bu qanun hansısa formada Azərbaycanda fəaliyyət göstərməlidir. Çünki insanlar reproduktiv sağlamlıqla bağlı süni mayalanmadan və digər üsullardan onsuz da geniş şəkildə ölkədə istifadə edirlər. Amma bunun qanunla tənzimlənməməsi düzgün olmaz. Mən düşünürəm ki, bu qanun qəbul edilməlidir”.

Həkim-ginekoloq Rəşad Sultan da “Yeni Müsavat”a mövzunu şərh edib: “Ginekoloq kimi xəstələri görərək deyə bilərəm ki, əslində daşıyıcı analıq çox çətin məsələdir. Daşıyıcı analıq nədir, bəlkə də çox adam bilmir, söhbət nədən gedir. Daşıyıcı analıq odur ki, bir qadının uşaqlığı yoxdur və yaxud uşaqlıq heç bir şəkildə uşağı daşıya biləcək vəziyyətdə deyil. Ona görə biz məcbur oluruq ki, mayalanma başqa qadının bətnində getsin. Belə halda mən bu məsələyə necə izahat verə bilərəm? İnsanları qınamaq asandır: “Yox, bu çox pis şeydir, edilməsin” və sair. Əslində işin dini, mənəvi və psixoloji tərəfləri bir yana, bu işin fəsadları var. Biz bilirik ki, bir qadının uşağını başqa qadın daşıyır, sonra isə uşağı onun genetik sahibinə qaytarır. Əlbəttə ki, bu, çox çətin məsələdir.
Amma indi bir də özümüzü heç bir şəkildə uşaq sahibi ola bilməyəcək və uşaq sahibi olmaqdan başqa bu həyatda bir məşğuliyyəti, tutunacaq bir budağı olmayan insanların yerinə qoyaq. İnsan kütlələrinin 90-98 faizinin, hələ bizim cəmiyyətdə bəlkə də 99-100 faizinin uşaq sahibi olmaqdan, çoxalmaqdan başqa həyata bağlayan bir şeyi yoxdur. Desəniz ki, başqa nə var, heç onu da bilmirəm.
Ona görə həmin insanlar uşaq sahibi olmamağı həyatın sonu, ümumiyyətlə, yaşamamaq kimi qəbul edirlər. Onlar nə desəniz də, övlad sahibi olmaq üçün hara desəsin gedərlər və gedəcəklər də. İlk olaraq hamısı bu metodları inkar edir, sonra yavaş-yavaş razılaşırlar. Çünki onların həyata bağlayan başqa nə isə yoxdur. Yəni “olmasın” demək asandır. “Olmasın” deyənlərin başında mən özüm gəlirəm. Çünki bunların fəsadlarını biz görmüşük, ginekoloqlar onun fəsadları ilə məşğul oluruq. Özü də nəinki təkcə tibbi fəsadları ilə, onlara psixoloji olaraq da cavab veririk, hüquqi çəkişmələrin də içində bəzən biz oluruq, ən azından şahid kimi”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”

