Bakı-London əlaqələrində yeni mərhələ

Bakı-London əlaqələrində yeni mərhələ

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. Görüşdən sonra Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman “X”də paylaşım edərək yazıb ki, iki ölkə arasında münasibətlər yeni mərhələyə qədəm qoyub:

“Strateji Tərəfdaşlığımız çərçivəsində təhlükəsizliyinin möhkəmləndirilməsi, iqtisadi artım və innovasiya imkanları daxil olmaqla, əlaqələrimizin dərinləşdirilməsini müzakirə etdik”, deyə səfir qeyd edib.

Azay Quliyev Özbəkistanda müşahidəçilərin rəhbəri təyin olundu | Modern.az

Milli Məclisin Azərbaycan-Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azay Quliyev Musavat.com-a səfirin fikirlərini şərh edib. Deputat qeyd edib ki, Böyük Britaniya ilə yaxından əməkdaşlıq etmək Azərbaycanın maraqlarına uyğundur:

“Məncə, səfir Normanın “Biz münasibətlərimizdə yeni mərhələyə qədəm qoyuruq” fikrini Britaniya-Azərbaycan münasibətlərində elan edilmiş strateji tərəfdaşlığın reallaşmasında rəsmi Londonun marağının göstəricisi kimi qəbul etmək olar. Hələ 2025-ci ilin avqustunda Böyük Britaniya və Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə razılığa gəldilər. Britaniya hökuməti həmin vaxt əməkdaşlığın əsas istiqamətlərini iqtisadi inkişaf, təhlükəsizlik, müdafiə, təhsil və iqlim kimi sahələrdə genişləndirmək niyyətini açıqlamışdı. Sonrakı mərhələdə isə Britaniya tərəfi bəyan etmişdi ki, müdafiə bu tərəfdaşlığın əsas sütunlarından birinə çevriləcək”.

Azay Quliyev vurğulayıb ki, sentyabrın 30-da Bakıda keçirilən ADEX-2026 sərgisində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerin şəxsən iştirakı, daha sonra Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayevlə ayrıca görüşlərin keçirilməsi bu fikrin praktikada reallaşması istiqamətində atılan mühüm addımlardır:

“Bu baxımdan Azərbaycanın seçdiyi strategiyanı çox doğru hesab edirəm. Hazırda dünyada baş verən münaqişələr və artan təhlükəsizlik qayğıları fonunda Böyük Britaniya kimi hərbi sənayesi inkişaf etmiş bir ölkə ilə yaxından əməkdaşlıq etmək milli maraqlarımıza və təhlükəsizlik doktrinamıza tam uyğundur. Ümid edirəm ki, yaxın zamanlarda Azərbaycanla Böyük Britaniya arasında iqtisadiyyat, sənaye və texnologiya, enerji, beynəlxalq nəqliyyat, müdafiə sənayesi, birgə hərbi təlim, o cümlədən elm, təhsil və digər kritik sahələri əhatə edən “Strateji Tərəfdaşlıq haqqında” müqavilənin imzalanmasının şahidi olacağıq”.

Nigar Həsənli
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir