Siqaret çəkənlərə yeni QADAĞA?

Siqaret çəkənlərə yeni QADAĞA?

Türkiyədə tütünlə mübarizə çərçivəsində “tütünsüz nəsil” modelinin tətbiqi müzakirə olunur. Azərbaycanda da uşaqları və gəncləri tütündən qorumaq üçün ölkəyə uyğun uzunmüddətli modelin hazırlanması məsələsi gündəmə gətirilə bilər.

Deputat Arzuxan Əlizadə deyib ki, yenidən velosiped ixtira etməyə ehtiyac yoxdur, dünyada bu istiqamətdə kifayət qədər təcrübə var və yararlanmaq mümkündür.

“Amma təkcə qadağalarla bu məsələni tənzimləmək mümkün deyil. Xüsusilə gənclər və yeniyetmələr arasında belə bir yanaşma var ki, qadağan olunan daha maraqlı görünür. Bu səbəbdən tütün məhsullarının qadağan edilməsi ilə yanaşı, onların zərərləri barədə ciddi və davamlı maarifləndirmə işləri də aparılmalıdır”.

Hansı ərazilərdə siqaret çəkmək qəti qadağandır? | Modern.az

Bəs ölkəmizdə Türkiyə modelinə keçmək mümkündürmü?

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Musavat.com-a  deyib ki, Türkiyədə bu barədə kifayət qədər sərt qanunvericilik var. “Yəni 2015-ci ildən doğulanlara tütün məmulatlarının satışının qadağan edilməsi nəzərdə tutulub. Həmin uşaqların hazırda 11 yaşı var və onlar böyüdükdə də onlara tütün məhsulları satılmamalıdır. Bu, əlbəttə, sərt qadağadır. Yeni Zelandiyada da buna bənzər bir addım atmaq istəmişdilər. Sonradan bunun konstitusiyaya zidd olduğu, ayrı-seçkilik yaratdığı kimi fikirlər səsləndi və səhv etmirəmsə, həmin qərardan imtina edildi. Ümumən, bu, sərt qanundur. Amma mən belə bir yanaşmanın tərəfdarıyam. Hətta zərurət yaranarsa, bunu konstitusiyaya da daxil etmək olar. Əgər kimsə deyirsə ki, bu, konstitusiyaya ziddir, yaxud ayrı-seçkilikdir, o zaman məsələyə ictimai sağlamlığın qorunması baxımından yanaşmaq lazımdır” deyə, ekspert bildirib.

MKS

Hüquqşünasın fikrincə, bu məsələ yalnız qadağalarla tənzimlənə bilməz: “Burada maarifləndirmənin də böyük rolu var. İnsanların bir qismi, xüsusilə də uşaqlar və yeniyetmələr siqareti ilk növbədə onun zərərini dərk etdikləri üçün deyil, başqa səbəblərdən sınayırlar. Bu vərdiş, əsasən, uşaqlıq və yeniyetməlik dövründə başlayır. Həm oğlanlarda, həm də qızlarda bunu bir növ böyüklük əlaməti kimi təqdim etmək halları var. Yeniyetmə düşünür ki, “mən artıq böyümüşəm, baxın, mən də siqaret çəkirəm”. Uşaq özünü böyük kimi hiss etmək istəyir. Bəziləri böyüklüyünü ağılı, idmandakı nailiyyətləri və ya başqa bacarıqları ilə göstərir. Amma bəzən özünü başqa yollarla ifadə etmək istəyən yeniyetmələr siqaretə yönəlirlər. Ona görə də maarifləndirmə lazımdır. Məktəblərdə, filmlərdə, reklam və digər informasiya vasitələrində siqaretin necə zərərli və arzuolunmaz vərdiş olduğu göstərilməlidir. Bu məsələdə daha sərt yanaşma da mümkündür. Eyni zamanda, siqaret çəkmə ilə bağlı qanunvericilikdə müəyyən məhdudiyyətlər artıq var. Müəyyən yerlərdə siqaret çəkmək qadağandır. Amma təəssüf ki, bu qaydalara heç də hər zaman riayət olunmur. Küçədə insanların siqaret çəkdiyini, kötükləri yerə atdığını görürük. Cəmiyyətdə siqaret çəkmək prestij və ya “fors” göstəricisi kimi deyil, arzuolunmaz və zərərli vərdiş kimi qəbul edilməlidir. Elə bir ictimai münasibət formalaşdırmaq lazımdır ki, insanlar siqaret çəkməyi nümayiş etdirməkdən çəkinsinlər. Bu yanaşma tədricən indiki uşaqlara və yeniyetmələrə də təsir göstərəcək. Onlar görəcəklər ki, siqaret çəkmək cəmiyyətdə qəbul edilən, böyüklük və ya prestij göstəricisi olan bir davranış deyil. Əksinə, bununla bağlı ciddi məhdudiyyətlər və mənfi ictimai münasibət var. Düşünürəm ki, qadağalar, ciddi nəzarət və cərimələrlə yanaşı, bütün bunları tamamlayan güclü maarifləndirmə siyasəti də aparılmalıdır”.

Bakı Ağrı Klinikasının baş həkimi, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov da dedi ki, təəssüf ki, belə bir problem hələ də aktuallığını qoruyur: “Yəqin ki, tütün məhsullarından istifadəyə başlanılan vaxtlardan etibarən onlarla mübarizə də başlayıb. Amma buna baxmayaraq, bu məhsullardan istifadə bir sıra ölkələrdə hələ də geniş yayılıb və öz fəsadlarını göstərməkdədir. Türkiyədə siqaretdən, papirosdan istifadə kifayət qədər geniş yayılmışdı. Hətta ölkə dünyanın siqaretdən ən çox istifadə edilən ölkələrindən biri sayılırdı. Son illərdə isə həyata keçirilən bir sıra tədbirlər nəticəsində siqaretdən istifadə ciddi şəkildə məhdudlaşdırılıb. Bununla belə, Türkiyənin özündə də bu problem tam aradan qalxmayıb və siqaretdən istifadə kifayət qədər yüksəkdir. Bəs Azərbaycanda bu məsələ ilə bağlı nə etmək olar? Doğrudan da, millət vəkilinin səsləndirdiyi fikirlərlə razıyam. Dünyada bu istiqamətdə özünü doğrultmuş kifayət qədər təcrübə var. Bunun əsas istiqamətlərindən biri maarifləndirmə, digəri isə ictimai qınaqdır. Bu proses elə şəkildə qurulmalıdır ki, cəmiyyətdə siqaretdən istifadəyə münasibət tədricən dəyişsin. Məsələn, bəzi ölkələrdə siqaret çəkmək artıq geridəqalmışlıq, sağlam həyat tərzindən uzaq olmaq kimi qəbul edilir. Hətta bəzi hallarda siqaret çəkən insanlar başqalarından gizlənərək bu vərdişlərini həyata keçirirlər. Digər tərəfdən, satış məsələsində də ciddi məhdudiyyətlər tətbiq olunur. Məsələn, bəzi ölkələrdə mağazalarda siqaretləri açıq şəkildə görmək mümkün deyil. Müəyyən yaş qruplarına siqaret satışına qəti şəkildə icazə verilmir. Tütün məhsullarının üzərində onların sağlamlığa zərərli təsirlərini əks etdirən, kifayət qədər təsirli və çəkindirici görüntülər yerləşdirilir. Eyni zamanda, siqaret çəkmək üçün icazə verilən məkanlar ciddi şəkildə məhdudlaşdırılır. Son vaxtlar Azərbaycanda da bu istiqamətdə müəyyən addımların atıldığını görürük”.

Müsahibimiz qeyd edib ki, qadağalarla bu problemin həllinə nail olmaq mümkün deyil: “Qadağaların və cərimələrin də müəyyən həddi, müəyyən ölçüsü olmalıdır.
Çünki bəzən bu istiqamətdə cərimələrin kifayət qədər yüksək olduğunu görürük. Məsələn, siqareti tərgitməkdə çətinlik çəkən, bu vərdişdən asılılığı olan və maddi imkanları məhdud bir insanın siqaret çəkdiyinə görə əlavə olaraq yüksək məbləğdə cərimələnməsi onun vəziyyətini daha da ağırlaşdıra bilər. Bu yanaşmanın doğru olduğunu düşünmürəm. Müəyyən cərimələrin olması lazımdır, amma onlar insanı daha ağır sosial və psixoloji vəziyyətə salacaq qədər yüksək rəqəmlərlə ifadə olunmamalıdır”.

İnvaziv Ağrı Mütəxəssisi Dr. Zülfüqar Yusifov (@drzulfugar) • Facebook

Zülfüqar Yusifovun fikrincə, siqareti tərgitmək istəyən insanlara real və əlçatan dəstək göstərən qurumların yaradılması da vacibdir: “Bu istiqamətdə könüllü təşkilatlar, ictimai qurumlar və ya dövlət strukturları fəaliyyət göstərə bilər. Əsas məsələ odur ki, siqaretdən imtina etmək istəyən insan tək buraxılmasın və ona bu prosesdə peşəkar yardım göstərilsin. Düşünürəm ki, dünyada tətbiq olunan müxtəlif tədbirləri kompleks şəkildə bir araya gətirsək, bu istiqamətdə ciddi nəticələr əldə etmək mümkündür. Əlbəttə, siqaretin zərəri ilə bağlı tibb ictimaiyyəti tərəfindən kifayət qədər məlumat verilir. Lakin bu məlumatları yalnız nəzəri şəkildə çatdırmaq kifayət etmir. Real faktlardan, gündəlik həyatımızdakı təbliğat imkanlarından, maarifləndirici materiallardan və digər kommunikasiya vasitələrindən daha effektiv istifadə etmək lazımdır. Bu mübarizə erkən yaşlardan başlamalıdır. Xüsusilə bağça və məktəb dövründən uşaqlara tütün məhsullarının yaratdığı təhlükələr barədə düzgün və sistemli məlumat verilməlidir. Zərərli vərdişlərə qarşı mübarizə yalnız müəyyən dövrlərdə aparılan kampaniya deyil, davamlı proses olmalıdır. Əgər maarifləndirmə, qanunvericilik, ictimai qınaq, ailədaxili münasibət və siqareti tərgitmək istəyən insanlara göstərilən real dəstək bir arada həyata keçirilsə, düşünürəm ki, bu istiqamətdə ciddi nəticələr əldə etmək mümkündür”.

Xalidə Gəray
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir