Son günlər Azərbaycanda toyuq ətinin, xüsusilə də toyuq filesinin qiymətində artım müşahidə olunduğu bildirilir. Bəzi marketlərdə file məhsulunun ümumiyyətlə, tapılmadığı, olan satış məntəqələrində isə qiymətin əvvəlki dövrlə müqayisədə yüksəldiyi qeyd edilir. Hazırda bəzi mağazalarda toyuq filesinin bir kiloqramının qiyməti 10 manata qədər qalxıb.
Toyuq ətinin əhalinin daha çox üstünlük verdiyi nisbətən münasib qiymətli ət məhsullarından biri olduğu nəzərə alınarsa, qiymət artımı istehlakçıların gündəlik xərclərinə də təsir göstərir. Bəs bahalaşmanın səbəbi nədir? Ölkədə toyuq əti istehsalı azalıbmı, yoxsa qiymət artımına başqa amillər təsir edir?
Musavat.com bildirir ki, iqtisadçı Natiq Cəfərli mövcud statistik göstəricilərə əsasən toyuq əti istehsalında azalma olmadığını deyib:
“2026-cı ilin ilk 6 ayında 53 min ton quş əti istehsal edilib. Ötən ilin eyni dövründə isə bu göstərici 51 min ton olub. Yəni qiymət artımını birbaşa istehsalın azalması ilə izah etmək mümkün deyil.
Bahalaşmanın bir neçə səbəbi var. İlin əvvəlindən dizel yanacağının qiymətinin 10 faiz artması yem və hazır məhsulların daşınma xərclərinə təsir göstərib.
Bundan başqa, quş əti istehsalçıları üçün əlavə tənzimləmə və nəzarət mexanizmlərinin yaratdığı maliyyə yükü də xərclərin artmasına səbəb olub”.
İqtisadçı digər mühüm amillər kimi yem və dərmanların bahalaşmasını göstərib: “Qiymət artımında tələb-təklif münasibətləri də xüsusi rol oynayır. Belə ki, mal və qoyun ətinin kəskin bahalaşması fonunda istehlakçıların daha münasib qiymətli məhsul kimi toyuq ətinə yönəlməsi tələbi artırıb. Lakin təklif bu tələbin artımını eyni templə qarşılamadığından qiymətlər yüksəlib.
Beləliklə, hazırkı bahalaşmanın əsas səbəbi istehsalın azalması deyil. Yanacaq, yem və dərman xərclərinin yüksəlməsi, istehsalçıların əlavə maliyyə yükü ilə üzləşməsi və digər ət məhsullarının bahalaşması nəticəsində toyuq ətinə tələbin artması qiymətlərin yüksəlməsinə təsir edən əsas amillərdir”.
Xalidə,
Musavat.com

