Məktəblərə pul şagird sayına görə veriləcək – Ekspert DETALLARI AÇIQLADI

Məktəblərə pul şagird sayına görə veriləcək – Ekspert DETALLARI AÇIQLADI

Məktəblərin dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı Azərbaycanda yeni modelə keçid edilir. 2026–2027-ci tədris ilindən etibarən 100 ümumi təhsil müəssisəsində adambaşı maliyyələşmə mexanizminin tətbiqi planlaşdırılır. Bu sistemdə məktəbin maliyyələşməsi əsasən şagird sayına, eləcə də onların təhsil ehtiyaclarına uyğun formalaşdırılacaq. Yeni mexanizmin tətbiqi məktəblərin büdcədən aldığı vəsaitə yanaşmanı dəyişməklə yanaşı, onların maliyyə imkanlarına və idarəetmə modelinə də təsir göstərə bilər. Xüsusilə şagird sayı az olan məktəblərin bu sistemdə necə maliyyələşdiriləcəyi diqqət çəkən məsələlərdəndir.

Bəs yeni model məktəblər arasında maliyyə imkanlarının daha ədalətli bölüşdürülməsinə gətirib çıxaracaqmı? Vəsaitlərin xərclənməsinə nəzarət necə qurulacaq və adambaşı maliyyələşmə təhsilin keyfiyyətinə real təsir göstərə biləcəkmi?

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Musavat.com-a danışıb:

“Adambaşı maliyyələşmə mexanizmi ilkin mərhələdə 2026–2027-ci tədris ili üçün 100 məktəbdə tətbiq olunacaq. Daha sonra isə bu mexanizmin mərhələli şəkildə ölkənin digər ümumi təhsil müəssisələrini də əhatə etməsi nəzərdə tutulur. İlkin qənaətimiz ondan ibarətdir ki, adambaşı maliyyələşmə təhsil sahəsində daha çox müsbət dəyişikliklərə səbəb olacaq. Çünki indiyə qədər məktəblərin maliyyələşdirilməsi zamanı müəyyən hallarda şagird sayındakı ciddi fərqlər kifayət qədər nəzərə alınmırdı. Məsələn, 20 şagirdi olan məktəblə 500 və ya 1000 şagirdi olan məktəbin maliyyələşdirilməsi arasında gözlənilən qədər ciddi fərq olmaya bilirdi. Hətta bəzi hallarda ucqar kənddə cəmi bir şagirdin təhsil aldığı məktəbə çəkilən xərc paytaxtda və ya iri şəhərlərdə 25-30 şagirdə çəkilən xərclə müqayisə edilə biləcək səviyyədə olurdu”.

EFENDİ.jpg (31 KB)

Ekspertin sözlərinə görə, yeni mexanizm maliyyə resurslarının daha səmərəli bölüşdürülməsinə imkan verə bilər:

“Adambaşı maliyyələşmənin tətbiqi məhz bu kimi fərqlərin aradan qaldırılmasına və maliyyə resurslarının daha səmərəli bölüşdürülməsinə xidmət edəcək. Məsələn, məktəbdə 500 şagird varsa, həmin məktəbə şagird sayına və onların təhsil ehtiyaclarına uyğun maliyyə vəsaiti ayrılacaq. Bu vəsaitə müəllimlərin əməkhaqqı, digər cari xərclər və məktəbin fəaliyyətinin təmin edilməsi üçün zəruri vəsaitlər daxildir. Təbii ki, bu prosesə nəzarət də həyata keçiriləcək. Maliyyə vəsaitlərinin istifadəsi müvafiq qaydada nəzarətdə saxlanılacaq və bunun əsasında təhsil müəssisələrində optimallaşdırma və rasionallaşdırma tədbirləri görüləcək. Bu baxımdan şagird sayı az olan məktəblərlə bağlı da müəyyən dəyişikliklərin olması mümkündür. Belə məktəblərdə məsafədən idarəetmə əsaslı təhsil modellərinin tətbiqi və ya şagirdlərin daha çox şagirdi olan yaxın məktəblərə yönləndirilməsi nəzərdən keçirilə bilər. Burada əsas məsələlərdən biri məsafə amilidir. Əgər şagirdin yaşadığı ərazi yaxınlıqdakı məktəbdən əlçatan məsafədədirsə, onun həmin məktəbə gedib-gəlməsi mümkün olacaq. Lakin söhbət uzaq məsafədən gedirsə, bu halda şagirdlərin daşınmasının təşkili məsələsi də həll olunmalıdır. Yəni optimallaşdırma yalnız məktəbin maliyyələşdirilməsi baxımından deyil, şagirdlərin təhsilə çıxış imkanları baxımından da həyata keçirilməlidir”.

Elçin Əfəndi bildirib ki, şagird sayı az olan məktəblərin də yeni sistem çərçivəsində müvafiq maliyyə təminatı əldə etməsi mümkündür:

“Ayrılan vəsait yalnız təhsilverənlərin əməkhaqqına deyil, məktəbin digər əməkdaşlarının xərclərinə, eləcə də təhsil müəssisəsinin texniki və maddi imkanlarının yaxşılaşdırılmasına yönəldiləcək. Bu mexanizmin əsas üstünlüklərindən biri də maliyyə vəsaitlərinin daha səmərəli istifadəsinə imkan yaratmasıdır. Əvvəlki sistemdə bəzi hallarda resursların məktəblər arasında optimal bölüşdürülmədiyini və müəyyən maliyyə vəsaitlərinin səmərəsiz xərcləndiyini müşahidə edirdik. Adambaşı maliyyələşmə isə vəsaitin real ehtiyaca uyğun formalaşdırılmasına imkan verəcək”.

Ekspert yeni sistemin məktəblər arasında rəqabəti də gücləndirə biləcəyini düşünür. Onun sözlərinə görə, məktəblər daha çox şagird cəlb etməyə, öz imkanlarını genişləndirməyə və təhsilin keyfiyyətini yüksəltməyə çalışacaqlar:

“Çünki şagird sayının artması məktəbin maliyyə imkanlarının da genişlənməsinə təsir göstərəcək. Bu rəqabətin nəticə etibarilə həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinin yüksəlməsinə müsbət təsir göstərə biləcəyini düşünürəm. Lakin təbii ki, yeni mexanizmin tətbiqi zamanı müəyyən problemlərin ortaya çıxması mümkündür. Hazırda 100 məktəbin seçilməsi də məhz bu baxımdan əhəmiyyətlidir. Bu mərhələni pilot layihə kimi qiymətləndirmək olar. Tətbiq prosesində ortaya çıxan çətinliklər, idarəetmə və maliyyələşmə ilə bağlı məsələlər müəyyənləşdiriləcək və növbəti mərhələdə mexanizmin daha geniş məktəb şəbəkəsinə tətbiqi zamanı həmin problemlərin aradan qaldırılmasına çalışılacaq”.

Xalidə Gəray
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir