İstanbulun Başakşehir rayonunda orta məktəblərdən birində şagird bıçaqla həmyaşıdlarına hücum edib. Türkiyə mediasının yazdığına görə, 5 şagird yaralanıb. Bakının Nizami rayonunda isə sinif yoldaşı tərəfindən bıçaqlı hücuma məruz qalan şagird ölüb.
Fransaya gəldikdə, məktəblilər günlərdir təhsil sistemindəki maliyyə çatışmazlığına, kadr qıtlığına və siniflərin həddindən artıq dolu olmasına etiraz edirlər. Bu səbəbdən ölkə üzrə bir çox məktəbdə blokadalar təşkil olunaraq dərslər müvəqqəti dayandırılıb. Etiraz aksiyaları başlayan gündən 215 şagirdin yaralandığı bildirilir. Bütün bu hadisələr son 10 gün ərzində qeydə alınsa da, son illərdə məktəblilər arasında aqressiyanın artması heç kimə sirr deyil. Hər belə hadisədən sonra günahkarı ailədə, təhsil sistemində və ya nəzarətsiz qalan sosial şəbəkələrdə axtarırıq.
Bəs uşaqları qatilə və ya qurbana çevirən səbəblərin kökündə nə dayanır?
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Musavat.com-a açıqlamasında bildirib ki, zorakılığın artmasını yalnız məktəbin problemi kimi izah etmək olmaz. Mütəxəssis vurğulayıb ki, uşaq davranışının böyük hissəsini ailə formalaşdırır:
“Ailədə sağlam psixoloji mühit yoxdursa, aqressiya, zorakılıq, qaydalara hörmətsizlik və məsuliyyətsizlik məktəb mühitinə daşınır. Məktəb tərbiyə yeri deyil, amma nümunə yeridir. Uşaq gördüyünü öyrənir və öyrəndiyini davranışa çevirir. Anti-sosial davranış göstərən uşaqlarda zorakılıq, başqalarının hüquqlarına hörmətsizlik, peşmanlıq hissinin zəifliyi və qaydalara qarşı çıxmaq ciddi xəbərdarlıqdır. Valideynlərin övladlarının yanlış davranışlarını “xarakteridir”, “uşaqdır, keçəcək” deyərək ört-basdır etməsi problemin böyüməsinə xidmət edir. Övladına şəxsiyyət kimi yanaşmaq onun hər davranışını qəbul etmək deyil. Sərhəd qoymaq, məsuliyyət tələb etmək və yanlış davranışın nəticəsini göstərmək sağlam şəxsiyyət tərbiyəsinin əsas hissəsidir”.

R.Nəcəfova görə, rəqəmsal dünya artıq hər uşağın əlindədir: “Zorakılığı, cinayəti və aqressiyanı normallaşdıran məzmunlar uşağın düşüncəsinə və davranışına təsir edir. Uşaq zorakılığı əyləncə, güc və üstünlük vasitəsi kimi qəbul etməyə başlayırsa, bu artıq ciddi təhlükədir. Belə vəziyyətlərdə “özümüz həll edərik” yanaşması yolverilməzdir. Uşaqda zorakı davranış, ciddi aqressiya, heyvanlara və insanlara qarşı qəddarlıq, təhdid, qaydalara davamlı etinasızlıq və cinayətə maraq müşahidə edilirsə, psixi sağlamlıq mütəxəssisinə müraciət edilməlidir. Zorakılıq bir gündə yaranmır. Onun arxasında ailə münasibətləri, tərbiyə, sosial mühit, rəqəmsal məzmun və vaxtında müdaxilə edilməmiş davranış problemləri dayanır. Uşağın təhlükəli davranışını “xasiyyət” adlandırmaq problemi həll etmir, sadəcə cinayətin qarşısındakı xəbərdarlıq siqnallarını görməməyə xidmət edir”.
Nigar Həsənli
Musavat.com

