Prezidentdən Xəzərlə bağlı XƏBƏRDARLIQ: Azərbaycanı nə gözləyir?

Prezidentdən Xəzərlə bağlı XƏBƏRDARLIQ: Azərbaycanı nə gözləyir?

Prezident İlham Əliyev Türkmənbaşıda keçirilən Xəzər ekoloji sammitində çıxışı zamanı dənizin səviyyəsinin aşağı düşməsinin sürətləndiyini, akvatoriyanın ümumi sahəsinin isə 20 min kvadrat kilometrdən çox azaldığını bildirib. Dövlət başçısı mövcud tendensiyanın davam edəcəyi təqdirdə nəticələrin fəlakətli ola biləcəyini vurğulayıb.

Qeyd edək ki, Xəzər dənizinin səviyyəsinin sürətlə azalması artıq təkcə ekoloji problem deyil, həm də sahilyanı ərazilərin gələcəyi, biomüxtəliflik, balıqçılıq, gəmiçilik və insanların yaşayış şəraiti ilə bağlı ciddi narahatlıq doğurur. Dənizin sahil xəttinin geri çəkilməsi, dayazlaşmanın sürətlənməsi və yeni quru sahələrinin yaranması problemin miqyasını bir daha gündəmə gətirir. Xəzərin Azərbaycan hissəsində də təxminən 30 min hektar yeni quru sahəsi yaranıb.

Bəs Xəzərin səviyyəsi niyə azalır? Bu prosesin qarşısını almaq mümkündürmü və vəziyyət belə davam edərsə, Azərbaycanı hansı ekoloji və iqtisadi risklər gözləyir? Xəzərin dayazlaşması dəniz canlılarına, sahilyanı yaşayış məntəqələrinə və ölkənin iqtisadiyyatına necə təsir göstərə bilər?

Rövşən Abbasov: Azərbaycanda tezliklə milli biomüxtəliflik fəaliyyət planı  qəbul olunacaq - AZƏRTAC

Mövzu ilə bağlı ekoloq Rövşən Abbasov Musavat.com-a danışıb: “Xəzər dənizinin səviyyəsi ilə bağlı problemlər ötən əsrlər ərzində həm tədqiqatçıların, həm də alimlərin əsas maraq mövzularından biri olub. Bu istiqamətdə müxtəlif elmi fikirlər səsləndirilib, tədqiqatlar aparılıb. Xəzərlə bağlı elmi məqalələri toplasaq, böyük bir kitabxana yaranar. Dənizin səviyyəsinin azalmasının həm geoloji, həm də iqlim amilləri ilə bağlı müxtəlif fərziyyələr və hipotezlər irəli sürülüb”.

Ekoloq bildirib ki, hazırda Xəzərin səviyyəsinə təsir edən amillər iki əsas qrupa — iqlim və antropogen, yəni insan fəaliyyəti ilə bağlı amillərə bölünür: “İqlim dəyişmələri həm Xəzər dənizindən buxarlanmanı artırır, həm də dənizə tökülən çayların təbii sululuğunu azaldır. Bu da təbii ki, Xəzərin səviyyəsinə birbaşa təsir göstərir. Amma unutmayaq ki, Xəzər qapalı su hövzəsidir. Onu qidalandıran əsas mənbələr dənizə tökülən çayların sularıdır. Bu suların həcminin getdikcə azalması ciddi nəticələrə səbəb ola bilər.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Xəzərin səviyyəsinin aşağı düşməsini yalnız iqlim amilləri ilə əlaqələndirmək doğru deyil. Dənizə tökülən çayların da suyu azalır. Bu çaylar əsasən Rusiya və Qazaxıstan ərazilərindən gəlir. Xüsusilə Volqa çayı Xəzərə daxil olan suyun təxminən 80-81 faizini təmin edir. Volqa üzərində su anbarlarının tikilməsi və su götürülməsi nəticəsində çayın sululuğunun azalması Xəzər dənizinin səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə təsir göstərir”.

Ekoloq qeyd edib ki, dənizin dayazlaşmasının nəticələri artıq müxtəlif sahələrdə özünü göstərir: “Bunun nəticələri olduqca ciddidir. Gəmiçilik və nəqliyyat sektorlarında ciddi problemlər yaranır, Xəzərin bioloji ehtiyatlarına və ekosisteminə böyük ziyan dəyir. Turizm sektoru da bu prosesdən ciddi zərər görür. Bütün bunlar Xəzərin səviyyəsinin azalmasının çoxşaxəli və ağır nəticələrə səbəb olduğunu göstərir”.

“Bəs bu prosesin qarşısını necə almaq olar” sualına ekoloq bu cür cavab verib:

“Bunun üçün ilk növbədə Xəzərə tökülən çayların su həcminin bərpasına çalışmaq lazımdır. Çaylardan dənizə daxil olan suyun miqdarı artırılmalıdır ki, Xəzərin su balansı bərpa olunsun. Su balansının bərpası dənizin səviyyəsinin yenidən yüksəlməsinə kömək edə bilər.

Amma bunu demək asan, həyata keçirmək isə çətindir. Əsas sual budur: su balansını necə bərpa etmək, çayların sululuğunu necə artırmaq olar? Bundan ötrü su götürülməsinin həcmini azaltmaq, sənayedə, məişətdə və kənd təsərrüfatında sudan istifadəni daha səmərəli təşkil etmək lazımdır. Lakin bunun hansı üsullarla və hansı miqyasda həyata keçirilə biləcəyi hələ də ciddi müzakirə mövzusudur. Çaylardan götürülən suyun və su israfının azaldılması üçün hansı tədbirlərin görülməsi Xəzərin səviyyəsinin bərpası baxımından mühüm əhəmiyyət daşıyır. Bu məsələ xüsusilə Volqa, Ural və Kür hövzələri üçün aktualdır”.

Xalidə Gəray,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir