Mərkəzi Asiya ölkələri bu qaydanı Azərbaycandan öncə tətbiq edib

Mərkəzi Asiya ölkələri bu qaydanı Azərbaycandan öncə tətbiq edib

Təhsil müəssisələrində tətbiq edilən vahid geyim qaydası bəzi qüvvələr tərəfindən qəsdən “Azərbaycanda hicaba qadağa qoyulub” kimi təbliğ edilir və cəmiyyətdə ajiotaj yaratmaq cəhdləri açıq görünür.

Halbuki, vahid məktəbli formasının tətbiq olunduğu ilk müsəlman ölkəsi Azərbaycan deyil. Azərbaycanla yaxın dostluq, əməkdaşlıq münasibətləri olan dövlətlərdə çoxdan bu qaydalar tətbiq olunur və buna görə də başqa hər hansı geyimdə şagirdlər təhsil müəssisəsinə daxil ola bilməzlər.

Məsələn, Azərbaycanın məktəbli forması ilə bağlı qərarı Mərkəzi Asiyanın demək olar ki, bütün dövlətlərində (Qırğızıstan istisna olmaqla), eləcə də Şimali Kipr Türk Respublikasında (ŞKTR) artıq bir neçə ildir tətbiq olunur.

Tacikistanda 2007-ci ildən məktəblərdə və universitetlərdə hicabla yanaşı, qısa ətəklər də qadağan edilib. 2024-cü ildə dövlət daha da irəli gedərək milli mədəniyyətə “yad” hesab edilən geyimlərin idxalını, satışını, təbliğini və istifadəsini qadağan edib, bu qaydaların pozulmasına görə yüksək məbləğdə cərimələr müəyyənləşdirib.

Qazaxıstanda 2016-cı ildən Təhsil Nazirliyinin məktəbli forması ilə bağlı qərarı şagird və müəllimlərin dini mənsubiyyəti ifadə edən geyimlərdən, o cümlədən hicabdan istifadəsini qadağan edir. Qayda 2023-cü ildə daha da sərtləşdirilib, 2026-cı ildə isə Nazirlik tələblərə əməl etməyən özəl məktəblərin lisenziyalarının ləğv edilə biləcəyini açıqlayıb.

Özbəkistanda isə 2018-ci ildən orta məktəblərdə vahid məktəbli forması qaydası tətbiq edilir və dini mənsubiyyəti ifadə edən geyim elementlərinin, o cümlədən hicabın istifadəsi qadağandır.

Türkmənistanda isə müstəqillik əldə edildikdən bu günə qədər orta məktəb şagirdlərinə məktəbə hicabla gəlmək qadağan edilib. Məktəblərdə yalnız ənənəvi milli baş örtüklərindən istifadəyə icazə verilir.

Şimali Kipr Türk Respublikasında 2025-ci ilin yazınadək orta məktəblərdə baş örtüklərinin istifadəsi qadağan idi. Bu ilin mart ayında Nazirlər Şurası intizam qaydalarına dəyişiklik edərək lisey şagirdlərinə məktəbli formasını tam örtməmək şərtilə baş örtüyündən istifadə etməyə icazə verdi. Orta məktəblərdə bununla bağlı qərar qəbul etmək səlahiyyəti isə məktəb rəhbərliklərinə həvalə edildi. Lakin sentyabrın 25-də Ali Məhkəmə həmin dəyişikliyi konstitusiyaya zidd hesab edərək ləğv etdi və əvvəlki qadağa yenidən qüvvəyə mindi.

Orta məktəblərə şagirdlərin hicabsız getməsi bu ölkələrdə islam ənənələrinin heç də sarsılmasına və dinin zərbə almasına səbəb olmayıb.

Etibar Seyidağa,
Musavat.com

 

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir