17 Oktyabr – Füzuli Şəhəri Günü
Screenshot

17 Oktyabr – Füzuli Şəhəri Günü

Füzuli rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan ərazidə yerləşir. Rayon Cəbrayıl, Xocavənd, Ağcabədi və Beyləqan rayonları, eləcə də Araz çayı boyunca İranla həmsərhəddir. Ərazisindən Quruçay, Köndələnçay və Çərəkən çayları keçir. Rayonun ümumi ərazisi 1386 kvadratkilometrdir.

Füzuli Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Şəhərin əsası 1827-ci ildə qoyulmuş, Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə Qaryagin rayonu yaradılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi münasibətilə rayonun adı dəyişdirilərək Füzuli adlandırılmışdır. Rayon tarixən zəngin mədəni irsi, milli-mənəvi dəyərləri və tarixi-dini abidələri ilə seçilmişdir. Babı kəndindəki XIII əsrə aid Şeyx Babi Yaqub türbəsi, Aşağı Veysəlli kəndində yerləşən XIV əsr Mirəli türbəsi və digər tarixi abidələr bu ərazinin qədim keçmişini əks etdirir.

Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal və müharibə nəticəsində rayon sakinlərindən 663 nəfər şəhid olmuş, 400 nəfərə yaxın insan müharibə əlili olmuş, 181 nəfər əsir və itkin düşmüşdür. Bununla belə, Azərbaycan Ordusu mübarizəni davam etdirmiş, 5 yanvar 1994-cü ildə həyata keçirilən hərbi əməliyyatlar nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.

2020-ci ildə başlanan Vətən müharibəsi Füzulinin tarixində yeni mərhələnin əsasını qoymuşdur. Otuz il ərzində möhkəmləndirilmiş müdafiə xətlərinin yarılması Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini, peşəkarlığını və qəhrəmanlığını nümayiş etdirmişdir. Füzuli uğrunda döyüşlər müharibənin ən ağır və strateji əhəmiyyətli əməliyyatlarından biri olmuşdur. Azərbaycan Ordusunun qətiyyətli iradəsi nəticəsində düşmənin müdafiə sistemi yarılmış, Füzulinin azad edilməsi digər istiqamətlərdə hərbi əməliyyatlar üçün mühüm üstünlüklər yaratmışdır.

17 oktyabr 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Füzuli şəhərini, eləcə də Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndlərini işğaldan azad etmişdir. Vətən müharibəsi zamanı rayonun ümumilikdə 62 yaşayış məntəqəsi azad edilmişdir. Bu Zəfər Azərbaycan xalqının milli birliyinin, Ordumuzun gücünün və dövlətimizin qətiyyətli siyasətinin parlaq təcəssümüdür.

Füzulinin azad olunması uğrunda döyüşlərdə iştirak etmiş hərbi qulluqçuların qəhrəmanlığının qiymətləndirilməsi məqsədilə 26 noyabr 2020-ci ildə “Füzulinin azad olunmasına görə” medalı təsis edilmişdir. Prezident İlham Əliyevin sərəncamları ilə 25 325 hərbi qulluqçu bu medalla təltif olunmuşdur. Bu təltif Vətən uğrunda göstərilən igidlik və fədakarlığın dövlət səviyyəsində yüksək qiymətləndirilməsinin ifadəsidir.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 17 oktyabr Füzuli Şəhəri Günü kimi təsis edilmişdir. Bu əlamətdar gün şəhərin azadlığını, xalqımızın tarixi yaddaşını və ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizəmizi təcəssüm etdirir.

İşğal dövründə Füzulidə tarixi və mədəni irsə ciddi ziyan vurulmuş, yaşayış məntəqələri dağıdılmış, ərazilər minalarla çirkləndirilmişdir. İlkin hesablamalara görə, rayonda yüz mindən çox mina basdırılmışdır. Mina təhlükəsi əhalinin təhlükəsiz qayıdışına və bərpa işlərinə ciddi çətinliklər yaradır. Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri ərazilərin minalardan təmizlənməsi, müharibə nəticəsində dəymiş ziyanın aradan qaldırılması və azad edilmiş torpaqların yenidən həyata qaytarılmasıdır.

Bu gün Füzuli şəhəri Prezident İlham Əliyevin tapşırıq və göstərişləri əsasında genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyi ərazilərdən biridir. Nazirlər Kabineti tərəfindən 18 mart 2023-cü ildə Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan təsdiq edilmişdir. Şəhərdə müasir yaşayış kompleksləri, təhsil və səhiyyə müəssisələri, sosial obyektlər və mühəndis-kommunikasiya sistemləri yaradılır. “Füzuli” 110/35/10 kilovoltluq yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, Köndələnçay su anbarları kompleksi istifadəyə verilmişdir.

Rayonda nəqliyyat infrastrukturunun inkişafı istiqamətində də mühüm layihələr həyata keçirilmişdir. Zəfər yolu, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları bölgənin nəqliyyat imkanlarını genişləndirmişdir. 2021-ci il oktyabrın 26-da cəmi səkkiz ay ərzində inşa edilən Füzuli Beynəlxalq Hava Limanının açılışı Qarabağın yenidən qurulması tarixində mühüm hadisə olmuşdur. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılan hava limanı bölgənin beynəlxalq nəqliyyat əlaqələrinin inkişafına və iqtisadi potensialının artmasına töhfə verir.

Füzulinin dirçəlişində qardaş ölkələrin dəstəyi xüsusi əhəmiyyət daşıyır. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzulidə Mirzə Uluqbəy adına müasir məktəb inşa edilmişdir. Məktəb təhsil infrastrukturu ilə yanaşı, Azərbaycan-Özbəkistan qardaşlığının rəmzidir. 12 mart 2024-cü ildə Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak etmişlər. Bu layihələr Türk dünyasının həmrəyliyini və azad edilmiş ərazilərin bərpasına verdiyi dəstəyi nümayiş etdirir.

Böyük Qayıdış Proqramı çərçivəsində Füzuliyə keçmiş məcburi köçkünlərin qayıdışı 18 avqust 2023-cü ildə başlanmışdır. İlk mərhələdə 144 ailə doğma şəhərinə köçürülmüşdür. 2026-cı il oktyabrın 1-dək Füzuli şəhərinə 827 ailənin, ümumilikdə 3153 nəfərin qayıdışı təmin edilmişdir. Bu proses doğma torpaqlarından didərgin düşmüş insanların öz evlərinə dönməsi ilə yanaşı, şəhərin sosial və iqtisadi həyatının bərpasına da xidmət edir.

Prezident İlham Əliyevin azad edilmiş ərazilərə mütəmadi səfərləri Füzulinin inkişafına göstərilən xüsusi diqqətin bariz nümunəsidir. 16 noyabr 2020-ci ildə şəhərdə Azərbaycan bayrağının ucaldılması və Zəfər yolunun təməlinin qoyulması ilə başlayan quruculuq mərhələsi sonrakı illərdə geniş vüsət almışdır. 2021-ci ildə hava limanının, avtomobil yollarının, yarımstansiyanın və digər infrastruktur obyektlərinin tikintisi ilə bağlı mühüm qərarlar qəbul edilmiş, 2022–2023-cü illərdə yeni yaşayış məntəqələrinin və sosial obyektlərin təməli qoyulmuşdur.

2023-cü il oktyabrın 16-da Cuvarlı və Qoçəhmədli kəndlərinin, Füzuli şəhərində idman kompleksinin, yeni yaşayış komplekslərinin, uşaq bağçasının və inzibati binanın təməlləri qoyulmuş, oktyabrın 17-də isə Prezident İlham Əliyev Füzuli Şəhəri Günü münasibətilə sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. 2024-cü ildə Qazaxıstan, Qırğızıstan və Belarus prezidentlərinin Füzuliyə səfərləri zamanı şəhərin dağıdılmış ərazilərinə və Baş planına baxış keçirilmiş, infrastruktur layihələri ilə tanışlıq olmuşdur. 2025-ci ildə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun açılışı, yeni kəndlərin təməllərinin qoyulması, 2026-cı ildə isə Azərbaycan və Türkmənistan prezidentlərinin Füzuliyə səfəri bərpa və quruculuq prosesinin davamlı xarakter daşıdığını göstərir.

Bu gün Füzuli işğalın ağır nəticələrindən dirçəlişə, dağıntılardan müasir şəhərsalma nümunəsinə doğru inamla irəliləyir. Burada həyata keçirilən layihələr dövlətimizin iqtisadi imkanlarını, xalqımızın quruculuq əzmini və Böyük Qayıdışın ardıcıl şəkildə reallaşdırıldığını nümayiş etdirir.

17 Oktyabr – Füzuli Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, milli birliyinin və doğma torpaqlara qayıdış iradəsinin təntənəsidir. Füzulinin yenidən qurulması və sakinlərin doğma yurdlarına qayıdışı Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra başlanan yeni inkişaf mərhələsinin mühüm göstəricisidir.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir