Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı Azərbaycanın beynəlxalq mövqeyini və tarixi Zəfərini bir daha nümayiş etdirib

Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı Azərbaycanın beynəlxalq mövqeyini və tarixi Zəfərini bir daha nümayiş etdirib

2026-cı il oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin müstəqil xarici siyasəti, regionda təhlükəsizliyin təmin olunması, beynəlxalq hüququn prinsipləri və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı mühüm məsələlərə toxunub.

Dövlətimizin başçısı qeyd edib ki, Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfələr verir. Ölkəmizin xarici siyasəti dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, bərabərhüquqluluğa və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanır. Prezident İlham Əliyev beynəlxalq münasibətlərdə ikili standartların aradan qaldırılmasının və beynəlxalq təşkilatların qərarlarının icrasının təmin edilməsinin vacibliyini vurğulayıb.

Çıxışda Ermənistanın Azərbaycana qarşı uzun illər davam edən hərbi təcavüzü, torpaqlarımızın işğalı və yüz minlərlə azərbaycanlının doğma yurdlarından didərgin salınması ilə bağlı tarixi faktlar diqqətə çatdırılıb. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsinin uzun müddət icrasız qalması beynəlxalq sistemdə mövcud olan ikili standartların bariz nümunəsi kimi təqdim edilib. Həmçinin ATƏT-in Minsk qrupunun münaqişənin həllində səmərəli nəticə əldə edə bilmədiyi qeyd olunub.

Prezident İlham Əliyev bildirib ki, Ermənistanın işğalçı siyasəti və hərbi təxribatları Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək hüququndan istifadə etməsini zəruri edib. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu işğal altındakı ərazilərin böyük hissəsini azad edib və Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı imzalamağa məcbur olub.

2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində isə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa edilib, ölkəmizin ərazisində separatizmə son qoyulub. Dövlətimizin başçısı vurğulayıb ki, beynəlxalq hüququn norma və prinsiplərinin uzun müddət pozulmasına, beynəlxalq təşkilatların qərarlarının icrasız qalmasına baxmayaraq, Azərbaycan öz suverenliyini bərpa etməyə nail olub.

Çıxışında Prezident İlham Əliyev müharibənin Azərbaycanın seçimi olmadığını, ölkəmizin uzun illər sülh yolu ilə həll axtardığını bildirib. Azərbaycan xalqının üzləşdiyi ağır itkilərə və dağıntılara baxmayaraq, müharibədən sonra Ermənistana sülh təklif edilməsi dövlətimizin humanist dəyərlərə və sülhə sadiqliyinin göstəricisi kimi qiymətləndirilib. Prezident regionda əldə olunan sülhün qorunmasının və möhkəmləndirilməsinin vacibliyini xüsusi qeyd edib.

Dövlətimizin başçısı beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb ki, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrasını təmin edən təsirli mexanizmlər formalaşdırılmadıqca, dünyada münaqişələrin qarşısının alınması çətin olaraq qalacaq. Azərbaycanın təcrübəsi göstərir ki, beynəlxalq hüququn prinsipləri bütün dövlətlərə münasibətdə eyni qaydada tətbiq olunmalıdır.

Zirvə görüşündə Azərbaycanın AQEM-ə ikiillik sədrliyi dövründə həyata keçirdiyi fəaliyyət də yüksək qiymətləndirilib. Ölkəmiz təşkilatın institusional və hüquqi imkanlarının gücləndirilməsinə, üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə, nəqliyyat və bağlantıların inkişafına, rəqəmsallaşmaya, ətraf mühitin mühafizəsinə, turizmə, təhsil və elm sahələrində tərəfdaşlığa mühüm töhfələr verib.

Prezident İlham Əliyevin çıxışı Azərbaycanın beynəlxalq münasibətlərdə müstəqil mövqeyini, milli maraqlarını qətiyyətlə müdafiə etdiyini, ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini, eyni zamanda regionda davamlı sülhün və əməkdaşlığın təmin olunmasını dəstəklədiyini bir daha nümayiş etdirib.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir