Bu məlumatları yayanlar işini itirə bilər – RƏSMİ

Bu məlumatları yayanlar işini itirə bilər – RƏSMİ

Əmək Məcəlləsinə edilən son dəyişikliklərlə dövlət və kommersiya sirri ilə yanaşı, vergi sirrinin yayılması və ya onun qorunması ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi də əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Dəyişiklik işçinin əmək müqaviləsinə xitam verilməsi üçün əsas yarada bilən halların əhatəsini genişləndirir.

Əmək Məcəlləsinin 72-ci maddəsinin “d” bəndinə edilən dəyişikliklə əvvəlki redaksiyada yer alan “qəsdən istehsal, kommersiya və ya dövlət” ifadəsi “dövlət, kommersiya və (və ya) vergi” sözləri ilə əvəzlənib.

Beləliklə, dövlət, kommersiya və vergi sirrinin yayılması, eləcə də həmin məlumatların gizli saxlanılması ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması halları sırasına daxil edilib.

Dəyişikliyin diqqətçəkən məqamlarından biri əvvəlki redaksiyada yer alan “qəsdən” sözünün çıxarılmasıdır. Əvvəllər işçinin sirri qəsdən yaydığının sübut edilməsi məsələsi mübahisələrə səbəb ola bilirdi. Yeni redaksiyada isə bu ifadə yer almadığından, hərəkətin qəsdən, yoxsa ehtiyatsızlıqdan törədilməsi ilə bağlı hüquqi qiymətləndirmə dəyişə bilər.

Məsələn, işçi müəssisəyə aid kommersiya sirrini özünün sosial şəbəkə hesabında paylaşarsa və bunun ehtiyatsızlıqdan baş verdiyini iddia edərsə, əvvəlki redaksiyada işəgötürən paylaşımın qəsdən edildiyini sübut etməli idi. Yeni dəyişiklikdən sonra isə sirrin yayılması faktının özü hüquqi qiymətləndirmə baxımından əhəmiyyət daşıyır. Bununla belə, əmək müqaviləsinə xitamın qanuniliyinin müəyyən edilməsi konkret hallardan və qanunvericiliyin digər tələblərindən asılıdır.

Dövlət, kommersiya və vergi sirri nədir?

“Dövlət sirri haqqında” Qanuna əsasən, dövlət sirri dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olan, yayılması ölkənin təhlükəsizliyinə ziyan vura bilən və dövlət tərəfindən mühafizə edilən məlumatlardır.

“Kommersiya sirri haqqında” Qanuna görə, kommersiya sirri hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və digər fəaliyyəti ilə bağlı olub, sahibinin razılığı olmadan açıqlanması onun qanuni maraqlarına ziyan vura bilən məlumatlardır.

Vergi sirri isə Vergi Məcəlləsinin 30-cu maddəsi ilə tənzimlənir. Ümumi qaydaya görə, vergi orqanlarının və onların vəzifəli şəxslərinin vergi ödəyicisi barədə əldə etdikləri məlumatlar, qanunla müəyyən edilmiş istisnalar nəzərə alınmaqla, vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur.

Vergi Məcəlləsində vergi sirri sayılmayan məlumatlar da müəyyən edilib. Bunlara vergi ödəyicisinin razılığı ilə açıqlanan məlumatlar, eyniləşdirmə nömrəsi, nizamnamə kapitalı, vergi qanunvericiliyinin pozulması və buna görə tətbiq edilən məsuliyyət tədbirləri, vergi borcları, ƏDV qeydiyyatı və riskli vergi ödəyicisi statusu ilə bağlı məlumatlar daxildir. Hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar da qanunda göstərilən istisnalar nəzərə alınmaqla bu siyahıya aiddir.

Məsələn, nizamnamə kapitalı 100 manat olan bir hüquqi şəxsin 20 min manat vergi borcu varsa və həmin müəssisə 2026-cı il ərzində 100 min manat vergi ödəyibsə, nizamnamə kapitalı və vergi borcu barədə məlumatlar qanunla müəyyən edilmiş qaydada vergi sirri hesab edilmir. Bununla belə, təsisçilər barədə məlumatlar və il ərzində ödənilmiş verginin məbləği ilə bağlı məlumatların açıqlanması məsələsi onların hüquqi statusu və qanundakı istisnalar nəzərə alınmaqla qiymətləndirilməlidir.

Beləliklə, Əmək Məcəlləsinə edilən dəyişiklik işçilərin dövlət, kommersiya və vergi sirrinin qorunması ilə bağlı məsuliyyətini ön plana çıxarır. Bu məlumatların yayılması və ya onların məxfiliyinin qorunması üzrə öhdəliklərin pozulması əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilər./yenisabah/

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir