“Dövlət Müstəqilliyimizin Bərpası Günü münasibətilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevə ünvanladığı təbrik mesajı iki ölkə arasındakı münasibətlərin siyasi və diplomatik əhəmiyyətini bir daha göstərdi. Qardaşlığa, yaxın dostluğa və əlaqələrin xüsusi xarakterinə verilən vurğu rəsmi Ankaranın Bakıya yanaşmasının ardıcıllığını nümayiş etdirir”.
Bu fikirləri Musavat.com-a açıqlamasında Azərbaycan parlamentinin təmsilçisi Naqif Həmzəyev səsləndirib.

O vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri bir təbrik məktubundan daha dərindir:
““Bir millət, iki dövlət” anlayışı uzun illərin sınağından keçib. Bu dostluq 2020-ci ildə siyasi və mənəvi dəstəkdə, 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsində, enerji və nəqliyyat layihələrində, iqtisadi və humanitar əməkdaşlıqda öz əksini tapıb. Belə bir tarixi və strateji bağlılıq anlıq emosiyalarla, sosial şəbəkə mübahisələri ilə və ya ayrı-ayrı şəxslərin çıxışları ilə sarsıla bilməz. Buna baxmayaraq, informasiya məkanında bu münasibətlərə kölgə salmağa çalışan səslər də eşidilir. Onların motivləri müxtəlif ola bilər. Daxili siyasi çəkişmələr, regional rəqabət, ya da sadəcə diqqət qazanmaq istəyi bu motivləri təşkil edir. Bəzən təhrikedici başlıqlar, kontekstdən çıxarılmış sitatlar və yoxlanılmamış məlumatlar iki xalq arasında süni gərginlik yaratmaq üçün istifadə olunur. Belə halları bütöv bir dövlətin və ya xalqın mövqeyi kimi təqdim etmək yanlış olardı. Çünki Türkiyə cəmiyyətinin böyük əksəriyyəti Azərbaycana səmimi münasibət bəsləyir, Azərbaycan cəmiyyəti də eyni hissləri paylaşır. Bu səbəbdən məsələyə soyuqqanlı yanaşmaq lazımdır”.
Deputat xatırladıb ki, burada hər iddia faktlarla yoxlanmalı, dezinformasiya operativ şəkildə təkzib olunmalıdır:
“Jurnalistlərin, ekspertlərin, universitetlərin və vətəndaş cəmiyyətinin birbaşa əlaqələri bu cür təşəbbüslərin ən təsirli əks-çəkisidir. Rəsmi səviyyədə səslənən dostluq çağırışı ictimai müzakirələrdə də məsuliyyətlə müdafiə olunduqda daha güclü təsir göstərir. Azərbaycan-Türkiyə qardaşlığı ayrı-ayrı şəxslərin və ya dairələrin kampaniyalarından yüksəkdir. Tarixin, qanın, dilin və ortaq maraqların bərkitdiyi bu münasibətə kölgə salmaq istəyənlər nə qədər səy göstərsələr də, onu zəiflədə bilməyəcəklər”.
Cavanşir Abbaslı
Musavat.com

