Azərbaycana “idxal terapiyası” – Şok statistika

Azərbaycana “idxal terapiyası” – Şok statistika

2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycana 2 milyard 67 milyon 672 min dollar dəyərində yeyinti məhsulları idxal olunub.

2025-ci ilin ilk 9 ayında bu göstərici 1 milyard 880 milyon 465 min dollar idi. Beləliklə, ərzaq idxalı 187 milyon 207 min dollar və ya 10 % artıb.

Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər görülsə də hələ də Azərbaycan idxaldan asılı ölkə olaraq qalır. Hətta idxalla bağlı artım müşahidə olunur.

Azərbaycanda idxaldan asılılığın artması iqtisadiyyatın daxili tələbatı yerli istehsal hesabına tam ödəyə bilməməsi, qeyri-neft sektorunun inkişafındakı məhdudiyyətlər və istehsalın bir sıra sahələrdə xarici xammal, avadanlıq və texnologiyalardan asılı olması ilə əlaqədardır. Azərbaycanın ixrac gəlirlərinin böyük hissəsi neft və qazdan formalaşır. Lakin neft ixracından əldə olunan gəlirlər ölkənin bütün istehlak və istehsal ehtiyaclarını yerli məhsullarla təmin etmir.Nəticədə neft satışından əldə edilən valyuta hesabına ərzaq, sənaye məhsulları, avtomobillər, texnologiya və digər mallar idxal olunur.

İdxaldan asılılığı azaltmaq üçün hansı təxirəsalınmaz addımlar atılmalıdır?

MARKETDƏ ƏN ÇOX PUL ÖDƏDİYİMİZ MƏHSULLAR – Ərzaq bazarında qiymətlər - TAM  SİYAHI | AzPolitika.info

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Musavat.com-a bildirib ki, ərzaq idxalının 10 faiz artması avtomatik olaraq ərzaq təhlükəsizliyinin pisləşməsi demək deyil. Onun sözlərinə görə, qiymət artımlarına həm idxal məhsullarının, həm də yerli istehsalın bahalaşması, eləcə də inflyasiya təsir göstərir: “Ərzaq idxalının 10 faiz artması avtomatik olaraq problemin yaranması və ya ərzaq təhlükəsizliyinin pisləşməsi demək deyil. Qiymət artımları da var, yəni idxal məhsullarının qiymətləri yüksəlir. Amma idxal qiymətlərini bir kənara qoysaq, yerli istehsalın məhsulları da bahalaşır. İnflyasiya var, həm qlobal miqyasda, həm də ölkə daxilində qiymətlər artır. Bir məqamı başa düşməliyik: biz həmişə idxaldan asılı olacağıq. Bunun alternativi yoxdur. Çünki Rusiya kimi nəhəng dövlət deyilik ki, bütün resurslarımız olsun, hər şeyi ölkə daxilində istehsal etmək imkanımız olsun. Eyni zamanda, Qazaxıstan kimi də deyilik. Burada hər şeyi istehsal etmək də mümkün deyil. Məsələn, müəyyən bir ərazidə taxıl əkirsinizsə, həmin ərazidə meyvə bağı sala bilməzsiniz. Yəni, ölkəmizin ərazisi kiçikdir. Torpaqlarımızın böyük hissəsi əkinçilik üçün əlverişli deyil, xüsusi çətinliklər yaradan torpaq sahələri çoxdur. Təbiətin bizə bəxş etdiyi imkanların da müəyyən sərhədləri var. Ölkə ərazisinin təxminən yarısı yarımsəhra iqliminə malikdir. Belə ərazilərdə əkin-biçinlə məşğul olmaq da baha başa gəlir. Su təminatımız zəifdir və sair”.

Ekspertə görə, söhbət strateji əhəmiyyətli məhsullardan gedirsə, burada xarici asılılığı, xüsusilə də bir ölkədən asılılığı azaltmaq mümkündür: “Eyni zamanda, ehtiyatlar yaradılmalıdır ki, hər hansı istiqamətdə problem yarananda, məsələn, dəmir yolu xətti sıradan çıxanda, boğaz bağlananda və ya digər nəqliyyat çətinlikləri meydana gələndə ölkə ərzaq təminatında ciddi problemlərlə üzləşməsin. Bu istiqamətdə bir sıra addımlar atıla bilər. Məsələn, strateji baxımdan vacib hesab olunan və ölkə daxilində istehsalı iqtisadi cəhətdən əlverişli olan məhsulların yerli istehsalını artırmaq lazımdır. Həmçinin tədarükün bir istiqamətdən asılılığını azaltmaq, müxtəlif ölkələrlə və alternativ marşrutlarla işləmək vacibdir.Bəs niyə biz bir istiqamətdən asılı vəziyyətə düşürük? Məsələ ondadır ki, sahibkar hesablayır: bir ölkədən məhsul alanda onun maya dəyəri 5 manata, başqa ölkədən alanda isə 6 manata başa gəlir. Təbii ki, o, 5 manatlıq istiqaməti seçir. Hətta məhsulu 9 manata satacaqsa belə, düşünür ki, niyə 6 manat xərc çəksin? Birinci variantda 4 manat, ikinci variantda isə 3 manat qazanc əldə edəcək.Yəni sahibkarın qərarına satış qiymətindən daha çox alış qiyməti təsir edir. Burada əsas məsələ iqtisadi maraqlardır. Sahibkar öz mənfəətini düşünür və bu, təbiidir. Ancaq dövlətin vəzifəsi elə şərait yaratmaqdır ki, iqtisadi səmərəliliklə yanaşı, ərzaq təhlükəsizliyi də təmin olunsun”.

Neft qiymətlərinin artması dövlət gəlirlərini və maliyyə sabitliyini  gücləndirir" - Xalid Kərimli | QHT.az

İqtisadçı hesab edir ki, hər hansı ərzaq məhsulunun qiyməti ciddi şəkildə artıbsa və ya azalıbsa, bunun səbəbləri araşdırılmalıdır: “Tutaq ki, əvvəllər yerli istehsal 100 vahid idisə, indi 80 vahidə düşüb. Niyə? əlaqədar qurumlar gedib həmin müəssisənin problemləri ilə maraqlanmalıdırlar. Nə dəyişib, istehsal niyə azalıb? Bu biznesin problemlərini başa düşmək lazımdır. Hansı sahədə vəziyyət pisləşməyə başlayırsa, ən azı həmin sahədə fəaliyyət göstərən sahibkarlarla görüşmək, danışmaq, vəziyyəti araşdırmaq lazımdır. Dövlət qulluqçuları xidmət göstərməlidirlər. Onlar xidmət etdikləri sahələrin yanında olmalı, problemləri başa düşməli və həllinə kömək etməlidirlər”.

X.Kərimli kənd təsərrüfatı ilə bağlı proqramın qəbul edildiyini xatırladıb: “Burada əsas məsələlərdən biri məhsuldarlığın artırılmasıdır. Məsələn, eyni sahədən 18 sentner arpa və ya buğda da götürmək olar, 35-40 sentner də. Torpaq sahəmiz məhduddur. Ona görə də ərzaq təminatını yaxşılaşdırmağın yeganə yolu əkin sahələrini genişləndirmək deyil. Bununla ciddi nəticə əldə etmək mümkün olmayacaq, çünki ölkənin ümumi torpaq fondu və əkinə yararlı torpaqların həcmi bəllidir. Biz əkinə yararlı torpaqların sahəsini istədiyimiz qədər artıra bilmərik. Bəs nə etməliyik? Mövcud torpaqlarda məhsuldarlığı artırmalıyıq. Kənd təsərrüfatı proqramında müxtəlif istiqamətlər nəzərdə tutulub. Onların təfərrüatına varmaq istəmirəm. Heyvandarlığın inkişafı, yem bazasının gücləndirilməsi, damazlıq heyvanlarla bağlı məsələlər, baytarlıq xidmətləri və digər istiqamətlər var. İndi rəqəmsal idarəetmədən danışanda onun yanına süni intellekt ifadəsini də əlavə edirlər. Əvvəllər innovasiya sözünü işlədirdilər, indi isə süni intellekt ifadəsini gündəmə gətirirlər. Amma əsas məsələ sözlər deyil, real nəticə əldə etməkdir. Kənd təsərrüfatı məhsullarının istehsalının inkişafı üçün emal müəssisələrinin də genişləndirilməsi çox vacibdir. Biz məhsulları yalnız xam şəkildə ixrac etməməliyik. Məsələn, pomidoru xam halda göndərmək əvəzinə, ondan tomat hazırlayıb və ya qurudulmuş məhsul şəklində ixrac etmək olar. Məhsula əlavə dəyər qazandırmaq lazımdır ki, sahibkarın həmin sahədə fəaliyyət göstərmək imkanları genişlənsin və daha çox gəlir əldə edə bilsin. Digər vacib məsələ kənd təsərrüfatı məhsullarının saxlanmasıdır. Məsələn, qeyd etdiyiniz kimi, gilasın bir hissəsi aparılıb çölə tökülüb. Düzdür, gilas tez xarab olan məhsuldur. Amma kənd təsərrüfatında saxlama məsələsi çox vacibdir. Biz elə düşünməməliyik ki, sahibkarın əlində məhsul qalıbsa, onu ucuz qiymətə satıb, biz də ucuz alıb sevinməliyik. Sahibkar ziyana düşəndə növbəti il həmin sahədə əkin aparmaya bilər. Düşünə bilər ki, bu məhsulu istehsal etməyin mənası yoxdur. Nəticədə gələcəkdə həmin məhsulun istehsalı da azala bilər. Ona görə də kənd təsərrüfatı məhsullarının saxlanması üçün infrastrukturun yaradılması çox vacibdir. Məhsulun bazara çıxarılması və saxlanması imkanları geniş olmalıdır ki, sahibkarlar ziyana düşməsinlər, istehsalı davam etdirməkdə maraqlı olsunlar”.

Afaq Mirayiq,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir