Bakıda restoranlardan birində əcnəbi turistə təqdim olunan hesab ətrafında yaranan narazılıq ictimai müzakirələrə səbəb olub. Turistin iddiasına görə, sifariş zamanı menyuda göstərilən qiymətlər əsas götürülsə də, hesab ödənilərkən yeməklərin qiyməti ikiqat baha hesablanıb. Məbləğin menyudakı qiymətlərə uyğunlaşdırılması üçün dəfələrlə müraciət edilsə də, problemin həll olunmadığı bildirilir.

Bu hadisə restoranlarda qiymət şəffaflığı, istehlakçı hüquqlarının qorunması və müştərilərə göstərilən xidmətin keyfiyyəti ilə bağlı sualları yenidən gündəmə gətirir. Menyuda bir qiymətin göstərilməsi, hesabda isə başqa məbləğin tələb olunması hansı hallarda qanun pozuntusu sayıla bilər? Restoran müştəridən menyuda göstəriləndən artıq ödəniş tələb edə bilərmi? Belə hallarla qarşılaşan istehlakçılar hüquqlarını necə qorumalı, hara müraciət etməlidirlər? Xüsusilə turistlərə qarşı bu cür halların baş verməsi Azərbaycanın turizm imicinə və ölkədə xidmət sektoruna olan etimada necə təsir göstərir?
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a danışıb. O bildirib ki, biznes qurumları üçün yaradılan xüsusi toxunulmazlıq şəraiti istehlakçı hüquqlarının qorunması məsələsini arxa plana keçirib: “Bəzi biznes qurumları üçün xüsusi toxunulmazlıq şəraiti yaradılıb və bu şərait xarici ölkələrin ekspertləri tərəfindən hazırlanıb. Mən həmin ekspertlərlə, yəni yoxlamaların ləğvi məsələsi üzərində işləyən şəxslərlə də görüşmüşəm və onlara sual vermişəm: istehlakçı hüquqlarının qorunması ilə bağlı yoxlamaları nə üçün arxa plana keçirmisiniz? Əlbəttə, Azad İstehlakçılar Birliyi də yoxlamaların azaldılmasının tərəfdarıdır. Biz biznes qurumlarının kiməsə rüşvət verməsinin qəti əleyhinəyik. Çünki heç kim öz cibindən rüşvət vermir, həmin pullar istehlakçılardan alınır. Korrupsiya pulları, verilən rüşvətlər nəticə etibarilə istehlakçıların ödədiyi vəsait hesabına formalaşır, malların və xidmətlərin qiymətinə əlavə olunur”.
Eyyub Hüseynov qeyd edib ki, bəzi biznes qurumlarının bu cür davranışı ölkənin turizm siyasətinə də mənfi təsir göstərir: “Belə bir şəraitdə fəaliyyət göstərən Azərbaycan biznes qurumları artıq elə bir həddə gəlib çatıblar ki, sanki hökumətin digər siyasətini, o cümlədən turizm siyasətini boykot edirlər. Menyuda bir qiymət göstərib turistlərdən daha artıq pul tələb etmək, onları aldatmaq ölkənin turizm siyasətinə zərbə vurmaq deməkdir. Mən bir turizm həvəskarı və dünyanın bir çox ölkələrində olmuş şəxs kimi qeyd edirəm ki, belə hallar turistlərin yaddaşında qalır, sosial şəbəkələrdə yayılır, insanlar öz təcrübələrini başqaları ilə bölüşürlər. Nəticədə ölkə haqqında mənfi rəy formalaşır. Sanki dövlət qurumları arasında koordinasiya, eləcə də dövlət orqanları ilə biznes qurumları arasında sıx əməkdaşlıq yoxdur”.
Qurum sədri yerli və xarici istehlakçılara fərqli qiymətlərin tətbiq edilməsini də düzgün hesab etmədiyini bildirib: “İnsanların yerli və ya xarici olmasını nəzərə alaraq onlara fərqli qiymətlər tətbiq etmək anormal haldır. Düzdür, mən başqa ölkələrdə də bu cür hallarla qarşılaşmışam. Məsələn, Çin səddinə çıxmaq üçün yerli sakinlərə və xarici turistlərə fərqli qiymətlər tətbiq olunur. Vatikana girişdə, eləcə də Kolizeydə yerli sakinlər və xarici turistlər üçün ayrı-ayrı tariflər müəyyənləşdirilir. Muzeylərdə də belə hallara rast gəlinir. Ancaq mən bunları da anormal hesab edirəm. Dünya istehlakçı təşkilatının üzvü olaraq beynəlxalq qurumlarda xarici həmkarlarımızla bu məsələləri müzakirə edirəm. Hesab edirəm ki, digər ölkələr də bütün dünya vətəndaşlarına eyni tariflə yanaşmalıdırlar. Bu, normal yanaşmadır. Azərbaycanda belə hallar istehlakçılar arasında ciddi narazılıq yaradır. Hətta yerli istehlakçılar da xarici turistlərə bu cür münasibətin əleyhinədirlər. Çünki bu gün yerli istehlakçı olan şəxs sabah başqa ölkədə xarici istehlakçıya çevrilə bilər. Biznesin insanlardan artıq pul almağa çalışması kimi mənfi tendensiyalar bir ölkədən digərinə yayıla bilər. Düşünürəm ki, dövlət orqanları bu cür hallara qarşı ciddi tədbirlər görməlidir. İstehlakçı şikayətləri və mediada yayılan məlumatlar əsasında yoxlamalar bərpa olunmalı, biznes qurumlarının bu cür özbaşınalığına son qoyulmalıdır. Azad İstehlakçılar Birliyi bu vəziyyəti pisləyir. Menyuda hansı qiymət göstərilibsə, həmin yeməyin qiyməti də elə olmalıdır. İstehlakçının yerli və ya xarici olmasından asılı olmayaraq, o, menyuda göstərilən qiyməti ödəməlidir”.
Xalidə Gəray
Musavat.com

