“Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) lokallaşdırılmasında pilot şəhərlər Şuşa və Naxçıvan seçilib”.
Bunu Xankəndidə keçirilən “Qarabağda DİM anı: Gələcək üçün Azərbaycan–BMT tərəfdaşlığı” mövzusunda yüksək səviyyəli strateji dialoq çərçivəsində jurnalistlərə müsahibəsində iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov bildirib.
“Bu gün Qarabağda BMT-Azərbaycan tərəfdaşlığı üzrə 3-cü yüksək səviyyəli görüş keçirilir. Bundan əvvəl eyni tədbir 2022-ci ildə Şuşa şəhərində, 2023-cü ildə Ağdam şəhərində olub. Görüşlərdə əsas müzakirə mövzuları qarşıdakı dövr ərzində Azərbaycan hökuməti və BMT arasında imzalanmış dayanıqlı inkişafa dair tərəfdaşlıq sənədlərinin icrasıdır. DİM-in lokallaşdırılması məqsədilə yol xəritələri -2 illik bir dövrü əhatə edən layihə hazırdır. Layihə çərçivəsində hər iki şəhərin spesifikası nəzərə alınıb, onların inkişaf planına inteqrasiya edilməsi nəzərdə tutulub”, – o qeyd edib. (report)
Hüquqşünas Sahib Məmmədov Musavat.com-a sözügedən açıqlamanı şərh edib.

Ekspert xatırladıb ki, Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı arasında 2026-2030-cu illər üçün Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb:
“Azərbaycan hökuməti adından sənədi Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov imzalayıb. Həmin dayanıqlı inkişaf məqsədlərinin ölkə üzrə koordinator təşkilatı da İqtisadiyyat Nazirliyidir. Çərçivə sənədində bu dövr üçün bir neçə prioritet nəzərdə tutulub: insan kapitalının inkişafı, innovasiyaların, ekosistemlərin, iqlimə davamlılığın, səmərəli yaşıl keçidin təşviqi, inklüziv artımın təmin edilməsi. Bu çərçivədə Azərbaycan dövləti tərəfindən müəyyən fəaliyyətlər nəzərdə tutulur. H.Hüseynovun bildirdiyinə görə, dayanıqlı inkişaf məqsədlərinin tətbiqi üçün iki şəhər seçilib. Sənəddə dayanıqlı inkişaf məqsədlərinin sayı 17 olsa da, Azərbaycan hökumətinin həyata keçirəcəyi fəaliyyətlərin lokallaşdırılacağı və tətbiq olunacağı əsas şəhərlər Şuşa və Naxçıvan olacaq”.
Nigar Həsənli
Musavat.com

