Qazaxıstanda böyük sərvətə malik şəxslər üçün daha yüksək vergi dərəcələrinin tətbiqi müzakirəyə çıxarılacaq. Ölkə Prezidenti Kasım-Jomart Tokayev iri sərvət sahiblərinin dövlət büdcəsinə daha çox töhfə verməsinin vacibliyini bildirib.

Bəs Azərbaycanda yüksək gəlirli şəxslər və iri sərvət sahibləri üçün daha yüksək vergi dərəcələrinin tətbiqi nə dərəcədə məqsədəuyğun olardı? Belə bir sistem dövlət büdcəsinin gəlirlərini artıra və sosial ədalətə töhfə verə bilərmi?
Bank məsələləri üzrə vəkil Əkrəm Həsənov Musavat.com-a bildirib ki, o, elə bir neçə ildir böyük sərvətə malik şəxslərin əmlakına yüksək vergi tətbiq olunmasını təklif edir.
Vəkilin sözlərinə görə, müəyyən həddən artıq daşınmaz əmlaka, böyük torpaq sahələrinə, sahəsi geniş olan binalara və çox bahalı avtomobillərə yüksək əmlak vergisi tətbiq edilməlidir. O, xüsusilə əmlak və torpaq vergilərinin artırılmasının tərəfdarı olduğunu vurğulayıb: “Böyük sərvətə, yəni daşınmaz əmlaka, müəyyən həddən yuxarı olan torpaq sahələrinə, hündürmərtəbəli binalara və sairə, sahəsi böyük olan tikililərə, çox bahalı avtomobillərə və digər bu kimi əmlaklara ən azı yüksək əmlak vergisinin tətbiq olunmasının tərəfdarıyam. Xüsusilə onların üzərinə yüksək əmlak vergisi və torpaq vergisi qoyulmalıdır”.

Əkrəm Həsənov qeyd edib ki, bəzən dövlətin müxtəlif sosial ödənişlər, o cümlədən uşaq pulu vermək üçün vəsaitinin olmadığı bildirilir: “Məsələ bu deyil. Varlılardan almaq, kasıblara vermək lazımdır. Bir sıra ölkələrdə də bu var. Üstəlik, söhbət təkcə bundan getmir. Vərəsəlik məsələsi də var”.
Vəkil miras əmlakın vergiyə cəlb olunması məsələsinə də toxunub. O bildirib ki, Azərbaycanda miras qalan əmlaka görə vergi tutulmur, halbuki bir sıra ölkələrdə, xüsusilə də bahalı əmlakın vərəsəlik yolu ilə ötürülməsi zamanı vergi tətbiq olunur: “Sən bu əmlakı özün qazanmısan. İndi halal yolla, haram yolla qazanmağın başqa məsələdir. Amma sənin övladın bu əmlakı qazanmayıb. Bəs niyə ona qalmalıdır və bu zaman dövlətə də vergi verilməməlidir? Verilməlidir, orada da yüksək vergi qoymaq lazımdır. İnanın ki, bunun Azərbaycana heç bir mənfi təsiri olmayacaq. Onsuz da Azərbaycandan nə isə çıxarmaq istəyənlər bunu edirlər. Amma indi elə bir dünyada, elə bir dövrdə yaşayırıq ki, hamı hər şeyi xaricə çıxarmaqdan qorxur. Görürsünüz, Britaniyada da bir də görürsən soruşurlar ki, “hardandır səndə?”, mənbəyi bilinməyən əmlakı əlindən alırlar. Buna görə də bir sıra insanlar əmlaklarını yenə Azərbaycanda saxlayırlar. Onlara da yüksək vergi tətbiq olunmalıdır”.
Afaq Mirayiq,
Musavat.com

