Azərbaycanda hotellər boş qalıb – İLGİNC səbəb

Azərbaycanda hotellər boş qalıb – İLGİNC səbəb

Azərbaycanda turizm sektorunda gecələmələrin sayı azalıb. 2026-cı ilin yanvar-sentyabr aylarında mehmanxana və mehmanxana tipli obyektlərdə 3 milyon 239,3 min gecələmə qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz azdır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin gecələmələrinin sayı da 4,7 faiz azalaraq 1 milyon 845,6 min təşkil edib.

Statistikaya əsasən, gecələmələrin 55,9 faizi Bakının, 5,2 faizi Qusarın, 5,1 faizi Naftalanın, 4,7 faizi Xaçmazın, 3,9 faizi isə Qəbələnin payına düşüb. Xarici qonaqların hotellərdə keçirdiyi gecələmələrin 81,4 faizi Bakıda qeydə alınıb. Bu göstəricilər turizm sektorunda tələbatın azalması ilə yanaşı, bölgələr üzrə qeyri-bərabər bölgünü də gündəmə gətirir.

İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, gecələmələrin sayının azalmasının əsas səbəblərindən biri Azərbaycana gələn turistlərin sayının aşağı düşməsidir.

“Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana gələn turistlərin sayında təxminən 8 faiz azalma var. Quru sərhədləri bağlı qalacaqsa, turizm sektorunda artım olmayacaq. Bunu birdəfəlik anlamaq lazımdır.

İkinci səbəb isə təbii ki, qiymətlərlə bağlıdır. Regionlardakı otellərdə də qiymətlər ciddi şəkildə artıb. Xüsusilə tam pansion xidməti göstərən, yəni gündə üç dəfə yemək təklif edən otellərdə qiymət artımı daha çoxdur. Bunun səbəblərindən biri ərzaq məhsullarının bahalaşmasıdır. Ərzaq qiymətlərinin artması xidmətlərin də bahalaşmasına gətirib çıxarır”.

“Bir çox səbəb var. Əsas amillərdən biri, qeyd etdiyim kimi, turizmə marağın və turistlərin sayının azalmasıdır. Xarici turistlərin sayının azalması ilə yanaşı, daxili turistlərin sayına da qiymət artımı təsir edir”, – deyə iqtisadçı vurğulayıb.

E.Məmmədəliyev,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir