İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdəki büdcə müzakirələri zamanı çıxış edib.
Musavat.com-un məlumatına görə, nazir deyib ki, tarixi vəzifələr borclanmaya müraciət edilmədən, ölkənin öz resursları hesabına həyata keçirilib:
“Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ötən illərdə əldə olunmuş iqtisadi nəticələr ölkəmiz qarşısında duran tarixi vəzifələrin həllinə yönəldilib: müdafiə qabiliyyətimiz gücləndirilib, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılıb, böyük miqyaslı sosial paketlər reallaşıb və əhalinin rifahı yüksəlib. Ən mühüm məqam ondan ibarətdir ki, bu vəzifələr borclanmaya müraciət edilmədən, ölkənin öz resursları hesabına həyata keçirilib”.
İqtisadiyyat naziri qeyd edib ki, ÜDM-in artımı qeyri-neft-qaz sektoru hesabına təmin olunub:
“Möhtərəm Prezidentimizin siyasi iradəsinin və müəyyən etdiyi inkişaf kursunun nəticəsi olaraq iqtisadiyyatın neft-qaz sektorundan asılılığı ardıcıl olaraq azalır. Son illərdə olduğu kimi, cari ilin 10 ayında da ÜDM-in artımı bütövlükdə qeyri-neft-qaz sektoru hesabına təmin olunub”.
Mikayıl Cabbarov əlavə edib ki, büdcə gəlirlərində qeyri-neft-qaz daxilolmalarının payı 55 faizi ötüb:
“İqtisadiyyatın neft-qaz sektorundan asılılığı ardıcıl olaraq azalır. Qeyri-neft-qaz sektorunun ÜDM-in nominal həcmində payı 2025-ci ildə 71,5 faizə çatıb. Dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz daxilolmalarının payı 2021-ci ildə 49 faiz təşkil edirdisə, cari ilin 10 ayında artıq 55 faizi ötüb. Büdcənin qeyri-neft-qaz gəlirlərinin 63 faizdən çoxu qeyri-neft-qaz sektorundan daxil olan vergilər hesabına formalaşır”.
Nazir bildirib ki, büdcənin qeyri-neft-qaz daxilolmaları 2021-ci ildə 12,9 milyard manat, 2026-cı il büdcəsində isə 22,2 milyard manat olub:
“Dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz daxilolmalarının payı 2021-ci ildə 49 faiz təşkil edirdisə, cari ilin 10 ayında artıq 55 faizi ötüb. Mütləq rəqəmlər ilə ifadə etsək, artım daha da önəmlidir. Belə ki, bu göstərici 2021-ci ildə 12,9 milyard manat təşkil edib. 2026-cı ilin təsdiq olunmuş büdcəsi üzrə 22,2 milyard manatdır. Büdcənin qeyri-neft-qaz gəlirlərinin 63 faizdən çoxu qeyri-neft-qaz sektorundan daxil olan vergilər hesabına formalaşır”.
M.Cabbarov vurğulayıb ki, Azərbaycan şirkətləri beynəlxalq bazarlara çıxır, gəlir bazası şaxələnir:
“Hazırda Azərbaycan şirkətləri beynəlxalq bazarlara çıxır, xaricdə aktivlər əldə edir və bu aktivlər əlavə gəlir mənbəyinə çevrilir. Bu, ölkənin gəlir bazasının mənbələrinin şaxələndirilməsi deməkdir”.
İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət şirkətlərinin büdcə üçün gəlir mənbəyinə çevrildiyini də vurğulayıb:
“Dövlət şirkətlərinin fəaliyyətində mühüm keyfiyyət dəyişikliyi baş verib. Bu gün bir sıra dövlət şirkətlərinin səmərəli fəaliyyəti, o cümlədən büdcəyə dividend daxilolmaları aparılan islahatların nəticəsidir. 2020-ci ildən etibarən cənab Prezidentin təşəbbüsü ilə dövlət şirkətlərinin sağlamlaşdırılması siyasəti həyata keçirilir. Holdinq idarəetmə modelinə keçid — Azərbaycan İnvestisiya Holdinqinin və AZCON-un yaradılması, korporativ idarəetmə standartlarının tətbiqi və digər institusional addımlar nəticəsində dövlət şirkətləri büdcə üçün gəlir mənbəyinə çevrilməkdədir”.

