Bir təyinatın sirri – Azərbaycan diaspor fəaliyyətini gücləndirir

Bir təyinatın sirri – Azərbaycan diaspor fəaliyyətini gücləndirir

Diasporla İş üzrə Dövlət Komitəsində sədr müavinlərinin sayı artırılıb. Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb. Fərmana əsasən, komitə sədrinin müavinlərinin sayı ikidən üçə çatdırılıb. Beləliklə, komitə sədrinin birinci müavini də nəzərə alınmaqla, müavinlərin ümumi sayı dörd olacaq.
Qeyd edək ki, indiyədək komitə sədrinin bir birinci müavini və iki müavini olub. Onlar Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.
Komitə sədrinin müavinləri onlara sədr tərəfindən həvalə olunan vəzifələri yerinə yetirir və bu vəzifələrin icrasına görə şəxsən məsuliyyət daşıyırlar.

Picture backgroundSədr müavinlərinin sayının artırılması Azərbaycanın diaspor siyasətində qarşıya qoyulan yeni vəzifələrlə əlaqəli ola bilər. Müasir dövrdə xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, milli maraqların beynəlxalq platformalarda müdafiəsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və diaspor təşkilatları arasında koordinasiyanın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Xüsusilə informasiya müharibələrinin intensivləşdiyi, beynəlxalq ictimai rəy uğrunda rəqabətin artdığı bir şəraitdə diaspor fəaliyyəti xarici siyasətin mühüm istiqamətlərindən birinə çevrilir. Müavinlərin sayının artırılması komitənin fəaliyyət istiqamətləri üzrə idarəetmənin genişləndirilməsinə və iş bölgüsünün təkmilləşdirilməsinə xidmət edə bilər. Bununla belə, əsas məsələ yeni struktur imkanlarının real nəticələrə, xaricdəki azərbaycanlıların daha fəal təşkilatlanmasına və Azərbaycanın milli maraqlarının daha effektiv müdafiəsinə çevrilməsidir.

Picture backgroundHüquq müdafiəçisi Novella Cəfəroğlu Musavat.com-a bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsində sədr müavinlərinin sayının artırılması ilk baxışdan idarəetmə strukturunda texniki dəyişiklik kimi görünə bilər. Lakin bu qərarı Azərbaycanın xarici siyasət prioritetləri, beynəlxalq informasiya mühiti və xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması kontekstində qiymətləndirmək daha doğru olardı: “Bu dəyişiklik Azərbaycanın diaspor siyasətinə daha geniş idarəetmə və koordinasiya imkanları qazandıra bilər. Çünki müasir dövrdə diaspor fəaliyyəti artıq yalnız milli-mədəni tədbirlərin təşkili və xaricdəki soydaşlarımızla əlaqələrin saxlanılması ilə məhdudlaşmır. Diaspor təşkilatları beynəlxalq ictimai rəyin formalaşmasında, ölkənin mövqeyinin xarici auditoriyalara çatdırılmasında və milli maraqların müdafiəsində də iştirak edirlər. Diaspor siyasəti müasir zamanda daha böyük əhəmiyyət daşıyır. Dünya siyasətində diaspor amili getdikcə daha çox ön plana çıxır. ABŞ, Türkiyə, İsrail, Hindistan, Çin və digər dövlətlər xaricdə yaşayan vətəndaşlarının və tarixi icmalarının potensialından müxtəlif istiqamətlərdə istifadə edirlər. Azərbaycan üçün də bu məsələ xüsusi əhəmiyyət daşıyır. Bu gün qarşıda daha geniş vəzifələr dayanır. Xaricdə yaşayan azərbaycanlıların hüquq və maraqlarının müdafiəsi. Beynəlxalq təşkilatlarda və siyasi institutlarda Azərbaycanla bağlı obyektiv məlumatların yayılması. Xarici ölkələrin parlamentləri, universitetləri, media qurumları və ictimai təşkilatları ilə əlaqələrin genişləndirilməsi. Gənc nəslin milli kimliyinin və Azərbaycan dili ilə bağlılığının qorunması. Xaricdəki azərbaycanlı sahibkarların, alimlərin və mütəxəssislərin potensialının ölkənin inkişafına cəlb edilməsi. Dövlət Komitəsinin əsasnaməsində də diasporun təşkilatlanması, soydaşlarımızın hüquqlarının müdafiəsi, milli-mədəni dəyərlərin qorunması və beynəlxalq əməkdaşlıq əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib”.

Etibar Seyidağa,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir