20 Noyabr – Ağdam Şəhəri Günü

20 Noyabr – Ağdam Şəhəri Günü

Ağdam Qarabağın qədim tarixə, zəngin mədəniyyətə və böyük iqtisadi potensiala malik şəhərlərindən biridir. Şəhərin adı ilə bağlı müxtəlif fikirlər mövcuddur. Ehtimallardan birinə görə, qədim türk dilində “kiçik qala” mənasını verən “Ağdam” sözü bu ərazidə yaşayan türkdilli tayfaların müdafiə məqsədilə inşa etdikləri qalalarla əlaqələndirilir. Digər izaha əsasən, XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın burada ağ daşdan imarət tikdirməsi şəhərin adının formalaşmasına təsir göstərmişdir. Ağdam rayonu 1930-cu ildə yaradılmış, Qarabağın mərkəzi hissəsində, Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində yerləşmişdir. Rayonun ümumi sahəsi 1094 kvadratkilometrdir.

Ağdam ərazisində aparılmış arxeoloji qazıntılar bu torpağın qədim yaşayış məskənlərindən biri olduğunu təsdiqləyir. Tədqiqatlar zamanı insanların burada minilliklər əvvəl məskunlaşdığı, əkinçilik və maldarlıqla məşğul olduğu müəyyən edilmişdir. Üzərriktəpədə aşkar olunan maddi-mədəniyyət nümunələri isə Ağdamın Qafqazın qədim şəhər tipli yaşayış məskənlərindən biri olduğunu göstərir. Bu baxımdan rayon yalnız tarixi deyil, həm də elmi və arxeoloji əhəmiyyətə malikdir.

Təəssüf ki, Ağdamın zəngin tarixi və mədəni irsi Ermənistanın hərbi təcavüzü nəticəsində ağır zərbəyə məruz qalmışdır. 42 gün davam edən döyüşlərdən sonra 1993-cü il iyulun 23-də rayon ərazisinin 73 faizi işğal edilmişdir. Nəticədə 1094 kvadratkilometr ərazinin 882 kvadratkilometri, rayon mərkəzi və 90 kənd düşmən nəzarətinə keçmiş, 128 min sakin doğma yurdunu tərk etmək məcburiyyətində qalmışdır. Döyüşlər zamanı 6 mindən çox insan şəhid olmuş, minlərlə insan yaralanmışdır. Rayonun 74 məktəbi, 271 mədəniyyət evi, 38 kolxozu, 12 sənaye obyekti, Çörək muzeyi və digər sosial-mədəni obyektləri dağıdılmış və talan edilmişdir.

1993-cü il iyulun 29-da BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 853 saylı qətnamədə işğalçı qüvvələrin Ağdamdan və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunsa da, Ermənistan bu beynəlxalq çağırışlara məhəl qoymamışdır. İşğal dövründə şəhərin tarixi abidələri dağıdılmış, dini və mədəni irsi təhqir edilmiş, yaşayış evləri və digər mülkiyyət talan olunmuşdur. Ağdam uzun illər erməni vandalizminin və dağıntıların simvoluna çevrilərək “Qafqazın Xirosiması” adını almışdır.

Azərbaycan Ordusunun 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi Zəfər Ağdamın da azad olunmasına yol açdı. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam rayonunun işğal altında olan əraziləri Azərbaycana qaytarıldı. Beləliklə, şəhərin azad olunması ilə yeni quruculuq və inkişaf mərhələsinin əsası qoyuldu. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi və 5 790 hərbi qulluqçu bu medalla təltif olundu. Dövlət başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 noyabr Ağdam şəhəri günü kimi təsis edildi.

İşğaldan sonra Ağdamın yenidən qurulması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. 2022-ci il avqustun 16-da şəhərin 2040-cı ilədək inkişafına dair Baş plan təsdiq olundu. Bu, işğaldan azad edilmiş şəhərlər arasında təsdiqlənən ilk Baş plan idi. Sənədə əsasən, Ağdamın müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması və gələcəkdə burada 100 min nəfərin yaşaması nəzərdə tutulur. Şəhərdə beş yaşayış məhəlləsinin salınması planlaşdırılıb, onlardan ikisi artıq istifadəyə verilib, digərlərində isə tikinti işləri davam edir. Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərinin birinci mərhələləri tamamlanaraq sakinlərin istifadəsinə verilib, bir sıra digər kəndlərdə də tikinti işləri aparılır.

Ağdamın iqtisadi potensialının bərpasında Sənaye Parkı xüsusi əhəmiyyət daşıyır. 2021-ci il mayın 28-də Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan və 190 hektar ərazini əhatə edən park Qarabağda sənaye istehsalının inkişafına, sahibkarlığın genişlənməsinə və yeni iş yerlərinin açılmasına xidmət edir. Hazırda burada 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Fəaliyyətdə olan müəssisələr və davam edən layihələr nəticəsində yüzlərlə insan daimi işlə təmin olunub. 2026-cı il noyabrın 7-də də Ağdamda yeni ortopedik döşək və metal məmulatları istehsalı müəssisələri istifadəyə verilib.

Şəhərin sosial və nəqliyyat infrastrukturu da sürətlə inkişaf etdirilir. 2025-ci il mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi istifadəyə verilib. Müasir standartlara uyğun inşa olunan kompleks gündəlik minlərlə sərnişinə xidmət göstərmək imkanına malikdir. Həmin gün Ağdam Muğam Mərkəzinin də açılışı olub. 474 yerlik konsert zalı, 15 dərs otağı və 615 nəfərlik açıq amfiteatrı olan mərkəz Qarabağın musiqi ənənələrinin yaşadılması və muğam sənətinin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bundan başqa, Ağdamda yeni məktəblər, uşaq bağçaları, xəstəxana, inzibati binalar, parklar və digər sosial obyektlər inşa edilir. Turizm imkanlarının genişləndirilməsi məqsədilə “Aghdam City Hotel” və “Hilton Garden Inn Agdam” hotelləri də istifadəyə verilib.

Prezident İlham Əliyevin Ağdama mütəmadi səfərləri şəhərin bərpası prosesinə xüsusi diqqətin göstəricisidir. Dövlət başçısının 2020–2026-cı illərdə həyata keçirdiyi səfərlər zamanı yeni yaşayış komplekslərinin, sənaye müəssisələrinin, yolların, təhsil və mədəniyyət obyektlərinin təməli qoyulmuş, çoxsaylı layihələrin açılışı həyata keçirilmişdir. 2026-cı il noyabrın 7-də Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanışlıq, yeni istehsal müəssisələrinin açılışı və sənaye obyektlərində görülən işlərlə tanışlıq şəhərin inkişafının ardıcıl şəkildə davam etdiyini bir daha nümayiş etdirmişdir.

2026-cı ilin noyabr ayına olan məlumata görə, Ağdam şəhərində və Xıdırlı, Kəngərli, Sarıcalı kəndlərində ümumilikdə 2146 ailə olmaqla 8300 nəfər məskunlaşıb. Bu rəqəmlər Böyük Qayıdış proqramının real nəticələrini əks etdirir. Vaxtilə doğma yurdlarından didərgin düşmüş sakinlər bu gün öz evlərinə qayıdır, yeni Ağdamın qurulmasında iştirak edirlər.

Bu gün Ağdam dağıntıların deyil, yenidənqurmanın, tərəqqinin və qayıdışın rəmzinə çevrilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı layihələr nəticəsində şəhərin tarixi şöhrəti bərpa olunur, Qarabağın iqtisadi, mədəni və sosial həyatında mövqeyi yenidən möhkəmlənir. Ağdamın azad edilməsi hərbi və siyasi Zəfərimizin mühüm nəticələrindən biri olmaqla yanaşı, Azərbaycan xalqının öz doğma torpaqlarına qayıdış əzminin təntənəsidir.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir