Prezident İlham Əliyev 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə müsahibə verib. Müsahibədə dövlət başçısı Azərbaycan ilə Vyetnam arasında dostluq münasibətlərinin tarixi, siyasi və iqtisadi əlaqələrin mövcud vəziyyəti, enerji, nəqliyyat, humanitar və mədəni sahələrdə əməkdaşlıq, eləcə də gələcək inkişaf perspektivləri barədə fikirlərini bölüşüb. Müsahibədən əsas məqamları təqdim edirik:
“Azərbaycan ilə Vyetnam arasında münasibətlər uzun illərə söykənən dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında formalaşıb. Bu əlaqələrin əsası 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri ilə qoyulub. İki ölkə arasındakı əməkdaşlığın inkişafında Ümummilli Lider Heydər Əliyevin də mühüm xidmətləri olub. Onun 1983-cü ildə Sovet nümayəndə heyətinə rəhbərlik edərək Vyetnama səfər etməsi və səfərin müddətini səkkiz günə qədər uzadaraq ölkənin müxtəlif bölgələrini əhatə etməsi əməkdaşlığın genişlənməsinə əhəmiyyətli töhfə verib.
Müstəqillik dövründə də bu dostluq münasibətləri davamlı inkişaf edib. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri və 2015-ci ildə Vyetnam Prezidentinin Azərbaycana cavab səfəri əlaqələrin möhkəmlənməsində mühüm rol oynayıb. Münasibətlərdə yeni mərhələ 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri ilə başlayıb. Səfər zamanı Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb və bununla da ikitərəfli əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib.
Hazırda siyasi dialoq hökumətlərarası komissiyalar, parlamentlərarası dostluq qrupları, dövlət qurumları, eləcə də hakim partiyalar – Yeni Azərbaycan Partiyası və Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq vasitəsilə davam etdirilir. Ölkələrimiz BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı fəaliyyət göstərirlər.
İqtisadi-ticari əlaqələr də inkişaf edir. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Energetika sahəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı sahələrində birgə fəaliyyət üçün imkanlar yaradır.
Vyetnam şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağı da artır. Tikinti, infrastruktur və bərpaolunan enerji layihələrində iştirak etmək niyyətində olan “ROX Group” bunun nümunəsidir. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində şirkətlə müvafiq sənədlər imzalanıb.
Nəqliyyat və tranzit sahəsində də müsbət dinamika müşahidə olunur. 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımalarının həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olub. Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə əlverişli mövqeyi Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün yeni imkanlar açır.
Humanitar əməkdaşlıq xalqlarımızı birləşdirən mühüm istiqamətlərdəndir. Heydər Əliyev Fondu Vyetnamda təhsil və sosial infrastruktur layihələrinin həyata keçirilməsinə, dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verir. Fondun dəstəyi ilə Ha Giang əyalətində ibtidai məktəb tikilib, müxtəlif təhsil təşəbbüsləri dəstəklənib. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri zamanı dövlət rəsmiləri, yaradıcı ziyalılar və Azərbaycan universitetlərinin vyetnamlı məzunları ilə görüşlər keçirilib, Hanoy Ticarət və Turizm Kollecinə maliyyə dəstəyi göstərilib.
Elm və təhsil sahəsində əməkdaşlıq zəngin tarixi ənənələrə əsaslanır. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşı Azərbaycanda təhsil alıb. Bu gün də universitetlər arasında tərəfdaşlıq əlaqələri genişlənir, vyetnamlı tələbələr Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış təhsil qrantlarından yararlanmaq imkanına malikdirlər. 2025-ci ildə To Lamın iştirakı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılması tarixi dostluğun rəmzi kimi xüsusi əhəmiyyət daşıyır.
Mədəni əlaqələr də xalqlarımızın yaxınlaşmasında mühüm rol oynayır. 2026-cı ildə Azərbaycanda keçirilən Vyetnam Günləri festivalı ilk dəfə Bakı və Qəbələ şəhərlərini əhatə edib. Vyetnam şairi Mai Van Phanın “Gün doğarkən” şeirlər toplusunun Azərbaycanda nəşri də mədəni əməkdaşlığın nümunəsidir. Bu əlaqələrin tarixi kökləri daha qədimdir. Bəstəkar Qara Qarayev 1955-ci ildə “Vyetnam süitası”nı yaradıb, rejissor Əjdər İbrahimov isə 1959–1962-ci illərdə Vyetnamda çalışaraq milli kino sənətinin inkişafına töhfə verib. Onun “Vyetnamda gördüklərim” kitabının bu il Hanoyda təqdim olunması da bu dostluğun davamlılığını göstərir.
Azərbaycan Vyetnamda baş vermiş təbii fəlakətlər zamanı da dost ölkəyə dəstəyini əsirgəməyib. 2024-cü ildə “Yaqi” fırtınasının, 2025-ci ildə isə genişmiqyaslı daşqınların nəticələrinin aradan qaldırılması üçün ölkəmiz tərəfindən maliyyə yardımı göstərilib.”
Prezident İlham Əliyevin müsahibəsində qeyd olunduğu kimi, Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən dövlətlərdən biri, Azərbaycan isə Cənubi Qafqazın mühüm energetika və logistika mərkəzidir. Hər iki ölkənin iqtisadi, sənaye, enerji və nəqliyyat potensialı əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanlar yaradır. Dövlət başçısının qeyd etdiyi kimi, dost Vyetnama qarşıdakı səfər ikitərəfli münasibətlərin möhkəmlənməsinə, yeni birgə layihələrin həyata keçirilməsinə və xalqlarımızın rifahına xidmət edən tərəfdaşlığın dərinləşməsinə mühüm töhfə verəcək.
