400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfər məsuliyyətə cəlb olunub. Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi birgə məlumat yayıb.
Məlumata görə, “Giləzi-Quşçuluq Aqrar-Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin saxlama anbarlarında etiketlərində göstərilən yararlılıq müddəti bitmiş və korlanma əlamətləri müşahidə olunan toyuq əti məhsullarının Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aşkar edilməsi faktı üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İstintaqla müəyyən edilib ki, cəmiyyətə faktiki rəhbərlik edən Mahir Mirzəyev, direktor Elşən Usubov və kəsim sexinin müdiri Nazim Məmmədov qabaqcadan əlbir olaraq insan həyatı və sağlamlığı üçün təhlükəli, 400 tondan artıq toyuq əti məhsulunu yararlı məhsullarla birlikdə satış məqsədilə saxlayıblar. Onlar Cinayət Məcəlləsinin 200-3.2.2, 200-3.2.3 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Bəs bu hadisə qida təhlükəsizliyi sahəsindəki problemlərin nə dərəcədə ciddi olduğunu göstərir? İstehlakçıları təhlükəli məhsullardan qorumaq üçün hansı addımlar atılmalıdır?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, hadisə ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Onun sözlərinə görə, məlumat yayılandan sonra çoxsaylı istehlakçılar ona müraciət ediblər.
“Prokurorluğun məlumatını mən də oxumuşam. Əlbəttə, dövlət orqanlarının belə halları aşkarlaması müsbət addımdır. Lakin istehlakçıların əsas sualı budur: əgər həmin məhsullar təhlükəli idisə, niyə satışa çıxarılan zaman aşkarlanmayıb? Nə üçün anbar mərhələsində üzə çıxıb? Hesab edirəm ki, bu məsələdə qərəzlilik şübhələrinin yaranmaması üçün nəzarət mexanizmləri şəffaf olmalıdır”, – deyə o bildirib.
E.Hüseynov qeyd edib ki, illər ərzində sözügedən müəssisə ilə bağlı ona şikayət daxil olmayıb. O, eyni zamanda, böyük yumurta istehsalçısı olan müəssisənin fəaliyyətinin dayanmasının bazara və məhsul qiymətlərinə təsir göstərə biləcəyindən narahatlıq ifadə edən istehlakçıların da olduğunu vurğulayıb. Birlik sədri 400 tondan artıq məhsulun məhv edilməsi prosesinin də şəffaf aparılmasının vacibliyini diqqətə çatdırıb:
“400 ton çox böyük rəqəmdir. İstehlakçılar həmin məhsulların necə məhv ediləcəyini bilmək istəyirlər. Əgər onlar utilizasiya olunacaqsa, yaxud heyvan yeminə çevriləcəksə, bu barədə ictimaiyyətə geniş məlumat verilməlidir. Biz biznes qurumlarının çökməsinin tərəfdarı deyilik. Çünki son nəticədə bunun əziyyətini istehlakçılar çəkə bilər”.
E.Hüseynov hesab edir ki, belə faktlar xüsusilə satış şəbəkələrində vaxtında aşkarlanmalı, nəzarət və şəffaflıq gücləndirilməlidir.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə isə baş verənləri ciddi təhlükə kimi qiymətləndirib. O bildirib ki, 400 tondan artıq yararsız toyuq ətinin satış məqsədilə saxlanılması minlərlə insanın sağlamlığı üçün risk yarada bilər: “Bu faktı aşkar edən Baş Prokurorluğa və Qida Təhlükəsizliyi Agentliyinə təşəkkürümü bildirirəm. Ancaq sual yaranır: bu, ilk və sonuncu belə hadisə olacaqmı? Təəssüf ki, mövcud vəziyyət bunun əksini göstərir”, – deyə hüquqşünas bildirib. Ç.Qənizadənin sözlərinə görə, bəzi marketlərdə, o cümlədən böyük ticarət şəbəkələrində yararlılıq müddəti bitmiş məhsulların etiketlərinin dəyişdirilərək yenidən satışa çıxarılması ilə bağlı faktlar var. Sosial şəbəkələrdə yayılan görüntülər də bu narahatlığı artırır.
O hesab edir ki, qida təhlükəsizliyi sahəsində mübarizə yalnız hüquq-mühafizə orqanlarının cinayət işləri açması ilə məhdudlaşmamalıdır. Qida Təhlükəsizliyi Agentliyinin nəzarət imkanlarının genişləndirilməsinə, xüsusilə qəfil yoxlamaların gücləndirilməsinə ehtiyac var.
“Yoxlamaların aparılması üçün əvvəlcədən müəyyən prosedurlardan keçmək, icazələr almaq tələb olunur. Biz də bu istiqamətdə şikayət etmişik və faktın yoxlanılması zamanı ciddi çətinliklərlə üzləşmişik”, – deyə Ç.Qənizadə qeyd edib.
Hüquqşünas hesab edir ki, qida təhlükəsizliyi qaydalarını pozan sahibkarlara qarşı məsuliyyət tədbirləri də sərtləşdirilməlidir.
“İnsan sağlamlığı üçün təhlükə yaradan, yararlılıq müddəti bitmiş məhsulların satışına görə məsuliyyət çəkindirici olmalıdır. Cəza sisteminə yenidən baxılmasına ehtiyac var. Yararsız, standartlara cavab verməyən, keyfiyyətsiz məhsulların satışına görə Cinayət Məcəlləsində nəzərdə tutulan məsuliyyətin yetərincə çəkindirici olmadığını düşünürəm. Sahibkarlar hesab edirlər ki, belə əməllərə yol verdikdən sonra inzibati cərimələrlə və ya yüngül cəzalarla məsuliyyətdən yayına biləcəklər”.

Ç.Qənizadə ictimai nəzarətin gücləndirilməsini də vacib sayır.
Onun fikrincə, vətəndaşlar belə hallarla qarşılaşdıqda faktları sənədləşdirməli, görüntüləri ictimailəşdirməli və aidiyyəti qurumlara müraciət etməlidirlər. Bununla yanaşı, ictimai nəzarətdən sui-istifadə edərək sahibkarlardan pul tələb edilməsi kimi hallara da yol verilməməlidir. Hüquqşünasın qənaətinə görə, qida təhlükəsizliyinin təmin olunması üçün qəfil yoxlamalar, ictimai nəzarət, maarifləndirmə və qanun pozuntularına görə real məsuliyyət tədbirləri paralel şəkildə gücləndirilməlidir.
Şahanə Rəhimli
Musavat.com

