Yeni geosiyasi reallıqlar Azərbaycanın qlobal diplomatiya gündəliyini daha da zənginləşdirir – TƏHLİL

Yeni geosiyasi reallıqlar Azərbaycanın qlobal diplomatiya gündəliyini daha da zənginləşdirir – TƏHLİL

Dövlətimizin başçısı İlham Əliyevin xarici səfərlərinin geniş coğrafiyası və intensivliyi, eləcə də ölkəmizin yüksəksəviyyəli beynəlxalq görüşlər üçün mühüm dialoq məkanına çevrilməsi bunun  təsdiqidir

Azərbaycanın xarici siyasət kursu çevikliyi və milli maraqlara söykənən prinsipial mövqeyi ilə beynəlxalq müstəvidə xüsusi diqqət mərkəzindədir. Son 6 ilin ən mühüm tarixi-siyasi reallıqlarından biri məhz 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərimizin, eləcə də ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının yaratdığı yeni şərait əsasında həm regionda, həm də qlobal siyasətdə mühüm dəyişikliklərin baş verməsidir. Yeni dünya nizamının formalaşdığı, beynəlxalq münasibətlər sistemində güc balansının yenidən qurulduğu hazırkı mürəkkəb dövrdə Azərbaycanın regional və qlobal proseslərdə söz sahibliyi, diplomatik çəkisi və strateji mövqeyi daha da möhkəmlənir.  Bunun təsdiqi kimi təkcə son həftələrdə dövlətimizin başçısı İlham Əliyevin xarici ölkələrə intensiv səfərlərinin coğrafiyasına və dinamikasına, eyni zamanda,  Azərbaycanın həm dövlət və hökumət başçıları, həm də yüksəksəviyyəli diplomatik nümayəndə heyətlərinin görüşləri  üçün mühüm dialoq məkanına çevrilməsinə diqqət yetirmək kifayətdir. Bütün bunlar  Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların və rəsmi Bakının yürütdüyü uzaqgörən siyasətin məntiqi nəticəsidir.

Bu gün Azərbaycan yalnız öz maraqlarını qətiyyətlə müdafiə edən dövlət kimi deyil, həm də regionda davamlı sülhün, sabitliyin və çoxtərəfli yeni əməkdaşlıq gündəliyinin əsas müəllifi, təşəbbüskarı kimi beynəlxalq nüfuz qazanıb. Xüsusilə noyabr ayı ərzində Bakıya, eləcə də işğaldan azad edilmiş ərazilərimizə reallaşan ardıcıl və yüksəksəviyyəli səfərlər ölkəmizin artan beynəlxalq əhəmiyyətinin bariz göstəricisidir. Bu səfərlər Azərbaycanın təkcə Cənubi Qafqazın deyil, daha geniş Avrasiya məkanının regional təhlükəsizlik arxitekturasında, qlobal enerji təhlükəsizliyi, yaşıl enerjiyə keçid layihələrinin şaxələndirilməsində, həmçinin Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən əvəzolunmaz nəqliyyat-logistika habı kimi strateji mövqeyini bir daha nümayiş etdirir. Azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin xarici qonaqlar tərəfindən yaxından  izlənilməsi Azərbaycanın sülh quruculuğu və regional inteqrasiya istiqamətində atdığı real addımların beynəlxalq səviyyədə qəbul olunduğunu təsdiqləyir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə  Qarabağa, Füzuli və Şuşaya rəsmi səfəri iki qardaş ölkə arasındakı sarsılmaz müttəfiqliyi və bölgədəki təhlükəsizlik arxitekturasının dəyişməzliyini dünyaya nümayiş etdirdi. Monteneqronun Baş naziri Miloyko Spayiçin Bakıya səfəri və Prezident Yakov Milatoviçin 2027-ci il səfərinin anons edilməsi Azərbaycanın Balkan regionundakı investisiya və enerji layihələrinin genişləndiyini göstərir. Dövlət başçısı İlham Əliyev, həmçinin  İtaliyanın Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul etdi. Ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannaməyə diqqət yönəldilərək Azərbaycanla İtaliyanın möhkəm tərəfdaşlıq qurduqları, dostluğa əsaslanan əlaqələrimizin uğurla inkişaf etdiyi vurğulandı. Prezident İlham Əliyev İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloninin ölkəmizə uğurlu səfərini xatırladaraq, həmin səfər çərçivəsində siyasi sahədə qarşılıqlı fəaliyyət, iqtisadiyyat, ticarət və ikitərəfli gündəlikdə duran digər məsələlərlə bağlı səmərəli müzakirələrin aparıldığını bildirdi. İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana, cənab İlham Əliyevin İtaliyaya səfərləri xüsusi vurğulanaraq bütün bunların əlaqələrimizin inkişafına mühüm töhfə verdiyi qeyd olundu. İtaliya enerji sahəsində Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ölkəmizin İtaliyanın enerji bazarına daxil olması, orada neft emalı müəssisələri və yanacaqdoldurma məntəqələri əldə etməsi görüşdə əsas diqqət yetirilən məsələlər sırasında idi. Prezident İlham Əliyev əlaqələrimizin təhsil sahəsini də əhatə etdiyini önə çəkərək, İtaliya dövlətinin başçısının iştirakı ilə Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışını xatırlatdı. Antonio Tayani isə Azərbaycanın İtaliya üçün regional sabitlik baxımından çox əhəmiyyətli ölkə olduğunu, rəsmi Romanın Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO münasibətlərinin inkişafına töhfə verməyə hazır olduğunu qeyd etdi.

Görüşlər zamanı səsləndirilən bu fikirlər Azərbaycana beynəlxalq baxışın nə qədər yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir. Azərbaycanın sabitlik diyarı kimi tanınması, malik olduğu iqtisadi imkanlardan və yerləşdiyi coğrafi məkandan səmərəli istifadə edərək həm ənənəvi tərəfdaşları ilə əlaqələrini yeni istiqamətlər üzrə inkişaf etdirməsi, həm də yeni körpülər qurmaqda davam etməsi ölkəmizin əməkdaşlıq məkanı kimi qazandığı mövqeyə daim yeniliklər gətirir. Cənab İlham Əliyevin çıxışlarında da “Biz yeni körpülər qururuq” çağırışı xüsusi yer tutur və Azərbaycan nadir əməkdaşlıq modelini dünyaya təqdim edir.

İtaliya, Litva və Estoniya xarici işlər nazirlərinin Bakıya səfərləri Avropa İttifaqı ölkələrinin Azərbaycanla dialoqa verdiyi önəmi bir daha təsdiqləyir. Avropa İttifaqı ilə qarşılıqlı hörmət və maraq prinsipləri əsasında münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir. Azərbaycan 1996-cı ildən Aİ ilə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi, 2004-cü ildən Avropa Qonşuluq Siyasəti, 2009-cu ildən isə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq edir. Bu çoxşaxəli əməkdaşlıq siyasi, iqtisadi, multikulturalizm, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat və sosial müdafiə kimi geniş sahələri əhatə edir. Bu gün Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ölkə iqtisadiyyatına investisiya yatıran xarici dövlətlər arasında Aİ ölkələri üstünlük təşkil edir. Azərbaycanın Aİ-yə üzv 10 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri imzalaması ölkəmizin qurum üzvlərinin üçdəbirindən çoxu ilə strateji tərəfdaşlıq formatı yaratdığını göstərir. Artıq dünyanın mühüm qaz ixracatçısına çevrilən Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təchizatının şaxələndirilməsində əsas rol oynayır. Eyni zamanda, tərəflər arasında bərpaolunan enerji mənbələri üzrə əməkdaşlıq genişləndirilir. Xəzər dənizinin külək enerjisi potensialının Qara dəniz sualtı kabeli vasitəsilə Avropa bazarlarına ötürülməsi uzunmüddətli əməkdaşlığın əsas hədəflərindən biridir.

Azərbaycan-Avropa İttifaqı münasibətlərindəki dinamika qurum rəsmilərinin ölkəmizə ardıcıl səfərlərində də öz təsdiqini tapır. Belə ki Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın mart, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın may və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iyul aylarında ölkəmizə reallaşan səfərləri tərəfdaşlığın dərinləşdirilməsinə yönəlmiş qarşılıqlı iradəni əks etdirir. Səfər zamanı Ursula Fon der Lyayen Cənubi Qafqazın Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən mühüm kəsişmə olduğunu və Azərbaycanın burada əsas rol oynadığını vurğulamışdır. Prezident İlham Əliyev isə mətbuata bəyanatında xarici ticarətimizin 40 faizdən çoxunun Aİ üzv dövlətləri ilə aparıldığını, eləcə də Aİ-nin Cənubi Qafqazdakı ticarətinin təxminən 70 faizinin məhz Azərbaycanın payına düşdüyünü diqqətə çatdırmışdır. Bu gün 3500 kilometrlik vahid boru kəməri sistemi – Cənub Qaz Dəhlizi təbii qazın Azərbaycandan Avropaya nəqlində əsas arteriya hesab edilir.

Son həftələrdə ölkəmizə səfərlər sırasında Gürcüstanın  Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilinin və   Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvilinin Bakı səfəri də xüsusi qeyd edilməlidir. Dövlət başçısı İlham Əliyev ilə görüşlərdə xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinə əsaslanan Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının inkişafı müzakirə olundu. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində əldə olunmuş nailiyyətlərin Gürcüstan tərəfindən alqışlandığı qeyd edildi.  Görüşlərdə Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin artması, eləcə də Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi və Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan elektrik xətti layihəsinin önəmi vurğulandı.

Bu sırada Prezident İlham Əliyevin ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullin ilə görüşü də mühüm yer tutur. Dövlətimizin başçısı 2026-cı ilin Azərbaycan-ABŞ əlaqələri üçün tarixi əhəmiyyət kəsb etdiyini bildirərək, ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə səfərini və bu çərçivədə “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasını münasibətlərimizin genişlənməsinə mühüm töhfə kimi dəyərləndirdi. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin ən yüksək səviyyəyə qalxmasında və 2025-ci ilin avqustunda keçirilən Vaşinqton Sammiti nəticəsində regionda sülhün təmin edilməsində Prezident Donald Trampın səylərini yüksək qiymətləndirdi. Markveyn Mullin isə TRIPP layihəsinin əhəmiyyətinə toxunaraq, bu dəhlizin tam şəkildə işə düşməsinin Azərbaycanla Ermənistan, eyni zamanda regionlar arasında bağlantıların və iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcəyini vurğuladı.

Reallıq budur ki, hazırda Azərbaycan-ABŞ əlaqələri praktik və nəticəyə hesablanmış istiqamətdə inkişaf edir. Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında qarşılıqlı anlaşma və əməkdaşlıq iki ölkənin strateji tərəfdaşlığı üçün güclü zəmin yaradır. Enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi əməkdaşlıq və terrorizmə qarşı mübarizə sahələrində ortaq maraqlar liderlər səviyyəsində aparılan dialoqun səmərəliliyini və gələcəyə yönəlmiş mahiyyətini bir daha təsdiqləyir. Donald Trampın birinci prezidentliyi dövründə formalaşan qarşılıqlı etimad bu gün ikitərəfli əlaqələrin yeni mərhələyə keçidi üçün əsaslı zəmin rolunu oynayır. Yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan-ABŞ əlaqələrinin bütün sahələrdə uğurlu inkişafı üçün böyük potensial mövcuddur. Donald Trampın Prezident seçilməsindən ötən dövrdə iki ölkənin münasibətlərində diqqət çəkən inkişaf gələcək barədə aydın təsəvvür yaradır. Dayanıqlı inkişafda, yeni əməkdaşlıq formatlarının yaradılmasında əsas amil sülhün, təhlükəsizliyin təmin edilməsidir ki, ABŞ Prezidenti Donald Trampın tarixi sülh razılaşmasının əldə edilməsində rolu özündə bütün məqamlar ehtiva edir. Tarixi sülh razılaşmasından sonra enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi əməkdaşlıq və terrorizmə qarşı mübarizə sahələrində ortaq maraqlar ikitərəfli strateji tərəfdaşlıq üçün güclü zəmin yaradır.

Qısa təhlil belə bir ümumiləşdirməyə əsas verir ki, Azərbaycan artıq təkcə regional proseslərin iştirakçısı deyil, həm də Avrasiya məkanında enerji, nəqliyyat və təhlükəsizlik gündəliyini formalaşdıran əsas aktorlardan biridir. Qarşılıqlı səfərlər, o cümlədən Prezident İlham Əliyevin İrlandiya və Vyetnama səfərləri Bakının həm Qərb, həm Asiya-Sakit okean regionu, həm də Türk dünyası ilə balanslaşdırılmış, praqmatik diplomatiyasının uğurla həyata keçirildiyini təsdiqləyir. Qarşılıqlı etimad mühitinin qorunmasını hər zaman əsas tutan Azərbaycan bundan sonra da yaratdığı yeni körpülərlə beynəlxalq əməkdaşlıq məkanı kimi mövqeyini möhkəmləndirməyə davam edəcəkdir.

Yeganə Əliyeva, “İki sahil”

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir