Gürcüstanda surroqat analıq qadağası – Milli Məclis bu məsələni birdəfəlik bağlayarmı?

Gürcüstanda surroqat analıq qadağası – Milli Məclis bu məsələni birdəfəlik bağlayarmı?

Gürcüstanda reproduktiv sağlamlıq, süni mayalanma və xüsusilə surroqat analıq məsələsi yenidən ciddi müzakirə mövzusuna çevrilib. Hakim “Gürcü Arzusu” partiyası ölkədə surroqat analığın tamamilə qadağan edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayır. Təşəbbüsün elan olunması həm siyasi dairələrdə, həm tibb ictimaiyyətində, həm də cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Azərbaycanda surroqat ana olmaq üçün çoxlu müraciətlər var - EKSKLÜZİV |  Modern.az

Noyabrın 22-də hakim partiyanın parlament çoxluğunun iclasından sonra fraksiya lideri İrakli Kirtsxalia bildirib ki, surroqat analığın qadağan edilməsi barədə qərar qəbul olunub və müvafiq qanun layihəsi yaxın vaxtlarda parlamentə təqdim ediləcək. Onun sözlərinə görə, bu məsələdə Gürcüstan hökuməti və Pravoslav Kilsəsinin Patriarxlığı ilə məsləhətləşmələr aparılıb.

Hökumət təşəbbüsünü insan alveri, qadınların istismarı, uşaqların hüquqlarının pozulması və bu sahədə kommersiya maraqlarının genişlənməsi ilə əsaslandırır. Kirtsxalianın açıqlamasına görə, Gürcüstanda surroqat analıq xidmətlərindən istifadə edənlərin təxminən 98 faizi xarici vətəndaşlardır. Hakim partiya hesab edir ki, ölkədə doğulan uşaqların sonradan xaricə aparılması onların gələcək taleyinə nəzarəti çətinləşdirir. Gürcüstandakı hadisələr Azərbaycanda bir neçə il əvvəl yaşanan mübahisələri yenidən xatırladır. Milli Məclisdə “Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında” qanun layihəsi ətrafında uzun müddət müzakirələr aparılıb. Sənəddə süni mayalanma, donor istifadəsi, surroqat analıq və digər həssas məsələlərin hüquqi tənzimlənməsi nəzərdə tutulurdu. Lakin layihə dini və ictimai etirazlarla qarşılaşdı. Xüsusilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin narahatlığı müzakirələrin gedişinə təsir göstərən amillərdən biri idi.

2013-cü ildə süni mayalanma və surroqat analıqla bağlı müddəalar qanun layihəsindən çıxarılıb. Sonrakı illərdə isə bu mövzuya yenidən qayıdılıb. 2026-cı ilin sentyabrında məsələ yenidən gündəmə gələndə QMİ əvvəlki etiraz mövqeyinin qüvvədə qaldığını bəyan etdi. Qurumdan bildirilib ki, süni mayalanma və daşıyıcı analıqla bağlı şəriət baxımından formalaşdırılmış mövqedə dəyişiklik yoxdur. Eyni zamanda, yeni qanun layihəsinin hələ QMİ-yə təqdim edilmədiyi vurğulanıb.

Gürcüstan nümunəsi Azərbaycanda da yeni suallar doğurur: Azərbaycan da Gürcüstan kimi surroqat analığı qanunla qadağan etməyi, yaxud bu məsələni birdəfəlik qanunvericilik gündəmindən çıxarmağı seçə bilərmi?

Xatırladaq ki, xeyli müddətdir ki, azərbaycanlıların Gürcüstandan surroqat ana xidmətindən yararlanması barədə məlumatlar var. Belə ki, sosial şəbəkələrdə reklam olunan bu xidmətdə qeyd edilir: surroqat ana olmaq üçün qadın müvəqqəti olaraq Azərbaycanı tərk etməlidir. Yəni döllənmə, hamiləlik və doğuşun özü Tbilisidə baş verir. Başqasının uşağını daşıyan surroqat anaya hamiləliyin 35-ci həftəsindən sonra, yəni ölü doğum riski minimal olduqda ödəniş vəd edilir. Ödəniş isə 30-40 min manat hesablanır.

Həkim-ginekoloq Rəşad Sultan mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb. O bildirib ki, Azərbaycanda reproduktiv sağlamlıq haqqında qanun hələ qəbul edilməyib və bu sahədə hüquqi boşluqlar mövcuddur: “Azərbaycanda reproduktiv sağlamlıq haqqında qanun yoxdur, qanun layihəsi hazırlanır, amma heç cür qəbul olunmur. Bununla nə demək istəyirəm? Məsələ ondadır ki, bizdə belə bir prinsip var: bir şey qadağan olunmayıbsa, onu etmək olar. Azərbaycanda isə bu məsələlər, bir çox sahədə olduğu kimi, sanki öz axarı ilə gedir və elə öz axarı ilə həll olunur. Bu səbəbdən qadağan olunmadığı halda əməl edilmir, yəni insanlar risk etmirlər. Çünki birbaşa qanun olmasa da, bəzi məsələlər mövcud qanun və hüquq normaları ilə tənzimlənə bilir. Məsələn, Azərbaycanda donorluq, yəni pul müqabilində donorluq qadağandır. Buna görə də surroqat analıq, yumurta və sperma donasiyası da donorluq anlayışına aid edildiyindən qadağan oluna bilər. Azərbaycanda insan alveri də qadağandır. Surroqat analıq müəyyən mənada insan alverinə bənzəyir: bir qadın başqasına məxsus uşağı bətnində daşıyır, doğuşdan sonra uşağı həmin şəxsə verir və bunun müqabilində pul alır. Beləliklə, Azərbaycanda reproduktiv sağlamlıq haqqında qanun olmasa da, bu məsələlər başqa qanunlarla qismən tənzimlənir”.

Ginekoloq Rəşad Sultan - YouTube 

Həkim qeyd edib ki, Azərbaycanda surroqat analıq həyata keçirilmir: “Gürcüstanda bu prosedurdan yararlananların 98 faizinin əcnəbilər olduğu deyilir. Həmin əcnəbilər arasında azərbaycanlıların da böyük payı var. Yəni Azərbaycandan çox sayda insan surroqat analıq üçün Gürcüstana gedir. Yəni Azərbaycanda bu barədə qanun yoxdur ki, sonradan həmin qanundan çıxarılsın. Tam əksinə, qanun qəbul edilməlidir. Bunun yaxşı və ya pis olması məsələsi deyil, fərqli baxış bucaqları var. Amma bu sahə qanunla tənzimlənməli, havada qalmamalıdır. Məsələ təkcə surroqat analıqdan ibarət deyil, bu sahədə çoxsaylı məsələlər var. Bunların hamısı qanunla tənzimlənsə, alan da razı, satan da razı olar. Bu, həmin prinsipdən irəli gəlir. Eyni zamanda, bu qeyri-müəyyənlikdən həm prosedurdan yararlanmaq istəyənlər, həm də onu həyata keçirənlər xilas olar. Həkimlər işlərinin hüquqi çərçivəsini bilər, bu proseduru etdirmək istəyən pasiyentlər də nəyin mümkün, nəyin qadağan olduğunu anlayarlar. Hansı yanaşmanın doğru, hansının yanlış olması, surroqat analığın olub-olmaması isə başqa söhbətin mövzusudur. Qanunun qəbul edilməsinin əsas səbəblərindən biri də məhz bu kimi sualların cavabsız qalmasıdır. Müzakirələr fərqli baxış bucaqları üzündən uzanır. Bir tərəfdən insan alveri və pul müqabilində donorluq məsələsi var, digər tərəfdən isə uşaq sahibi olmaq istəyən ailələrin həsrəti. İnsan bəzən bilmir, hansı tərəfdə dayanmalı, nəyi dəstəkləməlidir. Mənə görə, insan uşaq sahibi olmadan da yaşaya bilər, amma başqası üçün isə uşaq həyatın yeganə mənası ola bilər. İnsanların fikirləri, həyata baxışları fərqlidir. Ona görə də bu, çox uzun müzakirə tələb edən mövzudur”.

Afaq Mirayiq,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir