Sabah – avqustun 14-dən etibarən ölkəmizdə toy mövsümünə start verilir. Məhərrəm və Səfər ayları ilə əlaqədar olaraq təxminən iki aya yaxın müddətdə toy mərasimlərinə fasilə verildikdən sonra şadlıq saraylarında yenidən canlanma gözlənilir.
Artıq bir sıra şadlıq saraylarının menyu qiymətlərində müəyyən artımların müşahidə olunması da toy mövsümünün başlaması ilə bağlı xərclərin yenidən gündəmə gələcəyini göstərir. Toy mövsümü başlayanda isə ənənəvi olaraq təkcə qiymətlər deyil, dəbdəbəli toylar, təmtəraqlı süfrələr və israfçılıq məsələsi də müzakirə mövzusuna çevrilir.
Qeyd edək ki, son illərdə ayrı-ayrı bölgələrdə toy mərasimlərində israfçılığın azaldılması və daha sadə toy ənənəsinin formalaşdırılması istiqamətində nümunələrə rast gəlinir. Lakin bütün bunlara baxmayaraq, dəbdəbəli toy keçirmək ənənəsi hələ də cəmiyyətdə kifayət qədər güclüdür.
Bəs niyə insanlar toy mərasimlərini sadələşdirməkdən, süfrələri daha qənaətlə təşkil etməkdən imtina edirlər? Əsas səbəb nədir – adət-ənənə, cəmiyyətin təzyiqi, “el nə deyər?” düşüncəsi, yoxsa prestij yarışı?
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Musavat.com-a danışıb. Sosioloqun fikrincə, nu məsələ, əslində, cəmiyyətimizin sosial xarakteri ilə bağlıdır: “Bizdə mərasimlərin müəyyən hissəsi sosial auditoriyaya hesablanmış nümayiş xarakteri daşıyır. İnsanlar bəzən ailənin real imkanlarını nəzərə almadan, başqalarının nə deyəcəyini düşünərək daha təmtəraqlı toy keçirməyə çalışırlar. Bu isə nəticədə israfçılığa və ailə büdcəsinə ciddi yükə çevrilə bilir.
Xüsusilə “qonşudan geri qalma” düşüncəsi insanları belə mərasimlərə sövq edən amillərdən biridir. İnsanlar “filankəs necə toy etdi”, “nə qədər təmtəraqlı mərasim keçirdi” kimi yanaşmaların təsiri altında öz imkanlarından daha böyük xərclərə gedirlər. Nəticədə isə toy başa çatdıqdan sonra maddi çətinliklər, peşmançılıq, hətta ailədaxili və qudalararası konfliktlər yarana bilir.
Halbuki ailənin xoşbəxtliyi təmtəraqlı toyun keçirilməsindən asılı deyil. Əsas olan sevgi, qarşılıqlı hörmət və anlayış üzərində sağlam ailə təməlinin qurulmasıdır. Toy bir gün davam edir, ailə həyatı isə illərlə davam etməlidir.
Təəssüf ki, təmtəraqlı mərasimlərə maraq artıq müəyyən sosial davranış modelinə çevrilib. Bu yanaşmanı dəyişmək üçün cəmiyyətə yaxşı nümunələr göstərilməlidir. Xüsusilə imkanlı və vəzifəli şəxslərin daha sadə, mütənasib mərasimlər keçirməsi mühüm rol oynaya bilər. İnsanlar görməlidirlər ki, böyük imkanlara sahib olan şəxslər belə toylarını təmtəraqsız keçirirlər”.
Sosioloq vurğulayıb ki, bu cur nümunələr artdıqca, daha sadə toy modelinin cəmiyyətdə qəbul olunması və tədricən sosial normaya çevrilməsi mümkündür: “Necə ki, yas mərasimlərində sadəliyə üstünlük verilməsi ilə bağlı müəyyən nümunələr formalaşıb, toy mərasimlərində də oxşar yanaşma tətbiq oluna bilər.
Adət-ənənə ilə bağlı yanaşmalar da burada müəyyən rol oynayır. Cəmiyyətdə “qoy desinlər ki, filankəs təmtəraqlı toy keçirdi” düşüncəsi hələ də mövcuddur. Halbuki dini dəyərlərimizdə də xoş günlərin mütləq israf və təmtəraqla keçirilməsi tələb olunmur. Əksinə, sadəlik və təvazökarlıq daha məqbul yanaşmadır. Ona görə də təmtəraqlı toy ənənəsinin aradan qaldırılması üçün təkcə israfçılığı tənqid etmək kifayət deyil. Bunun əvəzinə cəmiyyətə real və nümunəvi alternativ göstərilməlidir. İmkanlı insanların sadə mərasimlər keçirməsi də bu baxımdan mühüm nümunə ola bilər. Beləliklə, “qonşudan geri qalma” düşüncəsinin yerini “imkanına uyğun, sadə və rahat toy” anlayışı tuta bilər”.
Xalidə Gəray,
Musavat.com

