“Uşağın çiyninə ideoloji mübarizə yükləməyin” – Deputatdan sərt xəbərdarlıq

“Uşağın çiyninə ideoloji mübarizə yükləməyin” – Deputatdan sərt xəbərdarlıq

“Məktəb uşağın gələcəyinin formalaşdığı məkandır. Onu dini, siyasi və ya ideoloji qarşıdurmaların meydanına çevirmək istəyənlər bir həqiqəti unutmamalıdırlar ki, məktəb eksperiment meydanı, uşaq isə ideoloji mübarizənin iştirakçısı deyil. Azərbaycan dünyəvi dövlətdir və bu prinsip kiminsə dini inancına qarşı deyil, hər kəsin hüquqlarının qorunmasına xidmət edir. Məktəbli forması ətrafında süni qarşıdurma yaratmaqla dünyəvilik prinsipini dini etiqad azadlığına qarşı qoymaq nə hüquqi, nə də mənəvi baxımdan düzgün yanaşmadır”.

Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

iskenderov.jpg (251 KB)

O bildirib ki, burada çox incə, eyni zamanda prinsipial məqam var:

“Dövlət vətəndaşın inancına deyil, təhsil müəssisəsində müəyyən edilmiş qaydalara münasibət bildirir. İnsanların dini etiqad azadlığı konstitusion hüquqdur. Amma bu hüquqla dövlət məktəblərində vahid geyim tələblərinin tətbiqi eyni müstəvidə qiymətləndirilməməlidir. Məktəbli forması dini mənsubiyyəti müəyyənləşdirmək üçün deyil, təhsil mühitində nizam-intizamı, bərabərliyi və vahid yanaşmanı təmin etmək üçün nəzərdə tutulub. Məsələnin digər tərəfi daha düşündürücüdür. Niyə bəzi hallarda adi inzibati qayda böyük ideoloji qarşıdurmaya çevrilir? Niyə uşağın təhsilindən daha çox onun geyimi üzərindən mübarizə aparılır? Görünür, bəzən mübahisənin mərkəzində məktəbli forması deyil, məktəb üzərində təsir imkanları dayanır. Uşağın gələcəyini düşünən onun hansı geyimdə məktəbə getməsindən əvvəl, məktəbdən hansı biliklə çıxacağını düşünməlidir”.

Deputat onu da diqqətə çatdırıb ki, Azərbaycan xalqının milli-mənəvi dəyərləri ilə dünyəvi dövlətçilik prinsipləri arasında ziddiyyət yoxdur:

“Əksinə, bizim tarixi üstünlüyümüz bu iki anlayışı bir-birinə qarşı qoymadan yaşatmağımızdır. Azərbaycan ailəsində inanca hörmət də var, elmə bağlılıq da, dövlətə sədaqət də. Bizə kənardan süni şəkildə təqdim edilən radikal modellərin milli dəyər adı altında cəmiyyətə qəbul etdirilməsi yolverilməzdir. Xüsusilə uşaqların dini və siyasi manipulyasiyalara cəlb edilməsi ehtimalına həssas yanaşılmalıdır. Uşağın dünyagörüşü qorxu, təzyiq və radikal çağırışlarla deyil, bilik, tərbiyə və sərbəst düşüncə ilə formalaşmalıdır. Heç bir ideoloji maraq uşağın təhsil hüququndan üstün tutula bilməz. Məktəblər ətrafında yaranan gərginliklərə xarici müdaxilə ehtimalları da diqqətlə araşdırılmalıdır. Lakin burada emosiyalar deyil, faktlar danışmalıdır. Hər etirazı xarici təxribat adlandırmaq nə qədər yanlış olardısa, mümkün təşkilatlanmış müdaxilə cəhdlərinə göz yummaq da bir o qədər təhlükəlidir. Hüquq-mühafizə orqanları konkret qanun pozuntularına hüquqi qiymət verməli, məktəb rəhbərlikləri isə valideynlərlə izahlı və sağlam dialoq qurmalıdır.

Mən hesab edirəm ki, dövlətin mövqeyi qətiyyətli, yanaşması isə ədalətli olmalıdır. Qaydalar hamıya eyni tətbiq edilməli, heç bir uşaq böyüklərin yaratdığı mübahisənin qurbanına çevrilməməlidir. Məktəbdə psixoloji təzyiqə, ayrı-seçkiliyə və ideoloji təbliğata yer olmamalıdır”.

Parlamentarinin sözlərinə görə, Azərbaycan məktəbinin qarşısında duran əsas vəzifə hansısa ideologiyanın davamçılarını deyil, müstəqil düşünən, savadlı, vətənpərvər və dövlətinə bağlı vətəndaşlar yetişdirməkdir:

“Unutmayaq ki, məktəbin qapısından içəri girən uşaq ilk növbədə şagirddir. Onun çiyninə böyüklərin siyasi və ideoloji mübarizəsini yükləmək olmaz. Məktəbə ideologiya deyil, elm daxil olmalıdır”.

Cavanşir Abbaslı
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir