Tovuzda dəm qazından zəhərlənmə ölümlə nəticələnib. Hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayon sakini, 1969-cu il təvəllüdlü Ş.Əmrahova yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır. Sumqayıtda isə 32 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb. Hadisə Yaşma bağları ərazisində yerləşən fərdi yaşayış evində qeydə alınıb. Məlumata görə, 1994-cü il təvəllüdlü Məzahir Zahid oğlu Mejdunov yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır. Həmçinin, Zaqatalada 14 yaşlı qız dəm qazından zəhərlənərək, vəfat edib.
Bəs qaz qızdırıcıları olan mənzillərdə yaşayan insanlar qış mövsümü ərəfəsində hansı ön tədbirləri görməlidir? İnsanlar nələrə diqqət etməlidir?
Kommunal xidmətlər üzrə mütəxəssis Nüsrət Qasımov Musavat.com-a bildirib ki, hər il payız mövsümü ərəfəsində qaz və tüstü bacalarının işlək vəziyyətdə olması, tüstünün düzgün xaric edilməsi yoxlanılmalıdır:
“Amma bunu mütəxəssislər etməlidir. Adi insanlar bunu edə bilməz. Tüstü bacasının yolunun bağlanması böyük təhlükə yaradır. Bu, böyük bir elmdir. Buna görə də qaz təchizatı idarələri, Fövqəladə Hallar Nazirliyi və yanğından mühafizə idarəsi əhali arasında müntəzəm maarifləndirmə işləri aparmalıdır. Qaz bacaları ildə dörd dəfə, hər rübdə bir dəfə, digər tüstü bacaları və cihazları isə mövsümdə iki dəfə – bir dəfə payızda, bir dəfə də yazda yoxlanılmalıdır. Bunu edən yoxdur. Maarifləndirmə aparılmalı, söhbətlər edilməli, qaz yoxlama işləri həyata keçirilməlidir”.
Nüsrət Qasımov bildirib ki, qazın təhlükəsizliyinin xüsusi standartları var: “Həmin standartlara riayət olunmalıdır. Hamam otağında tüstü bacası üçün nəzərdə tutulan məkanın ölçüsü 7,5 kubmetr olmalıdır. Bir metr, 2 metr 20 santimetr hündürlüyü və eni ilə uzunluğunun hasili 7,5 etməlidir. Buna riayət edən yoxdur.
Qaz cihazlarının quraşdırılması, qaz sisteminə əlavə edilməsi və konstruktiv dəyişikliklərin aparılması qəti surətdə qadağandır. Bu işlərin hamısı qaz təchizatı qurumları tərəfindən və ya onların iştirakı ilə lisenziyası, sertifikatı olan şəxslər tərəfindən görülməlidir”.
Mütəxəssis televiziya və digər media orqanlarının da bu məsələyə ciddi yanaşmalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, əhali arasında maarifləndirmə işləri gücləndirilməli, qaz təchizatı qurumları təhlükəsizliyin təmin olunması üçün sistemli tədbirlər görməlidir:
“Qaz strateji obyekt sayılır, yüksək təhlükə mənbəyidir və eyni zamanda həyat üçün vacib enerji resursudur. Qaz cihazlarından hər hansı sızma baş verirsə, bu, ilkin olaraq adətən hiss olunmur. Məhz buna görə dünyada qəbul olunmuş standartlara uyğun olaraq təbii qaza xüsusi iyverici maddə – odorant əlavə olunur. Qış aylarında hər kubmetr qaza təxminən 16 qram, yayda isə 8 qram odorant maddəsi qatılır. Bu maddə çürük yumurta qoxusuna bənzər iy yayır. Məqsəd odur ki, qaz sızması baş verərsə, insanlar bunu qoxudan dərhal hiss etsin və tədbir görə bilsinlər”.
Nüsrət Qasımov qaz sızması zamanı insanların yol verdiyi səhvlərdən danışaraq bildirib ki, belə hallarda ehtiyatsızlıq ağır nəticələrə səbəb ola bilər: “Əgər qaz qoxusu hiss edilirsə, ilk növbədə bütün qapı və pəncərələr açılmalı, otağın havası dəyişdirilməlidir. Bu anda ən çox edilən ölümcül səhvlərdən biri işıq yandırmaq, siqaret çəkmək və ya kibrit yandırmaqdır. Bu, qəti şəkildə qadağandır. Çünki qığılcım ən kiçik qaz konsentrasiyasını belə partlayışa səbəb edə bilər. Qapalı məkanda qazın konsentrasiyası ümumi həcmə görə cəmi 4-5 faiz həddinə çatdıqda artıq partlayış riski yüz faizə yaxınlaşır. Bu o deməkdir ki, heç bir səhlənkarlığa yol vermək olmaz, təhlükəsizlik tədbirləri dərhal görülməlidir”.
Nüsrət Qasımov evlərdə qaz detektorlarının quraşdırılmasının vacibliyini də qeyd edib: “Detektor nədir? Bu cihazın sensorları metan, etan, propan kimi yanar qazların buxarlarını hiss etdikdə səs siqnalı verir. Siqnal eşidildiyi an ev sakinləri dərhal başa düşürlər ki, sızma var və təhlükəsizlik tədbirləri görürlər. Lakin Azərbaycanda detektorun quraşdırılması məcburi deyil. Bu, çox böyük boşluqdur. Dünyanın əksər inkişaf etmiş ölkələrində qaz detektoru məcburi şəkildə quraşdırılır və rəsmi qurumlar tərəfindən nəzarət edilir. Zirzəmilər və yeraltı iş sahələri isə xüsusilə risklidir. Çünki küçələrin altında minlərlə kilometr qaz kəmərləri var və bu kəmərlərin istismar müddəti çox vaxt 30 ili keçir. 40-50 il nəzarətsiz qalmış kəmərlərdə sızma ehtimalı olduqca yüksəkdir. Yerin tərpənməsi və ya torpaq çökməsi də sızmanı artıran amildir. Bu səbəbdən zirzəmilərdə qazın olub-olmadığını yoxlayan detektorlar mütləq quraşdırılmalıdır”.
Nüsrət Qasımov dəm qazından zəhərlənmələrin əsas səbəblərindən birinin tüstü bacalarının düzgün quraşdırılmaması olduğunu da deyib.
Xalidə Gəray
Musavat.com

