Rusiyanın Sverdlovsk vilayətində oktyabrın 26-da yük qatarının 20 vaqonu relsdən çıxıb, yeddi sistern vaqonunda yanğın baş verib. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib. Qəzanın səbəbləri araşdırılır.
Azərbaycanda da dəmir yollarının təhlükəsizliyi məsələsi vaxtaşırı gündəmə gəlir. 2024-cü ilin iyulunda Siyəzən rayonunda Rusiyadan gələn yük qatarının üç vaqonu relsdən çıxaraq aşıb. Bu ilin avqustunda isə Tovuzdan Gürcüstana gedən yük qatarının bir vaqonunda yanğın baş verib.
Bəs Azərbaycanda dəmir yolu xətlərinin və yük vaqonlarının texniki vəziyyətinə necə nəzarət olunur? Qəzaların, xüsusilə təhlükəli yüklərin daşınması zamanı yanğın və digər fövqəladə halların qarşısını almaq üçün hansı tədbirlər görülür?

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, dünyanın müxtəlif dəmir yollarında qəzalar baş verir və onların səbəbləri fərqli ola bilər. Buna görə də hər bir hadisə ayrıca araşdırılmalıdır:
“Dünyanın müxtəlif dəmir yollarında qəzalar olur və qəzaların səbəbləri müxtəlif ola bilər. Bunların hamısı fərdi qaydada araşdırılmalıdır. Düşünürəm ki, hadisələr arasında birbaşa analogiyalar aparmaq doğru olmaz. Amma bu növ hallar baş verirsə, təhlükəsizlik məsələlərinə diqqətimizi daha da artırmalıyıq. Burada önəmli məsələlərdən biri də hadisələrin sayıdır. İl ərzində neçə belə hadisə baş verir? Ötən illə bu ilin göstəricilərini müqayisə etdikdə, bu cür hallar artıb, yoxsa azalıb? Bu məsələlərə baxmaq lazımdır. İstənilən halda, dəmir yolu xüsusi strateji sahədir. Burada yüklərin düzgün yüklənməsi və bərkidilməsi, yolların vəziyyəti, yükün növündən asılı olaraq daşınma prosedurlarına əməl edilməsi mühüm əhəmiyyət daşıyır. Söhbət təhlükəli yüklərdən gedirsə, onlar tamamilə fərqli tələblər və sənədləşmə əsasında, xüsusi rejimlə daşınır. Bu zaman mümkün risklər əvvəlcədən proqnozlaşdırılır və onların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülür”.
Ekspert qeyd edib ki, hadisənin baş verib-verməməsindən asılı olmayaraq, dəmir yolunda yanğınsöndürmə xidməti fəaliyyət göstərir:
“Hər hansı hadisə baş verərsə, həmin xidmət dərhal reaksiya verir. Düşünürəm ki, yolların vəziyyətinə, yüklərin düzgün yüklənməsinə və dəmir yolunun nəzərdə tutulmuş yükdaşıma qabiliyyətinə uyğun yüklənməyə diqqəti artırmalıyıq. Digər məsələ isə odur ki, dəmir yolunda onsuz da inteqral diaqnostika qatarı var. Həmin qatar mütəmadi olaraq mövcud yolların vəziyyətini diaqnostika edir. Əldə olunan zəruri məlumatlar əsasında müvafiq qərarlar verilir. Azərbaycan ərazisindən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu da ölkənin müxtəlif istiqamətlərdə uzanan dəmir yollarının əhəmiyyətini artırır. Düşünürəm ki, bu amil həmin sahəyə diqqətin artırılmasını da şərtləndirir. Hər hansı hadisə baş verirsə, o təhlil edilməlidir. Nəticələrə əsasən, əgər müəyyən presedentlər və ya çatışmazlıqlar aşkar edilərsə, müvafiq təlimatlarda dəyişikliklər edilməli və təhlükəsizlik məsələlərinə diqqət artırılmalıdır”.
Afaq Mirayiq,
Musavat.com

