“Süni intellekt və sosial media real həqiqətin müəyyənləşdirilməsini çətinləşdirir”.
ARANTV.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.
Hikmət Hacıyev bildirib ki, dezinformasiya və misinformasiya yeni fenomen deyil. Onun sözlərinə görə, bu hallar hibrid strategiyanın tərkib hissəsinə çevrilir və beynəlxalq hüququn fundamental prinsipləri kontekstində nəzərdən keçirilməlidir.
Prezidentin köməkçisi qeyd edib ki, beynəlxalq hüquqda dövlətlərin daxili işlərinə müdaxilə etməmək prinsipi əvvəllər daha çox fiziki müdaxilə ilə əlaqələndirilirdi. Lakin hazırda fiziki müdaxilə olmadan da ölkələrin daxili işlərinə təsir göstərmək mümkündür.
Hacıyev Azərbaycana qarşı dezinformasiyanın qarşısının alınması istiqamətində müvafiq sistemin qurulduğunu vurğulayıb. O, CNN telekanalının ölkəyə qarşı yayımladığı xəbərlə bağlı beynəlxalq məhkəməyə müraciət etdiklərini də bildirib. Prezidentin köməkçisi habelə süni intellektin dezinformasiyanın yayılmasında roluna diqqət çəkərək, qlobal gündəmdə məlumatların yanlış təqdim edilməsinin də bu prosesə mənfi təsir göstərdiyini qeyd edib.

