Ən çox bahalaşan məhsullar AÇIQLANDI – DETALLAR

Ən çox bahalaşan məhsullar AÇIQLANDI – DETALLAR

Azərbaycanda inflyasiya və qiymət artımı əhalinin gündəlik xərclərinə təsir göstərməkdə davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk 10 ayında ölkədə orta illik inflyasiya 5,6 faiz təşkil edib. Eyni dövrdə iqtisadi artım 1,7 faiz olub. Rəsmi göstəricilər qiymət artımının davam etdiyini göstərsə də, vətəndaşlar xüsusilə ərzaq, kommunal xidmətlər və gündəlik tələbat mallarının bahalaşmasını daha çox hiss edirlər.

Bəs inflyasiya hansı məhsul və xidmətlərdə daha qabarıq özünü göstərir, mövcud qiymət artımı ailə büdcəsinə necə təsir edir?

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Musavat.com-a danışıb.

XALİD SON.png (554 KB)

O bildirib ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2026-cı ilin ilk 9 ayında ərzaq məhsulları qeyri-ərzaq məhsulları və xidmətlərlə müqayisədə daha çox bahalaşıb:

“İnflyasiyanın strukturunda ərzaq məhsulları daha böyük paya malikdir. İlk 9 ayda ərzaq məhsulları 6,9 faiz bahalaşıb. Ümumi inflyasiya göstəricisinin 5,6 faiz təşkil etməsinə baxmayaraq, ərzaq məhsullarının qiymət artımı bu göstəricidən daha yüksəkdir. İnflyasiya üç əsas komponentə bölünür: ərzaq məhsulları, qeyri-ərzaq məhsulları və xidmətlər. Bu üç istiqamət arasında ən çox bahalaşma ərzaq məhsullarında qeydə alınıb. Ona görə də əhalinin aztəminatlı təbəqəsi qiymət artımını daha çox hiss edir”.

İqtisadçı qeyd edib ki, ərzaq məhsulları üzrə qiymət artımına nəzər salınsa, ilk 9 ayda çörək və çörək məhsulları 3,8 faiz, ət və ət məhsulları 7,2 faiz, balıq məhsulları 8,5 faiz, süd məhsulları 7 faiz, kərə yağı, kərə və bitki yağları 3,4 faiz, meyvələr 8,1 faiz, tərəvəzlər 13,1 faiz, qənd, cem, bal və şokolad 4,4 faiz, çay, qəhvə və kakao 5,1 faiz, mineral sular və sərinləşdirici içkilər 3,9 faiz, araq və digər spirtli içkilər 8,9 faiz, tütün məhsulları isə 9,5 faiz bahalaşıb:

“Beləliklə, əsas ərzaq məhsulları üzrə qiymət artımının hansı səviyyədə olduğunu görmək mümkündür. Qeyri-ərzaq məhsullarında isə bahalaşma nisbətən aşağıdır. Bu kateqoriyada da həm qiyməti artan, həm də ucuzlaşan məhsullar var. Məsələn, ilk 9 ayda parçalar 6,6 faiz, mebel və ev əşyaları 4,9 faiz, geyim 3,5 faiz, inşaat materialları 3,2 faiz, oyuncaqlar isə 6,5 faiz bahalaşıb. Ayaqqabıların qiymətində isə 0,1 faiz ucuzlaşma qeydə alınıb. Ümumilikdə, qeyri-ərzaq məhsulları üzrə qiymət artımı ərzaq məhsulları ilə müqayisədə daha aşağı səviyyədədir”.

Afaq Mirayiq,
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir