Noyabrın 10-da Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə Üçüncü Komitənin (Sosial, Humanitar və Mədəniyyət Məsələləri) 41-ci plenar iclasında konsensusla qəbul edilib. Qətnaməyə müxtəlif regionları təmsil edən 63 üzv dövlət həmmüəllif qismində qoşulub.
Azərbaycan XİN-in məlumatına görə, Azərbaycanın ilk dəfə 2002-ci ildə Baş Assambleyanın 57-ci sessiyasında irəli sürdüyü və uzun illərdir davam etdirdiyi bu təşəbbüs itkin düşmüş şəxslərlə bağlı beynəlxalq humanitar hüquq, habelə müvafiq hallarda beynəlxalq insan hüquqları hüququ ilə tamamlanan öhdəlikləri bir daha təsdiq edir.
Qətnamədə silahlı münaqişə tərəfi olan dövlətlərə şəxslərin itkin düşməsinin qarşısını almaq və itkin düşmüş şəxslərin taleyini müəyyənləşdirmək məqsədilə bütün müvafiq tədbirləri görmək barədə çağırış vurğulanır.
Eyni zamanda, itkin düşmüş şəxslərlə bağlı halların cinayət əməli təşkil edən hərəkətlərlə əlaqəli olduğu xatırladılır və itkin düşmüş şəxslərlə bağlı beynəlxalq humanitar hüququn və beynəlxalq insan hüquqları hüququnun pozulmasına görə cəzasızlığa son qoyulmasının vacibliyi vurğulanır.
Qətnamədə dövlətlər itkin düşmüş şəxslərlə bağlı məsələlərin həllində, o cümlədən dəfn yerlərinin müəyyənləşdirilməsi, xəritələşdirilməsi və qorunub saxlanılması yolu ilə əməkdaşlığa çağırılır. Qətnamədə bu kontekstdə, ilk dəfə olaraq, fərdi, kollektiv və kütləvi məzarlıqlara açıq şəkildə istinad edilir.
Həmçinin, qətnaməyə sülh və sülh quruculuğu prosesləri kontekstində itkin düşmüş şəxslər məsələsinin həllinin əhəmiyyətini vurğulayan, onların taleyinin müəyyənləşdirilməsi məqsədilə bu məsələnin qeyd olunan proseslərə inteqrasiyasını təşviq edən yeni müddəalar da daxil edilib.
Qətnamədə, habelə minaların, müharibənin partlayıcı qalıqlarının və kustar üsulla hazırlanmış partlayıcı qurğuların itkin düşmüş şəxslərin olduğu yerin müəyyənləşdirilməsi istiqamətində səylərə maneə törətməsindən narahatlıq ifadə edilir.
Bundan əlavə, BMT Baş katibindən qətnamənin icrası ilə bağlı İnsan Hüquqları Şurasına və Baş Assambleyaya hərtərəfli hesabat təqdim etməsi sorğu olunur.
Qətnamədə müvafiq BMT qurumlarının və Baş Assambleyanın müşahidəçilərinin iştirakı ilə Baş Assambleyanın yüksək səviyyəli qeyri-rəsmi iclasının çağırılması və həmin iclasda BMT Baş katibi tərəfindən məruzə ilə çıxış edilməsi və ardınca interaktiv dialoqun keçirilməsi xahiş olunur.
“İtkin düşmüş şəxslər” adlı qətnamənin konsensusla qəbul edilməsi bu aktual humanitar problemin həlli ilə bağlı beynəlxalq ictimaiyyətin ortaq öhdəliyinə dair güclü bir mesajdır.

Hüquqşünas Polad Mehdiyev Musavat.com-a şərhində bildirib ki, BMT Baş Assambleyasının Üçüncü Komitəsində Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsinin konsensusla qəbul edilməsi ölkəmiz üçün mühüm siyasi və hüquqi uğurdur. Onun sözlərinə görə, 63 dövlətin qətnaməyə həmmüəllif olması Azərbaycanın bu məsələdə geniş beynəlxalq dəstək qazandığını göstərir:
“Qətnamənin əsas əhəmiyyəti itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinin yalnız humanitar məsələ deyil, həm də beynəlxalq hüquqi öhdəlik olduğunu bir daha təsdiqləməsidir. Xüsusilə kütləvi və fərdi məzarlıqların müəyyənləşdirilməsi, məlumatların mübadiləsi və hüquq pozuntularına görə cəzasızlığın aradan qaldırılması ilə bağlı müddəalar Azərbaycanın Ermənistan qarşısında irəli sürdüyü tələblərin hüquqi əsaslarını gücləndirir. Bu qətnamə həm də itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı məsələnin beynəlxalq səviyyədə daha fəal araşdırılmasına və mümkün hüquq pozuntularına görə məsuliyyət məsələsinin qaldırılmasına əlavə imkanlar yaradır.
Azərbaycan bu qətnamənin yaratdığı imkanlardan istifadə edərək Ermənistanın itkin düşmüş şəxslərlə bağlı arxiv sənədlərini, məzarlıqların yerlərini və digər məlumatları təqdim etməsi məsələsini beynəlxalq səviyyədə daha fəal qaldıra bilər. Bu istiqamətdə BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinin imkanlarından istifadə olunması, eləcə də Ermənistanın əməkdaşlıqdan yayınması hallarının konkret faktlarla BMT-nin müvafiq hesabatlarında əks etdirilməsi mühüm əhəmiyyət daşıyır. Qətnamə birbaşa hüquqi sanksiya nəzərdə tutmasa da, Azərbaycanın beynəlxalq hüquqi mövqeyini gücləndirir və Ermənistanın öz öhdəliklərini yerinə yetirməsi üçün əlavə diplomatik təsir imkanları yaradır”.
Nigar Həsənli
Musavat.com

