Nisyə mal verənlərin DİQQƏTİNƏ: yeni TƏLƏB gəlir…

Nisyə mal verənlərin DİQQƏTİNƏ: yeni TƏLƏB gəlir…

Nisyə mal satışı ilə məşğul olan şirkətlərə və fərdi sahibkarlara verilmiş kreditlər üzrə əlavə qiymətləndirmə meyarı müəyyən ediləcək. Bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımovun sentyabrın 15-də imzaladığı müvafiq qərar noyabrın 10-da qüvvəyə minib.

Yeni qərara əsasən, nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə verilmiş kredit üzrə həmin şəxslərin nisyə satış portfelinin ümumi həcmi və alıcılarının sayı barədə banka təqdim etdiyi məlumatlarla kredit bürolarına təqdim etdiyi müvafiq məlumatların bank tərəfindən müqayisəsi nəticəsində hər hansı göstərici üzrə uyğunluğun 90 faizdən az olduğu müəyyən edildikdə aktivlər qeyri-qənaətbəxş aktivlər kateqoriyasına aid ediləcək.

Belə ki, bank həmin şəxslərin nisyə satış portfelinin ümumi həcmi və alıcılarının sayı barədə təqdim etdiyi məlumatları kredit bürolarına verilən məlumatlarla müqayisə edəcək. Müqayisə zamanı bu göstəricilərdən hər hansı biri üzrə uyğunluğun 90 faizdən az olduğu müəyyən edilərsə, həmin kredit qeyri-qənaətbəxş aktiv kimi təsnifləşdiriləcək.

Qeyd edək ki, qayda həm hüquqi şəxslərə, həm də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərə verilən kreditlərə aiddir.

Bəs qərar hansı çətinliklərə yol aça bilər?

Kiçik lükslər stressi azaldır, sosial status hissini qoruyur" - Eyyub  Kərimli

İqtisadçı Eyyub Kərimli Musavat.com-a açıqlamasında bildirib ki, bu dəyişiklik sahibkarların kredit əldə etməsinə həm müsbət, həm də müəyyən məhdudlaşdırıcı təsirlər göstərə bilər: “İlk növbədə banklar sahibkarların real maliyyə vəziyyətini və kredit risklərini daha dəqiq qiymətləndirə biləcəklər. Bu isə nisyə satış bazarında uçotun şəffaflaşmasına, gizli borc öhdəliklərinin azalmasına və maliyyə intizamının güclənməsinə şərait yaradacaq.

Məsələn, sahibkarın nisyə satış portfeli 500 min manat olduğu halda, kredit bürosuna təqdim edilən məlumatlarda əhəmiyyətli fərq mövcuddursa, bank həmin sahibkarın maliyyə hesabatlarının etibarlılığını yenidən qiymətləndirməli olacaq. Hesab edirəm ki, qısamüddətli dövrdə bu dəyişiklik bəzi sahibkarların maliyyə resurslarına çıxışını çətinləşdirə bilər. Lakin uzunmüddətli perspektivdə nisyə satış bazarının şəffaflaşmasına, bankların problemli kredit risklərinin azalmasına və daha sağlam kredit münasibətlərinin formalaşmasına müsbət təsir göstərə bilər”.

Nigar Həsənli,
Musavat.com

 

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir