Ağdam Şəhər Günü-şanlı zəfərimizin əbədiləşdirilməsi

Ağdam Şəhər Günü-şanlı zəfərimizin əbədiləşdirilməsi

Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər nəticəsində 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli bəyanata uyğun olaraq, Ağdam rayonunun işğal altında olan hissəsi  bir güllə atılmadan, hərbi itki verilmədən Azərbaycana qaytarılıb. Prezident İlham Əliyevin sərəncamları ilə 20 Noyabr tarixi Ağdam Şəhəri Günü kimi qeyd olunur və “Ağdamın azad olunmasına görə” medalı təsis edilib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  5.790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur;

“Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən, kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, “ağ ev” deməkdir.

Azərbaycanın dilbər guşələrindən biri olan Ağdam rayonu və 90 kəndi  1993-cü il iyulun 23- də  Ermənistan ordusu tərəfindən işğal olundu. İşğal nəticəsində 128 min ağdamlı məcburi köçkün həyatını yaşamağa məcbur olub. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır. Təsadüfi deyil ki, Ağdam – Qafqazın Xirosiması adlandırılır. İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir.

Prezident, Ali Baş Komandan İlham Əliyev 2003- cü ildə ölkə başçısı seçilən zaman həmin il oktyabrın 31- də keçirilən andiçmə mərasimində verdiyi vədlərdən biri 17 il sonra həyata keçdi. Dövlətimizin başçısı andiçmə mərasimində qəti olaraq bildirmişdir ki, Azərbaycan heç vaxt ərazisinin işğal altında qalması ilə barışmayacaq.  Məcburi köçkün soydaşlarımız doğma ata- baba yurdlarına qayıdacaqlar. Bu fikir Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi və ölkənin ərazi bütövlüyünün bərpası ilə bağlı yürütdüyü dövlət siyasətinin əsas strateji xəttini təşkil edir. Dövlət başçısı bu mövqeyi həm torpaqların işğalda olduğu dövrdə beynəlxalq tribunalardan bəyan edib, həm də Vətən müharibəsindəki Qələbədən sonrakı çıxışlarında da xatırladıb.

1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul etməsinə baxmayarq, Ermənistan tərəfi bu qətnaməyə əhəmiyyət vermədi. Qətnamdə “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından da bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. Lakin Ermənistan tərəfi beynəlxalq qərarlara tabe olmaqdan yayındı. Üstəlik, işğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Bütün bunlar uzun davam edə bilməzdi. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuz 2020- ci ildə işğalçı Ermənistanın başladığı müharibəni 44 gün ərzində möhtəşəm Qələbə ilə başa vurdu.

2020-ci il noyabrın 23-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağdama səfər edib və  şəhərin mərkəzində Azərbaycan Bayrağını ucaldıb, həmçinin Ağdam Cümə məscidini ziyarət ediblər. Dövlətimizin başçısı Ağdamın mərkəzində Azərbaycanın üçrəngli bayrağını ucaldarkən qəti olaraq bildirib ki,  biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bəli, bu gün Ağdan sürətli inkişaf yoluna qədəm qoyub. Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdamda da geniş tikinti-quruculuq işləri həyata keçirilir. Xarabalıqlar üzərində yeni, müasir Ağdam qurulur, “Böyük Qayıdış” proqramı çərçivəsində Ağdam şəhəri və kəndləri yenidən tikilir. Ağdamda infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Ağdamda yenidənqurma, quruculuq və tikinti-bərpa işləri geniş vüsət alıb. Ağdamın əvvəlki şöhrəti sürətlə bərpa olunur.  Ağdam Sənaye Parkının yaradılması, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin, dünyaya səs salan Ağdam Muğam Mərkəzinin tikintisi, rayonda turizm və yol  infrastrukturunun  qurulması və digər abadlıq işləri dünya ictimaiyyətinin də diqqət mərkəzindədir.

Ağdam şəhərinin və kəndlərinin məskunlaşması davam edir. 2026-cı il noyabr ayına olan məlumata əsasən, Ağdam şəhərində 1002 ailə olmaqla 3604 nəfər, Xıdırlı kəndində 659 ailə olmaqla 2621 nəfər, Kəngərli kəndində 292 ailə olmaqla 1261 nəfər, Sarıcalı kəndində 193 ailə olmaqla 814 nəfər, ümumilikdə isə 2146 ailə olmaqla 8300 nəfər məskunlaşıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli Qərarı  ilə “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilmişdir. Ağdam şəhərinin Baş Planı bütün işğaldan azad edilmiş rayonların içərisində ən birinci təsdiqlənmişdir. Ağdam azad edilmiş ərazilərin ən böyük, Azərbaycanın isə dördüncü böyük şəhərinə çevriləcək. Burada 100 min nəfər əhalinin yaşayacağı planlaşdırılır. Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdamda da geniş tikinti-quruculuq işləri həyata keçirilir.

Çingiz Qənizadə: Beynəlxalq təşkilatlar Ermənistanın əsir götürdüyü Azərbaycan hərbçisinə qarşı işgəncələrə qəti mövqeyini bildirməlidirlər

Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri,
hüquq üzrə fəlsəfə doktoru

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir