27 il viran qaldı, indi milyardlar qazandırır – Ağdamın möhtəşəm dirçəlişi

27 il viran qaldı, indi milyardlar qazandırır – Ağdamın möhtəşəm dirçəlişi

20 Noyabr Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Ağdam Şəhəri Günü kimi qeyd olunur. 2020-ci il noyabrın 20-də Ağdam rayonu 27 illik işğaldan azad edildi və şəhərin tarixində yeni mərhələnin əsası qoyuldu.

Xatırladaq ki, Ağdam 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində rayonun ərazisinin 73 faizi düşmən nəzarətinə keçmiş, şəhər və kəndlər dağıdılmış, sakinlər doğma yurdlarını tərk etməyə məcbur olmuşdular.

Bir vaxtlar Qarabağın ən böyük və inkişaf etmiş şəhərlərindən biri olan Ağdam işğal illərində xarabalığa çevrildi. Yaşayış evləri, məktəblər, mədəniyyət ocaqları, tarixi və dini abidələr dağıdıldı. Ağdam məscidi isə şəhərin faciəli taleyinin ən ağrılı şahidlərindən biri olaraq qaldı.

Azərbaycan Ordusunun 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi Qələbədən sonra imzalanan üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarıldı. Beləliklə, 27 illik həsrətə son qoyuldu.

2023-cü il iyulun 31-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla 20 Noyabr Ağdam Şəhəri Günü elan edildi.

Bu gün Ağdamda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Yeni yaşayış məhəllələri, sosial obyektlər, yollar, istehsal müəssisələri inşa edilir. Ağdamın tarixi simasının bərpası, iqtisadi potensialının yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı istiqamətində mühüm addımlar atılır.

Altı il əvvəl işğaldan azad edilən Ağdam bu gün Azərbaycanın ən böyük bərpa və quruculuq layihələrinin həyata keçirildiyi ərazilərdən biridir. Bu istiqamətdə həyata keçirilən layihələr təkcə yaşayış evlərinin tikintisi ilə məhdudlaşmır. Ağdamda nəqliyyat, energetika, təhsil, səhiyyə, sənaye və digər sahələr üzrə müasir infrastruktur yaradılır.

Prezident İlham Əliyevin Böyük Qayıdış siyasəti çərçivəsində Ağdama keçmiş məcburi köçkünlərin qayıdışı 2025-ci il martın 27-də başlayıb. 2026-cı il noyabrın 19-na olan məlumata görə, artıq 8300 nəfər doğma yurduna qayıdıb.

Şəhərdə iqtisadi inkişafın təmin edilməsi üçün Ağdam Sənaye Parkında da layihələr həyata keçirilir. Yeni istehsal müəssisələrinin yaradılması bölgədə məşğulluğun artırılması və sahibkarlığın inkişafı baxımından əhəmiyyətlidir.

Millət vəkili, iqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə Zəfərdən sonra Ağdamın iqtisadiyyatı 8 dəfə böyüyüb.
“Ağdam rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 1.5 milyard manata çatır. Tikinti sektorunda isə 60 dəfədən çox artım qeydə alınıb. Bu isə birbaşa rayonun yenidən qurulması və böyük miqyaslı infrastruktur işlərinin aparılması ilə bağlıdır.

2025-ci ildə yalnız Ağdam rayonunda sənaye məhsulunun dəyəri 1 milyard 2 milyon manat təşkil edib ki, bu da 2024-cü ilə nisbətən 17 dəfə artım deməkdir. Kənd təsərrüfatında isə 2 dəfə artım qeydə alınıb. Ağdamda istehsal olunan müxtəlif sənaye və qeyri-neft məhsulları Gürcüstan, Moldova, Özbəkistan, Qazaxıstan və Rusiya daxil olmaqla geniş coğrafiyaya ixrac olunur

Ağdam rayonu yalnız Qarabağın deyil, bütövlükdə bölgənin əsas sənaye mərkəzlərindən birinə çevrilməkdədir. Rayonda istehsal edilən məhsullar tezliklə Avropa İttifaqı daxil olmaqla inkişaf etmiş dövlətlərə ixrac ediləcək”, deyə millət vəkili qeyd edib.

Bununla yanaşı, Ağdamın tarixi-mədəni irsinin bərpası da diqqət mərkəzindədir. Şəhərin simvollarından olan İmarət Kompleksinin bərpası, tarixi məkanların qorunması və mədəni həyatın yenidən canlandırılması Ağdamın əvvəlki şöhrətinin qaytarılması istiqamətində mühüm addımlardır.

Xalidə Gəray
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir