İndi yeni qaydalara sosial şəbəkələrdə əsas etiraz edənlər də onlardır…
İki gün öncə Operativ Qərargahın açıqladığı yeni qərarlar geniş müzakirələrə, bəzi narazılıqlara səbəb olub. Belə ki, qərara əsasən, bu ilin 1 sentyabr tarixindən etibarən: dövlət qurumlarının əməkdaşlarının, habelə müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVİD-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVİD-19-a qarşı immunitet sertifikatının olması tələb olunur:
-mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri;
– mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri;
Bu qərarın əlavəsində nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisələrin işçilərin COVİD-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının olması tələb olunan iş və xidmət sahələrinin siyahısı əlavə edilib.
Eyni zamanda ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVİD-19 pasportunun olması tələb olunur.
Bununla yanaşı, yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVİD-19 pasportu olduğu halda istifadə edə bilərlər: ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində.
Beləliklə, Operativ Qərargahın yeni qərarları bəzilərində belə təəssürat yaradıb ki, vaksinasiya könüllü deyil, artıq məcburi olub. Çünki sirr deyil ki, indi dünyanın bir çox ölkələri də bu cür qərarlar qəbul edib və buna bir sıra ölkələrdə açıq etirazlar var. Azərbaycanda da təəssüf bəzi vaksin dissidentlərinə rast gəlinir, onlar ya bu xəstəliyə ya inanmır, ya da israrla vaksinasiya olunmayacaqlarını deyirlər.
İndi sosial şəbəkələrdə əsas etiraz edənlər də onlardı. Həm Avropadakı, həm ölkəmizdəki “vaksin dissidentlərinin” etirazları nə qədər haqlıdır, onlar hüquqlarının pozulduğunu deyərək xəstəliklə mübarizəyə qoşulmurlar, hökumətin bu addımlarını boykot edirlər. Azərbaycanda da bu cür adamların aksiyalar keçirməsi nə dərəcədə gözləniləndir? Onlar bu cür qərardan sonra da israr edəcəklərmi?

Mərdan Əliyev
Mövzu ilə bağlı “Yeni Müsavat”a infeksionist-hepatoloq Mərdan Əliyev bildirib ki, hazırda dünyada və Azərbaycanda belə etiraz edənlər var. Vaksinasiya və karantin qaydaları ilə əlaqədar hətta Avropada küçələrə çıxaraq etiraz edirlər: “Burada əsas məsələ budur ki, vaksinasiya prosesi təbii ki, könüllü olmalıdır. Məcburi ola bilməz. Çünki insan vaksin vurdurmursa, ona vaksini məcburi şəkildə vurmaq olmaz. Bu, birmənalı olaraq belədir. Amma bu qaydalar da elə olmalıdır ki, insanların hüquqlarını pozmasın. Deyək ki, bizdə bildirirdilər ki, vaksin olunmayan şəxslər toylara buraxılmayacaq. Düşünmürəm ki, bu qərarla insanların hüququ pozulur. Onsuz da məcbur vurdurmurlar. Yalnız vurulmayacaqsa, toylara buraxılmayacağı deyilir. Çünki əgər vaksin vurulmayan şəxs toya buraxılarsa, toyda olan digər şəxslərin yoluxmasına səbəb ola bilər. Bir tərəfdən də toyda olan digər sağlam şəxslərin də hüququ pozulur. Ona görə də bu qərarın doğru olduğunu düşünürəm. Amma məsələyə başqa tərəfdən də baxa bilərik. Məsələn, vətəndaşa iş yerində, “vaksin vurulmayacaqsa, iş yerinə buraxılmayacaqsınız”, yaxud da “maaş verilməyəcək, pensiyalar kəsiləcək” deyilərsə, bu, təbii ki, onların hüququnun pozulması sayılır. Amma bu da şayiə kimi dolaşır, düşünmürəm ki, iş yerlərində kiməsə belə bir söz deyilsin. Düşünmürəm ki, Operativ Qərargahın verdiyi qərarlar insan hüquqlarını pozur. Dediyim kimi, vaksin könüllüdür, amma vaksin olunmayan şəxs iri ticarət mərkəzlərinə buraxılmayacaq. Yəni istəmirsən vaksin olunma, amma bu yerlərə buraxılmayacaqsan. Yəni bir müddət toylara, həmin yerlərə getməyəcəksən”.
Yeri gəlmişkən, ABŞ-ın yoluxucu xəstəliklər üzrə baş eksperti Antoni Fauçi ölkədə, xüsusilə də insanların “Delta” variantının sürətlə yayılmasına baxmayaraq, vaksin vurmağa müqavimət göstərdiyi ərazilərdə koronavirusa yoluxma hallarının artması ilə bağlı həyəcan təbili çalıb: “Biz yanlış istiqamətdə irəliləyirik,” Fauçi CNN-in “State of the Union” verilişində söyləyib. “Ölkə əhalisinin 50 faizinə vaksin vurulmayıb. Bu problemdir”, – o deyib. “Biz özümüzü təhlükəyə atırıq,” – deyə, Prezident Co Baydenin baş tibbi müşaviri bildirib.
Birləşmiş Ştatlarda xəstəxanaya yerləşdirilənlərin və ölənlərin sayı ötən qış ayında qeydə alınan pik göstəricilərdən xeyli aşağıdır. Lakin ölkədə vaksinlərlə, vaksinlərin təhlükəsizliyi ilə bağlı skeptisizmin və hökumətin vaksin olmaq təkliflərinə müqavimətin olduğu yerlərdə yeni yoluxma halları kəskin şəkildə artır.

Novella Cəfəroğlu
Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a mövzu ilə bağlı fikirlərini bildirib: “Kim xəstədirsə, onlara vaksin olunmağı məcbur etmək olmaz. Kimlərə ki, həkimlər tövsiyə etmir, əlbəttə, onlar vaksin vurdurmamalıdır. Amma mənim övladlarım İsraildə yaşayır, ən kiçik oğlum həkimdir. Oğlum da israrla mənə bildirdi ki, vaksin olunmaq mütləqdir. Düşünmədən vaksin olun. Bilirsiniz də, İsraildə tibb necə inkişaf edib. Hər məsələyə də çox diqqətlə yanaşırlar. İndi tutaq ki, bizdə 80 faiz insan vaksin olunub, 20 faiz olunmayıb. O 20 faiz insanda fəsadlar olacaqsa, digər adamları da yoluxduracaqlar. Vaksin olunmayanlar fikirləşməlidirlər ki, digərlərinin əksinə gedirlər. Əgər həmin 20 faiz deyirsə ki, onları məcbur edirlər, hüquqları pozulur. Vaksin olunan insanlar da hesab edirlər ki, 20 faiz insan onlara xəstəlik gətirə bilər. Onların da haqqı belə pozulur. Ola bilər, siz vaksinlərə inanmayasınız. Amma toplumun əksər hissəsi vaksin olunubsa, digər az qisim onların haqlarını pozmamalıdır. Əgər qapanmalar olacaqsa, əleyhinə getməməlidirlər. Bu dövlətdə yaşayırıqsa, onun qanunlarına da tabe olmalıyıq”.
Bu arada britaniyalı həkimlər son zamanlarda 40 yaşdan yuxarı peyvənd olunmamış xəstələr arasında koronavirusdan ölüm hallarının çoxaldığını bildiriblər. Bu günə qədər Britaniyada əhalinin təqribən 70 %-inə koronavirusa qarşı peyvənd vurulub. Həkimlərin sözlərinə görə, buna baxmayaraq ölüm nisbəti yüksək olaraq qalır: “Xəstəlik ən çox 40 yaşdan yuxarı peyvənd olunmayan insanlar arasında müşahidə edilir. Bundan əlavə, insanların təxminən 5 %-inin orqanizmi peyvəndə reaksiya vermir, 5 %-ində isə immunitetin kifayət qədər güclü olmadığı ortaya çıxıb”.
Gigiyena və Tropik Tibb Məktəbinin Yoluxucu xəstəliklərin riyazi modelləşdirilməsi Mərkəzinin professoru Con Edmunds qeyd edib ki, nə qədər peyvəndlənmə aparılsa da, onların arasında ölüm nisbəti yüksəkdir: “Bütün insanlara peyvənd vurulsa, daha az ölüm hallarının olacağını düşünürük”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
